“Rusiyanın Gömrük İttifaqı qurulmayacaq” - Vəfa Quluzadə
“Artıq Rusiyanın çökməsi barədə məsələlər rus hökuməti, iqtisadçıları, televiziyaları, mətbuatı tərəfindən müzakirə olunur”
25 Dekabr 2013 14:45 SiyasətRusiya prezidenti Vladimir Putinin "Rusiyanın əsas məqsədi Gömrük İttifaqının miqyasını genişləndirməkdir" açıqlamasına politoloq Vəfa Quluzadə "OLAYLAR" vasitəsilə aydınlıq gətirdi. Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Gömrük İttifaqı layihəsi baş tutmayacaq, çünki quruma daxil olan ölkələrin İttifaqla bağlı heç bir maraqları yoxdur. Həmin dövlətlərin Kremlin imperiya siyasətindən istifadə edərək Rusiyanın iqtisadi imkanlarından sui-istifadə etməyə çalışacaqlarını deyən politoloqun sözlərinə görə, məsələn, Ukrayna Gömrük İttifaqına getmək istəmir, amma Rusiya geosiyasi maraqlarına görə, bu ölkəyə külli miqdarda pul yatırmağı planlaşdırır. Rəsmi Kiyev isə Moskvanın təkliflərinə etiraz etmir. V.Quluzadə bildirdi ki, imperiya siyasəti Rusiyanı zəiflədir: "Həmçinin Ermənistan kimi yazıq ölkə Gömrük İttifaqı və Rusiyaya heç nə verə bilməz. Gömrük İttifaqını bu kontekstdə vaxtilə Kremlin ümidlə yaratdığı MDB-nin taleyi gözləyir. Çünki MDB tamam başqa məqsədlər üçün yaradılmışdı, amma Moskvanın gözləntilərinin əksinə olaraq qurum istənilən nəticəni vermədi". Rusiyanın həyata keçirdiyi geosiyasi layihələrə ABŞ-ın münasibəti məsələsinə toxunan V.Quluzadə qeyd etdi ki, Vaşinqton geosiyasi maraqlarının həyata keçirilməsində Moskva ilə hesablaşmır: "Rusiyanın ən tanınmış yazıçılarından biri olan Voynoviç bildirdi ki, federasiya böhrana doğru gedir. Rusiyanın dağılması mərhələsi başlayıb, federasiya bu istiqamətə doğru irəliləyir. Voynoviç Rusiyanın parçalanması təhlükəsindən narahat olduğunu vurğuladı. 18 il bundan qabaq bir fikir səsləndirdim ki, Rusiya dağılacaq. 1995-ci ildə Amerikada olarkən, mühazirə vaxtı da təkrarladım. Bu proqnozuma görə, Moskvada mənim haqqımda qəzetlərdə məqalələr çap olundu. Rus mətbuatı mənim fikirlərimi əsassız adlandırdı. Artıq Rusiyanın çökməsi barədə məsələlər rus hökuməti, iqtisadçıları, televiziyaları, mətbuatı tərəfindən müzakirə olunur. Rusiyanın dağılması çox uzaqda deyil". ("OLAYLAR" İA)