“Varşava bürosunun hesabatı Azərbaycanla bağlı geosiyasi marağını əks etdirir” - AÇIQLAMA
Zahid Oruc: “Hesabat ATƏTin Təsisatlar və İnsan Haqları Bürosu ilə Azərbaycan əlaqələrini ciddi şəkildə zədələyir”
25 Dekabr 2013 13:09 Siyasət"ATƏT-in Varşava bürosu mütəşəkkil və məqsədyönlü casus şəbəkəsi fəaliyyətini aparır. Azərbaycanda keçirilən prezident seçkisi ilə əlaqədar son yekun hesabatı da iddiaların təsdiq olunmasına şübhə yeri qoymur" - millət vəkili Zahid Oruc ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair qərəzli yekun rəyinə münasibət bildirərkən belə deyib. Rəy aparılan müşahidələrin yox, məqsədin, Azərbaycanı zəif salmağın, onu kənardan idarə etməyin ssenarisinə hesablanmış mövqedir - deyən Z.Oruc bildirdi ki, hesabatın bilavasitə seçkilərlə heç bir bağlılığı yoxdur. Millət vəklinin dediyinə görə, bəzi dairələr hesab edirdilər ki, 9 oktyabr prezident seçkisini Azərbaycanı ələ keçirmə mübarizəsinin tərkib hissəsinə çevirəcəklər. Lakin həmin qüvvələrin planı baş tutmadı. Z.Oruc vurğuladı ki, ona görə də istər ilkin, istərsə də ondan sonrakı hesabatlarında həmin tendensiya və təzyiqləri davam etdirirlər: "Büronun hesabatına əsasən guya onlar, seçki məntəqələrinin 5-də 1-də yəni ki, 1200-də müşahidə aparıblar. Amma məlum olur ki, 200-ə yaxşı şəxsin yayğın olaraq, ayrı-ayrı məntəqələrdə epizodik dayanmaları fonunda 1200 rəqəməni hərtərəfli şəkildə əhatə edə bilməzlər. Guya onlar seçki tədrisi və monitorinqlərinin resurslarına dayanaraq, belə bir mövqeyə çatdıqlarını iddia edirlər. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, həmin təşkilatın bütün ölkə miqyasında nəticələri əhatə etmək üçün insani qüvvəsi olmayıb. Əksər yerlərdə isə təmsil olunan təşkilat nümayəndələri seçkilərin nəticəsinə birmənalı olaraq müsbət mövqe göstəriblər. AŞPA və digər beynəlxalq qurumların göstərdikləri rəylərin görməməzlikdən gəlməyin, saymamazlığın özü də hamını düşünməyə vadar edir. Ən maraqlısı isə odur ki, seçkilərdə iştirak edən və nəticələrlə bağlı kəskin, radikal mövqe tutan Cəmil Həsənlinin söylədiyinə görə, ölkə miqyasında cəmi 2 min müşahidəçisi olub. Onların 70-80%-nin də seçkinin yekun rəyi üçün nəzərdə tutulmuş protokollarda imzaları var. Belə çıxır ki, ATƏT-in Varşava bürosu bizim müxalifətdən daha çox müxalifət missiyasını öz üzərinə götürüb. Bu büro partiya deyil, hərəkat deyil, onun Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparmağa ixtiyarı yoxdur. Göstərilmiş hesabat heç bir halda demokratiya, insan haqları, sərbəst toplaşmaq, siyasi azadlıqlar adına yox, qəti şəkildə geosiyasi maraq və pay ummaları üçündür. Hesabat ATƏTin Təsisatlar və İnsan Haqları Bürosu ilə Azərbaycan əlaqələrini ciddi şəkildə zədələyir. Azərbaycan dövləti həmin büro ilə əlaqələrini tamam dayandırmalıdır". ("OLAYLAR" İA)