“Kalaşnikovun avtomatı plagiat idi” - AÇIQLAMA
Ərəstun Oruclu: “Bu silahın kimin icadı olması isə bir o qədər də önəmli deyil”
24 Dekabr 2013 14:41 Siyasət"Stalinizmin yaratdığı daha bir mifik şəxs - Mixail Kalaşnikov 94 yaşında dünyasını dəyişdi. Amma o miflə bağlı olan acı reallıq - AK adlı ölüm maşını hələ xeyli yaşayacaq. Əlbəttə ki, söhbət məşhur Kalaşnikov avtomatından gedir" - "OLAYLAR"ın məlumatına görə "Şərq-Qərb"Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu "AK" avtomatının ixtiraçısı Mixail Kalaşnikovun ixtirasına münasibət bildirərkən belə deyib. Ə.Oruclunun sözlərinə görə, uzun illərdir ki, yüzlərlə mütəxəssis, alim, konstruktor, xəfiyyə 9 sinif təhsilli serjantın necə belə mükəmməl bir silah yaratmasının mümkünlüyü üzərində baş sındırır: "Yüzlərlə digərləri isə bunu heç ciddiyə də almır, çünki hesab edir ki, bu məşhur alman silah konstruktoru Hüqo Şmaysserin hələ 1942-ci ildə yaratmış olduğu "Stg-44"ün plagiatı olub. Bir çox araşdırmaçılar isə hətta iddia da edirlər ki, 1946-cı ildən etibarən Hüqo Şmaysserin özü də İjevskdəki silah zavodunda çalışıb və özünün Stg-44 silahının bazasında Kalaşnikovun məşhur "AK-47" avtomatının yaradılmasında bilavasitə iştirak edib. Hər halda, bəlli olan bir fakt var ortada: 1949-cu ildən etibarən dünyanın onlarla ölkəsinin ordularının, çeşidli terrorçu, quldur, qatil və qiyamçıların sevimlisinə çevrilən bu silah milyonlarla insanın həyatına son qoyub. Bu ölümlərin icra edildiyi silahın isə kimin icadı olması bir o qədər də önəmli deyil. Ən azı silahın qurbanı olanlar üçün". ("OLAYLAR" İA)