Türkiyə hadisələri: idarəetmədə ciddi boşluqlar var - POLİTOLOQ

Elman Nəsirov: “Son olaylar Avropa İttifaqı ilə münasibətlərdə də gərginlik yaradacaq”

Türkiyədə siyasi gərginlik davam edir. Hakim partiya ciddi sınaq qarşısındadır. Proses nə ilə sonuclanacaq? Müxalifət durumdan yararlana biləcəkmi?

Politoloq Elman Nəsirov "OLAYLAR"a açıqlamasında deyib ki, Türkiyədə baş verən hadisələr, yəni Türkiyə polisinin korrupsiya və rüşvət ittihamı ilə Türkiyənin həm siyasi, həm də biznes elitasına məxsus insanları həbs etməsi günorta çağında bir göy gurultusu effekti yaradıb: "Artıq bu hadisələrin dalğası ölkə hüdudlarını aşıb. Və təsadüfi deyil ki, ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğan məlum hadisələrdə həm daxili, həm də xarici amillərə diqqəti cəlb edib".

Politoloq son hadisələr siyasi idarəetmədə ciddi problemləri üzə çıxarıb: "Hökumətin bu hadisələrdən xəbərsiz olması Türkiyəni silkələyən əməliyyatın həyata keçirilməsi prosesində rəhbərliyin məlumatlandırılmaması çox biabırçı bir vəziyyət yaratdı və bu, həm də onu göstərir ki, ölkədə koordinasiya məsələlərində ciddi problemlər var. Eyni zamanda ayrıca bir faktor diqqəti cəlb edir və hadisələrin son gedişatı onu göstərir ki, Türkiyədə daha çox dini lider kimi tanınan və ABŞ-da yaşayan Fətullah Gülənə münasibətdə baş nazir çox kəskin mövqedə dayanır və eyni zamanda qarşı tərəf də türk iqtidarını sadəcə ittiham etməyib, hətta ona qarğışlar da yağdırıb. Eyni zamanda Türkiyənin baş nazirinin mövqeyinə görə bu məsələdə xarici ölkələrin səfirliklərinin də əli var. Onların bu məsələdən xəbərdar olmaları istisna deyil. Xüsusilə də Fətullah Gülənin tənqidi fonunda ABŞ səfirliyinə qarşı baş nazirin müəyyən ismarıclar göndərdiyi də bəllidir. ABŞ səfirliyi isə bununla bağlı artıq mövqeyini bildirib. O qeyd edib ki, onların qətiyyən bu hadisələrdən xəbəri yoxdur".

Politoloq baş verən hadisələri iqtidar üçün gözlənilməz sürpriz adlandırıb: "Bu hadisələr Türkiyənin bu günkü iqtidarı üçün gözlənilməz sürpriz oldu, eyni zamanda onun imicinə çox mənfi təsir göstərdi və nəzərə alsaq ki, qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, müxalifət seçkilər zamanı maksimum bu hadisədən faydalanmağa çalışacaq. Təsadüfi deyil ki, CHP-nin rəhbəri Kamal Kılıçdaroğlu artıq baş nazirin istefası tələbini qoyub". Elman Nəsirovun sözlərinə görə, baş verən hadiələr onu göstərir ki, bu hadisənin rezonansı daha çox uzaqlara gedir və hadisələr Avropa İttifaqı ilə də münasibətlərdə bir qədər gərginlik yaradacaq.  Çünki Avropa İttifaqı Türkiyəni öz sıralarına qatmamaqda daim bu kimi məsələləri xüsusilə də korrupsiya və rüşvət faktlarının ölkədə olması ilə bağlı ittihamlar irəli sürmüşdü.

Elman Nəsirov Avropa İttifaqı ilə yanaşı ABŞ-la da münasibətlərdə soyuqlaşma tendensiyaalrını istisna etmir: "Türkiyə parlamentinin Avropa işləri üzrə cavabdeh olan nazirin qovulması, onun ittiham edilməsi Avropa İttifaqı ilə də münasibətlərə soyuqluq gətirəcək, eyni zamanda ABŞ-la münasibətlərdə xoşagəlməz tendensiyalara səbəb ola bilər. Türkiyədə daxili proseslərdə hər şey gözlənildiyi qədər də sakit və sabit deyilmiş. Bu məsələlər üzə çıxdı. Eyni zamanda hakimiyyət ilə strukturlar arasındakı rabitənin əlaqələndirilmə səviyyəsinin elə də müfəssər olmadığını üzə çıxardı. Bunlar hamısı reallıqlardır. İqtidarın bu vəziyyətdən necə çıxacağı ilə bağlı suallara cavab vermək çətindir. Yalnız bir sözü demək asandır ki, iqtidar bu hadisələrin fonunda ciddi zərbə almış oldu".

Politoloq hesab edir ki, qarşıdakı seçkilərdə müxalifət bu hadisədən maksimum yararlanmağa çalışacaq: "Müxalifət partiyaları həm MHP, həm də CHP hesab edir ki, baş nazirin ətrafındakı insanların böyük korrupsiya əməliyyatında ittiham edilməsi və onların həbs olunması bir daha onu təsdiq edir ki, bu günkü iqtidarın hakimiyyətdə qalmaq haqı yoxdur və onlar da hökumətin istefasını tələb edirlər".

Politoloq Türkiyə iqtidarının böyük zəhmət qarşılığında öz mövqeyini neytrallaşdıra biləcəyini deyib: "Türkiyənin indiki iqtidarı son dərəcə böyük zəhmət çəkməlidir ki, onlara gözlənilmədən dəymiş bu zərbəni neytrallaşdıra bilsin. Bu vəziyyətdə ən böyük əziyyət baş nazirin üzərinə düşür. Və onun Samsundakı son çıxışı da bunu təsdiqlədi ki, hökumət son dərəcə ciddi işləməlidir və idarəetmədəki mövcud boşluqların aradan qaldırılması yolunda əməli addımlar atmalıdır. Əgər Türkiyədə baş vermiş bu hadisələr Türkiyə iqtidarının diktəsi ilə olsaydı, yəni Tükiyənin prezidenti, baş naziri, hakimiyyəti əmin olsa idilər ki, əhatələrindəki insanlar belə cinayətlərə əl atıblar və onu üzə çıxartsaydılar bu iqtidar üçün dividentlər gətirmiş olardı. Amma iqtidar deyəndə ki, bu hadisələrdən xəbəri yoxdur və hesab edirəm ki, bu heç də iqtidar üçün müsbət divident gətirmir Bu vəziyyətdən iqtidarın uğurla çıxması üçün onların son dərəcə ciddi cəhdlə çalışması və eyni zamanda bütün qaranlıq məqamlara aydınlıq gətirmələri lazımdır".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00