Azərbaycan və Ukrayna Rusiya üçün daha çox əhəmiyyət kəsb edir
Razi Nurulla: “Çünki Rusiya bu iki dövlətin sahib olduğu potensialın fərqindədir”
24 Dekabr 2013 14:26 SiyasətSon vaxtlar istər Ukrayna, istərsə də Cənubi Qafqaz regionunda baş verən proseslər Kremlin yeni taktika və planlar üzərində işləməsini zəruri edib. Xüsusilə, sadə ukraynalıların Qərbə meyllənməsi ilə barışa bilməyən Rusiya müəyyən şirnikləşdirici təkliflərlə yanaşı təzyiq vasitələrini də işə salır. Bəs görəsən Moskvanın maraqlar uğrunda mübarizəsi öz müsbət nəticəsini verəcəkmi?
"Region" Beynəlxalq Analitik Mərkəzinin sədri, politoloq Razi Nurulla hesab edir ki, Rusiya hazırda postsovet ölkələri uğrunda mübarizəsini davam etdirir. Politoloqun sözlərinə görə, Moksva SSRİ zamanında malik olduğu əzəməti geri qaytarmağa çalışır: "Amma, bu günün reallığı başqadır və Rusiya iqtisadi cəhətdən o qdəər də güclü ölkə deyil. Hazırkı addımları isə cığal uğağın hərəkətlərinə oxşayır. O keçmiş post-sovet ölkələrini məcbur edir ki, onu sevsinlər. Amma, unudur ki, zorla əmələ gələn sevgi bir gün qırılacaq. İnanılası deyil ki, nə Gömrük, nə də Avrasiya İttifaqı cəlb olunan ölkələrə yüksək texnologiyalar və rəqabət xarakterli iqtisadiyyatlar bəxş edə. Çünki iqtisadiyyat və siyasət güclü idarəetməyə, həm də demokratik, açıq və şəffaf idarəetməyə söykənir. Bunlar isə Rusiyada yoxdur". Razi Nurulla bildirir ki, bu gün Vladimir Putin nəinki Cənubi Qafqazda, o cümlədən bütün postsovet məkanında nüfuzunu bərpa etmək istəyir: "SSRİ-nin varisi sayılan Rusiya uzun illər bu ölkələrlə ciddi əməkdaşlıq edib və öz qlobal siyasətini bu dövlətlər üzərindən həyata keçirib. Bu gün sözügedən dövlətlər müstəqil olandan sonra, Rusiyanın qlobal aləmə həmin ölkələr üzərindən təsir göstərmək imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Rusiya soyuq müharibə dönəmindəki nüfuzunu qaytarmaq üçün müxtəlif vasitələrə əl atır. Həmin vasitələrdən də ən önəmlisi postsovet ölkələrini öz orbitinə qaytarmaqdır. Düzdür, Rusiya postsovet ölkələrindən Belarus və Ermənistanı öz orbitinə qaytara bilib. Eyni zamanda Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanla əməkdaşlığı var. Tam olmasa da hətta bu ölkələr üzərindən müxtəlif siyasətini də həyata keçirə bilir. Ancaq Azərbaycan və Ukrayna Rusiya üçün daha çox əhəmiyyət kəsb edir. Ukrayna Rusiyanın Avropa ilə tam sərhədi deməkdir. Artıq Ukrayna Avropanın Rusiyaya açılan qapısıdır. Azərbaycan isə karbohidrogen ehtiyatları və geosiyasi baxımından Avropa üçün daha cəlbedicidir. Ona görə də Rusiya çalışır ki, həm Ukraynanı, həm də Azərbaycanı öz orbitinə qaytarsın. Çünki Rusiya bu iki dövlətin sahib olduğu potensialın fərqindədir. Belə demək olar ki, Rusiyanın Gürcüstanla bağlı artıq bütün ümidləri pozulub. Ən azından Azərbaycan və Ukraynanın birmənalı olaraq Rusiyadan imtina edərək Qərbə inteqrasiyasının qarşısını almaq istəyir". Razi Nurullanın sözlərinə görə, Rusiya çox gözəl bilir ki, Ukrayna ilə Azərbaycan haçansa Avropanın bir hissəsi olacaq: "Ancaq Moskva bunun bu gün reallaşmasını istəmir. Sözügedən prosesi gecikdirmək istəyir ki, özünün digər planlarını yerinə yetirə bilsin. Bu gün Rusiyaya həm Ukraynanın, həm də Azərbaycanın Avropa Birliyini asılı vəziyyədə saxlamaq siyasəti sərf edir".
Süleyman İsmayılbəyli