Müsavatda gözlənilməz dəyişiklik
Qadın Təşkilatının yeni sədri Vurğun Əyyubun adamıdır, Arif Hacılı narazıdır
24 Dekabr 2013 14:25 SiyasətMüsavat Partiyasının Qadın Təşkilatına yeni sədr seçilib. Sabiq sədr Vəfa Cümşüdlü seçkidə Xətai müsavatçısı Ellada Məmmədliyə uduzub. Ellada Məmmədli 1992-ci ildə Müsavatı bərpa edən şəxslərdən biridir, qatı müsavatçıdır, partiyada "köhnələrdən" biri kimi tanınır. Xətai təşkilatının fəallarından olsa da, bir neçə dəfə partiya məclisinə seçilib, Müsavatın liderləri ilə sıx münasibətlərə malikdir. Sabiq birinci müavin Vurğun Əyyubla gözəl münasibətləri olan Ellada xanım Xətai təşkilatı Arif Hacılının qardaşı Mustafanın nəzarətinə keçəndən sonra da nüfuzunu saxlayırdı. Əslində Xətai təşkilatının sədri E.Məmmədli ola bilərdi. Lakin, Ellada xanım 2003-cü ilin 16 oktyabr hadisələri zamanı "Azadlıq" meydanında özəl telekanallardan birinin xanım müxbirini amansızlıqla döymüş, buna görə uzun müddət axtarışda olmuşdu. Onun Müsavat Qadın Təşkilatının sədri seçilməsi gözlənilməz oldu. Açıqlamalarından görünür ki, başqan olmağa hazırlaşan Arif Hacılı Ellada Məmmədlinin sədr seçilməsindən narazı qalıb. Məmmədlinin sədr seçilməsi köhnə sədri də narazı salıb. Vəfa Cümşüdlü seçkidən sonra toplantını yarımçıq tərk edib. Bunu Ellada Məmmədli də təsdiq edib. Bildirib ki, seçkidən sonra Vəfa Cümşüdlü "təcili işi olduğu üçün" toplantını tərk edərərk gedib, ona görə onu sədr seçilməsi münasibətilə təbrik etməyib. Arif Hacılı facebookda yazdığı statusda açıq-aşkar Vəfa Cümşüdlüyə qahmar çıxıb, "onu ruhdan düşməməyə səsləyib". Arif Hacılının incik tonda yazdığı statusdan bəlli olur ki, o da Ellada Məmmədlinin sədr seçilməsindən narazıdır və Vəfa Cümşüdlünün az səs alacağını gözləmirmiş. "Yeni Müsavat" qəzeti tez-tələsik hər iki xanımdan açıqlama alıb "hər şey yolundadır" mesaji verməyə çalışsa da, narazılıq ortadadır. Vəfa Cümşüdlünün davranışı, Arif Hacılının narazı stasusu Ellada Məmmədliyə qarşı mənfi münasibət yaratmışdı. Sabiq birinci müavin Vurğun Əyyubun Ellada Məmmədlini dəstəkləməsi vəziyyəti yeni sədrin xeyrinə dəyişib. Vurğun bəy deyib ki, Müsavat Partiyasının qadın təşkilatı Ellada Məmmədlinin bacarığı və təşkilatçılığı sayəsində daha da irəli gedəcək: "Ellada Məmmədli təcrübəli insandır. Mən onu hərəkatın ilk illərindən tanıyıram. Böyük və şərəfli bir mübarizə yolu keçmiş xanımdır. AXC kimi böyük və mürəkkəb şəraitdə fəaliyyət göstərmiş bir təşkilatda təşkilati məsələlərdə böyük zəhməti olub. Sonrakı mübarizəsini Müsavat Partiyasında davam etdirib".
Müsavatın Qadın Təşkilatına yeni sədrin seçilməsi, Vurğun Əyyubun onu dəstəkləməsi təzə gedişdir, böyük ehtimalla, İsa Qəmbərin istəyi ilə reallaşıb. Yəqin ki, bununla İsa Qəmbər artıq özünü indidən başqan kimi aparan Arif Hacılıya "hələ mən yerimdəyəm, proseslər mənim nəzarətim altındadır" mesajını vermək istəyib. Hər halda Arif Hacılı narazıdır və proseslər də artıq onun istədiyi istiqamətdə getmir. Bundan sonra partiyada Vurğun Əyyubun ağırlığı daha da artacaq. Gənclər Təşkilatının sədri Arif Hacılının təsiri altında olsa da, artıq Qadınlar Təşkilatı Vurğun Əyyubun nəzarətinə keçdi. Bu hadisədən sonra Vurğun bəyin daha da aktivləşəcəyi gözlənilir. Onu Arif Hacılıdan narazı qruplar da dəstəkləyəcək. Bu isə Arif Hacılıya başqan seçkisində ciddi çətinliklər yaşadacaq.
Ərhun Abbas