“Ukraynada vəziyyətin gərilməsində Qərb məsuliyyət daşıyır” - FİKİR

Elxan Şahinoğlu: “Ukrayna Rusiya ilə razılaşandan sonra Qərb gözləmə mövqeyinə çəkilib ki, proseslərin sonundan nəticə çıxarsın”

Kiyevdə 100 mindən artıq etirazçının qarşısında çıxış edən müxalifət liderləri hökumətə qarşı "Xalq Maydan Birliyi"nin yaradıldığını elan ediblər. Onlar bildiriblər ki, yeni yaradılmış birliyin əsas məqsədi hökumət binalarını blokadaya almaq və nəticə əldə olunadək mübarizəni davam etdirməkdir. "Atlas" Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu isə hesab edir ki, Ukrayna prezidenti Viktor Yanukoviç Rusiya ilə razılaşandan sonra proseslərin bir qədər sakitləşəcəyi proqnozlaşdırılırdı. Çünki Rusiya Ukrayna iqtisadiyyatının böhrandan qurtarılması üçün rəsmi Kiyevə 15 milyard dollar vəd etdi. Qazın qiyməti ucuzlaşdı. E.Şahinoğlu bildirdi ki, Avropa İttifaqı isə bundan sonra Rusiyaya heç bir təpki göstərmədi. Aİ sanki gözləmə mövqeyinə keçib. Yeni ilin yaxınlaşması ilə əlaqədar da mitinqdə iştirak edənlərin sayının azalacağı gözlənilsə də politoloq bildirdi ki, əks proseslər baş verir və "Meydan Hərəkatı" öz mövqeyindən geri çəkilmir və hökumətə qarşı yeni həmlələrə hazırlaşır: "Proseslərin bir qədər də gərilməsi Ukraynada vətəndaş müharibəsi ehtimallarının başlanmasına səbəb ola bilməz. Hesab etmək olar ki, bundan sonra proseslər səngiməyə doğru gedəcək. Müxalifət Viktor Yanukoviçin istefasına nail ola bilməyəcək. Çünki mövcud hökumət parlamentdə də çoxluğa malikdir. Narazı eloktorat bütün bunları nəzərə alaraq geri çəkilməyə məcbur olacaq. Lakin müxalifət yenə də öz ampulasında qalacaq. Baş verən proseslərin fonunda Yanukoviçi böyük çətinliklər gözləyir. Müxalifət qarşıdan gələn prezident seçkisində məqsədinə nail olmaq üçün geri çəkilib daha effektiv taktika və strategiya ortaya qoya bilər". Kiyevdə davam edən nümayişlərdə Rusiya və Qərbin mövqeyi məsələsinə toxunan E.Şahinoğlu vurğuladı ki, Qərb əvvəlcə "Maydan Hərəkatı"nı fəal şəkildə dəstəklədi, Rusiyanı çox sərt şəkildə qınadı. Yanukoviç Kremllə razılaşandan sonra Qərb kölgəyə çəkildi. Çünki vəziyyətin çıxmaza dirənməsində Qərbin günahı vardı. Politoloq hesab edir ki, Brüssel rəsmi Kiyevə lazım olan dəstəyi vermədi: "Ukraynaya belə bir dəstək verilsəydi, Yanukoviç Kremllə razılaşmaya getməyəcəkdi. Beynəlxalq Valyuta Fondu da Ukrayna iqtisadiyyatın lazım olan maliyyə vəsaitini ayırmadı. Ukraynaya lazım olan iqtisadi imkanları Rusiya verdi. Çünki Kreml Ukraynanı özündən ayrı düşməsini istəmirdi. Moskvanın imperiya təfəkkürü əvvəlki kimi güclüdür. Ukrayna Rusiya ilə razılaşandan sonra Qərb gözləmə mövqeyinə çəkilib ki, proseslərin sonundan nəticə çıxarsın. Rusiya Ukraynanı iqtisadi xaosdan qurtara bilməyəcək. Çünki Moskva qonşu dövlətlərə tərəfdaş kimi yox, Ermənistan kimi yuxarıdan aşağı baxır. Kreml Ukraynanı da Ermənistan kimi Rusiyadan asılı vəziyyətə salmağa çalışır. Lakin Moskvanın Gömrük Birliyi və Avrasiya İttifaqı layihələri uğur qazana bilməyəcək. Ona görə də Ukraynanın gələcək taleyi Aİ-yə inteqrasiyadan keçəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00