“Müsavat Partiyası məsələyə aydınlıq gətirməlidir”

Azər Həsrət: “Özünü demokratik adlandıran qüvvələrin həmin parametrə uyğun olmayan addımlar atması tamam başqa mətləblərdən xəbər verir”

Müsavatda qapalı keçirilən seçkilərdə Ellada Məmmədli Müsavat Qadın Təşkilatının sədri seçilib. Qeyd edək ki, E.Məmmədli 2003-cü ilin 16 oktyabrında "Azadlıq" meydanında keçirilən icazəsiz aksiyalarda özəl televizyalardan birinin xanım jurnalistini döyüb, bir müddət axtarışda olub. Məsələyə münasibət bildirən "Yalquzaq" qəzetinin təsisçisi və baş redaktoru Azər Həsrət hesab edir ki, jurnalisti təhqir edərək döyən bir şəxsin belə vəzifəyə təyin edilməsi yaxşı hal deyil. Xüsusən də demokratiya yolunda irəlilədiyini iddia edən Müsavatın nümayəndələri bu cür məsələlərdə həssas olmalı idilər. A.Həsrətin sözlərinə görə, bir qayda olaraq Müsavat və digər müxalifət partiyaları Azərbaycan hakimiyyətini dözümsüzlükdə ittiham edərək kəskin ifadələrlə etiraz bildirirlər: "Bu cür həqiqətəuyğun olmayan ittihamlar səsləndirən partiyanın belə bir addım atması mənfi haldır. Özünü demokratik adlandıran qüvvələrin həmin parametrə uyğun olmayan addımlar atması tamam başqa mətləblərdən xəbər verir. İndi bunların bu təfəkkürlə hakimiyyət can atması pis haldır. Bu məsələyə Müsavat aydınlıq gətirməlidir. 100 illik tarixi olan bir partiyaya təyin edilmiş Ellada xanımın həmin məsələ barədə mətbuata açıqlama verməsi yaxşı olardı". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00