“Bəşər Əsəd devrilməyəcək” - FİKİR
Elşən Mustafayev: “Çünki Rusiya artıq Suriya məsələsinə görə, ABŞ və Qərbə qarşı çox ciddi dirəniş göstərməyə başlayıb”
20 Dekabr 2013 14:43 Siyasət"Suriya problemi ABŞ-ın Yaxın Şərq siyasətində ən uzanan məsələsidir. Suriya proseslərinin uzanmasının əsl səbəbi Rusiyanın Amerikaya müqavimət göstərməsidir" - AMİP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşən Mustafayev Suriya prezidenti Bəşər Əsədi devirmək üçün son planlarının icrasına başlaması barədə yayılan məlumatlara münasibət bildirərkən belə deyib. Bəşər Əsədin devrilməsi ehtimallarının getdikcə azaldığını deyən E.Mustafayev hesab edir ki, Amerikanın yaxın gələcəkdə Əsədi devirəcəyi inandırıcı deyil. E.Mustafayev bunu Suriyada cərəyan edən proseslərin əvvəlkindən daha ciddi şəkil alması ilə əlaqələndirdi və qeyd etdi ki, mövcud vəziyyət daha çox Bəşər Əsədin hakimiyyətdə qalmasının lehinədir: "Çünki ABŞ-ın qarşısında duran əsas problem B.Əsədin hakimiyyətdən getməsindən sonra Suriya hakimiyyətinin başına kimi gətirəcəyidir. Əgər Bəşər Əsəd devrilsə, bu Rusiya və ABŞ arasında razılaşdırılmış oyun olacaq. Çünki Rusiya artıq Suriya məsələsinə görə, ABŞ və Qərbə qarşı çox ciddi dirəniş göstərməyə başlayıb. Məsələdə ABŞ və Rusiyanın aktiv fəaliyyəti hiss olunmağa başlayıb. Suriya planında ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri Türkiyə idi. Gözlənilmədən AKP hökuməti daxilində baş verən gərginlik regionda çox ciddi kataklizmlərin olacağından xəbər verir. ABŞ Türkiyəsiz buna cəhd etsə belə, plan baş tutmayacaq". ("OLAYLAR" İA)