“Kurtlar Vadisi” həbslərdə əli olanların adını çəkəcək” - AÇIQLAMA

Razi Nurullayev: “Təbii ki, dərinliklərini bilmək üçün gərək Türkiyənin iç mətbəxini ətraflı biləsən”

"Türkiyədə baş verən həbslər, iqtidar ətrafında cərəyan edən hadisələr, yüksək çinli məmurların rüşvət və korrupsiyada günahlandırılması şokvericidir. Bu həm də siyasi opponentlər üçün xəbər müjdəçisidir" - "OLAYLAR"ın məlumatına görə, "Regional" Analitik Mərkəzinin direktoru Razi Nurullayev Türkiyədə baş verən hadisələrə münasibətində belə deyib. R.Nurullayev qeyd edir ki, iqtidar partiyası ciddi zərbə alıb və çətin ki, iqtidar dönəmini növbəti seçkilərdə qələbə qazanaraq saxlaya bilsin. indiki hökumət hakimiyyətdə olduğu illər ərzində bu qədər ağır zərbə almayıb. R.Nurullayevin sözlərinə görə, Ərdoğan iddia edir ki, baş verən proseslərdə xarici və daxili qüvvələrin əli var: "14 ay danışıqlar dinlənilib, izləmələr aparılıb, videogörüntülər, fotolar çəkilib, amma baş nazir və prezidentin bundan xəbəri olmayıb. Bu məsələlər onlara deyilməyib. Bu boyda həngamə olarmı? Türkiyədə baş verən hadisələr rüşvət və oğurluğa qarşı mübarizə baxımından çox faydalıdır. Amma, arxasında siyasi niyyətlərin olduğu da görünür. Yəqin ki, "Kurtlar Vadisi Pusu" serialı bu məsələlərə həsr edilmiş yeni bölümünü çəkəcək və məsələlərin arxasında olan siyasi güclərin adını da çəkəcək. Bu da yetərli olmaya bilər. Əgər onlar da həqiqəti bir kənara qoyub, sifarişi yerinə yetirsələr. Hələ ki, baş verənləri Türkiyənin daha da demokratikləşməsi və hakimiyyətin xalq qarsıında cavabdehlik daşıması kimi dəyərləndirirəm. Ən azından örtük belədir. Təbii ki, dərinliklərini bilmək üçün gərək Türkiyənin iç mətbəxini ətraflı biləsən". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00