“Müxalifətin problemlərinin arxasından xaricdən aldığı pullar çıxır”

"Müxalifətin problemlərinin arxasından vaxtaşırı xaricdən aldığı pullar çıxır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədlinin həbsinə bəzi müxalifət partiyaları tərəfindən olan reaksiyaya münasibət bildirərkən səsləndirib. Bildirib ki, radikal müxalifət dərhal yığılaraq Anar Məmmədlinin saxlanılmasını pislədi və bunu demokratiyaya hücum kimi qiymətləndirdi: "Həmçinin müxalifət qəzetlərinin materialları isə tamamilə Məmmədlinin müdafiəsinə həsr edildi. Azərbaycan Respublikası Baş Prokurorluq açıqlama verərək Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə aydınlıq gətirdi". Millət vəkilinin sözlərinə görə, bu açıqlamadan aydın oldu ki, məsələ heç də demokratiya məsələsi olmayıb: "Xaricdən alınan külli miqdarda vəsaitin Azərbaycanda nağdlaşdırılması və ondan məlum olmayan istiqamətdə istifadədən, həmçinin dövlət vergisini ödəməməkdən söhbət gedir. İlk növbədə hüquq mühafizə orqanlarını olayla bağlı ictimaiyyətə gec açıqlama verməklərinə görə qınamaq istərdim. Bu açıqlama ilk gündən verilsəydi, radikal müxalifətin gün yarım ərzində "demokratiya" söhbətləri ilə ictimaiyyətə aldatması aydın olardı". Millət vəkili deyib ki, vaxtaşırı radikal müxalifətin problemlərinin arxasından xaricdən aldığı pullar çıxdığı da açıq görünür. Ona görə onlar hansı vəsaitlə fəaliyyət göstərdikləri barədə suallardan yayınır, müraciətlərini bir qayda olaraq cəmiyyətə, vətəndaşlarımıza deyil, xarici səfirliklərə, xarici ölkə fondlarına yönəldirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00