Orta Dəhliz və Qarabağın bərpası: Çinin Azərbaycana dəstəyi nə vəd edir? – ÖZƏL

Şakir Ağayev: "Çinin minatəmizləməyə dəstəyi dünya güclərinə nümunə olmalıdır" 

Noyabrın 24-də Ağdamda Çinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar minatəmizləməyə növbəti maliyyə dəstəyi təqdim olunub. Bu, Bakı-Pekin münasibətlərində strateji tərəfdaşlığın praktiki nəticəsi kimi qiymətləndirilir. Çinin dəstəyi Böyük Qayıdışın sürətləndirilməsi və Qarabağda təhlükəsiz həyatın bərpası üçün əhəmiyyətlidir.

Sözügedən mövzunu Olaylar.az-a şərh edən siyasi ekspert Şakir Ağayevin fikrincə, bu, çox təqdirəlayiq və nümunəvi bir missiyadır. Bütün böyük dövlətlər üçün də nümunədir ki, Çin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində humanitar minatəmizləməyə növbəti maliyyə dəstəyi ayırıb. Bütün beynəlxalq qanunlara görə dünyanın daha böyük dövlətləri, hətta beynəlxalq təşkilatlar da işğaldan azad olunmuş ərazilərdə minatəmizlənməsinə xüsusi diqqət yetirməlidirlər. Bu prosesdə Azərbaycanın bütün dünya dövlətləri tərəfindən dəstəklənməsi vacibdir. Təəssüf ki, biz bir çox dövlətlərin timsalında belə bir dəstəyi görmürük.

Ekspert bildirib ki, Çinin Cənubi Qafqazda iqtisadi, ticarət və siyasi maraqları var. Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Bu bəyannamə Azərbaycan-Çin münasibətlərini yeni mərhələyə gətirib çıxarıb. Belə addımların atılması gələcəkdə Azərbaycanın timsalında Çinin Cənubi Qafqazda iqtisadi və siyasi mövqelərinin güclənməsinə xidmət edəcək. Çin çox yaxşı anlayır ki, Cənubi Qafqazın ən sabit, ən rahat və ən inkişaf etmiş ölkəsi Azərbaycandır. Çinin Cənubi Qafqazda maraqları var, necə ki, Mərkəzi Asiyada da maraqları mövcuddur. Azərbaycan Orta Dəhlizin əsas iştirakçısı olan ölkədir və Çinin Avropaya çıxışı baxımından böyük əhəmiyyət daşıyır. Buna görə də Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq çərçivəsində daha da inkişaf etdirilməsi olduqca vacibdir. Əsas məsələni bilmək lazımdır ki, Çin elə bir dövlətdir ki, hər hansı bir bölgədə öz maraqlarını həyata keçirmək üçün heç vaxt hərbi gücə üstünlük vermir. Çin maraq göstərdiyi regionlara və ölkələrə öz sərmayələri, iqtisadi imkanları və maliyyə vəsaitləri ilə daxil olur, orada öz maraqlarını təmin etməyə çalışır. Cənubi Qafqaz da istisna deyil. Mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü, müxtəlif problemlərin mövcud olduğu bir regionda Azərbaycan, təbii ki, Çin üçün çox önəmli və əhəmiyyətli ölkədir. Buna görə də Çinin Azərbaycana sərmayə qoyuluşu var. Hesab edirəm ki, bu, daha çox olmalıdır. Çin Azərbaycana daha çox sərmayə qoymalıdır. Əgər istəyiriksə ki, Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Çin münasibətlərində daha geniş və qarşılıqlı faydalı əməkdaşlıq olsun, azad edilmiş ərazilərdə bu cür layihələrin sayı daha da artsın. Şübhəsiz ki, bu, həm Azərbaycanın, həm də Çinin maraqlarına xidmət edir. Eyni zamanda, dünyanın supergüc dövlətlərindən biri olan Çinin Orta Dəhliz məsələsində mövqeyinin daha da güclənməsinə şərait yaradır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00