Xəzərin dibi ilə Avropaya yaşıl enerji: Azərbaycan hansı iqtisadi dividendləri qazanacaq?- ÖZƏL
26 Noyabr 13:20 Siyasət"Qazaxıstanın Xəzər dənizinin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Azərbaycan üzərindən Avropaya yaşıl enerji ixrac etmək planı Azərbaycanın enerji və tranzit imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə reallaşarsa, Azərbaycan yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, həm də Mərkəzi Asiyada istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına çatdırılmasında əsas tranzit ölkələrdən biri kimi çıxış edə bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib. İqtisadçı qeyd edib ki, bu layihə ölkəmizin beynəlxalq enerji dəhlizlərində strateji əhəmiyyətini artıracaq:
" Xüsusilə Avropanın enerji mənbələrini şaxələndirmək və bərpaolunan enerji istehsalını genişləndirmək siyasəti fonunda belə bir marşrutun iqtisadi və geosiyasi əhəmiyyəti böyükdür.
Azərbaycan üçün əsas iqtisadi dividendlərdən biri tranzit gəlirlərinin yaranması olacaq. Qazaxıstan və Özbəkistanda istehsal edilən elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya ötürülməsi ölkəmizə uzunmüddətli gəlir əldə etmək imkanı verə bilər. Bununla yanaşı, layihə çərçivəsində elektrik ötürücü şəbəkələrin, yarımstansiyaların və digər enerji infrastrukturunun inkişafı yerli iqtisadiyyata əlavə investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Digər tərəfdən, Azərbaycan bu layihədən istifadə edərək özünün bərpaolunan enerji potensialını da Avropa bazarlarına çıxarmaq imkanlarını genişləndirə bilər. Yəni söhbət təkcə tranzitdən deyil, gələcəkdə Azərbaycanın öz yaşıl enerjisinin ixracından da gedir.
Lakin layihənin həyata keçirilməsi kifayət qədər mürəkkəb və böyük maliyyə vəsaiti tələb edən prosesdir. Xəzərin dibi ilə sualtı kabelin çəkilməsi üçün mürəkkəb geoloji və hidroloji şərait nəzərə alınmalı, dənizin dərinliyi, dibi relyefi, seysmik risklər və ekoloji təhlükəsizlik məsələləri ətraflı araşdırılmalıdır. Eyni zamanda yüksək gərginlikli elektrik ötürücü sistemlərinin qurulması, Azərbaycan və digər iştirakçı ölkələrin enerji şəbəkələrinin texniki uyğunlaşdırılması ciddi investisiyalar tələb edir. Layihənin maliyyələşdirilməsi, elektrik enerjisinin ötürülmə tarifləri və Avropa bazarına çıxış şərtləri də əvvəlcədən razılaşdırılmalıdır.
Azərbaycanın bu təşəbbüsdən uzunmüddətli iqtisadi fayda əldə etməsi üçün ilk növbədə tranzit ölkə statusu ilə kifayətlənməməsi vacibdir. Ölkə daxilində elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsi, bərpaolunan enerji mənbələrinin istehsal gücünün artırılması və Avropa enerji bazarına inteqrasiya imkanlarının genişləndirilməsi əsas prioritetlər olmalıdır. Eyni zamanda Qazaxıstan və Özbəkistanla uzunmüddətli enerji əməkdaşlığı müqavilələri bağlanmalı, layihənin iqtisadi gəlirləri və maliyyə riskləri aydın şəkildə müəyyənləşdirilməlidir. Əgər Azərbaycan bu istiqamətdə düzgün strategiya qura bilsə, layihə ölkənin enerji ixracatında yeni mərhələnin başlanğıcına çevrilə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər".
Zeynəb Mustafazadə