Vaşinqtonda Bakı–Ankara əleyhinə dinləmələr: Lobbi qrupları nəyə nail olmaq istəyir? – ÖZƏL

"ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında noyabrın 18-də Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən ittihamlar, əslində, yalnız dini azadlıqlar və insan hüquqları məsələsi ilə məhdudlaşmır. Burada daha geniş siyasi və geosiyasi kontekstdən söhbət gedir. Çünki çıxışlarda Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının, hərbi tərəfdaşlığının, regional siyasətinin hədəfə alınması açıq şəkildə müşahidə olunur. Türkiyəyə sanksiya tətbiq edilməsi, F-35 məsələsində təzyiqlərin davam etdirilməsi, Azərbaycan və Türkiyəyə silah satışının, maliyyə və digər yardımların dayandırılması çağırışları müəyyən siyasi dairələrin bu iki dövlətin artan regional roluna münasibətini ortaya qoyur. Hesab edirəm ki, burada əsas məsələ Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyəyə çatmasıdır. Bu münasibətlər artıq sadəcə diplomatik dostluq deyil. Bu, regional təhlükəsizlik, hərbi əməkdaşlıq, enerji siyasəti, nəqliyyat-logistika, Türk dünyasının inteqrasiyası və yeni geosiyasi bağlantılar üzərində qurulan strateji müttəfiqlikdir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, bəzi siyasi dairələr məhz bu güclənən tandemə öz geosiyasi maraqları baxımından yanaşır və onu məhdudlaşdırmağa çalışırlar. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar, Türkiyənin bu prosesdəki siyasi və strateji dəstəyi, Orta Dəhlizin genişlənməsi, Zəngəzur istiqamətində kommunikasiya imkanlarının gündəmə gəlməsi və Türk dövlətləri arasında koordinasiyanın güclənməsi artıq yalnız regional deyil, beynəlxalq siyasi hesablamaların predmetinə çevrilib. Bu baxımdan, Konqresdəki dinləmələri sıradan bir tədbir kimi qəbul etmək olmaz. Eyni zamanda, bunu ABŞ dövlətinin yekun siyasi qərarı kimi də təqdim etmək doğru deyil. Konqresdə ayrı-ayrı siyasi qrupların, lobbi təşkilatlarının və ideoloji dairələrin təşəbbüsləri mövcuddur. Onların məqsədi bəzən müəyyən mövzuları ABŞ siyasi gündəminə daxil etmək, administrasiyaya təzyiq göstərmək və xarici siyasət istiqamətlərinə təsir etməkdir. Burada dini azadlıqlar və insan hüquqları məsələlərinin siyasi təzyiq vasitəsinə çevrilməsi təhlükəsi də var. Əgər bu prinsiplər həqiqətən universal dəyərlər kimi qəbul edilirsə, onda onların bütün dövlətlərə münasibətdə obyektiv, ardıcıl və selektiv olmayan şəkildə tətbiq olunması vacibdir. Əks halda, insan hüquqları ritorikası siyasi maraqların örtüyünə çevrilə bilər.

"Düşünürəm ki, Azərbaycan və Türkiyənin eyni vaxtda hədəfə alınması müəyyən mesaj daşıyır. Bu mesaj regionda formalaşan yeni siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına münasibətlə bağlıdır. Ancaq reallıq ondan ibarətdir ki, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı hansısa lobbi qrupunun siyasi bəyanatları ilə formalaşmayıb. Bu münasibətlər xalqların tarixi, ortaq maraqlar, təhlükəsizlik ehtiyacları və qarşılıqlı siyasi iradə üzərində qurulub. Azərbaycanın və Türkiyənin regional əməkdaşlığı qarşıdurma yaratmaq məqsədi daşımır. Əksinə, regionda sabitlik, təhlükəsizlik, iqtisadi bağlantılar və sülhün möhkəmlənməsi üçün mühüm platformadır. Bu gün Cənubi Qafqazda sülh prosesinin irəliləməsi, yeni kommunikasiya xətlərinin açılması və regionun beynəlxalq iqtisadi sistemə daha sıx inteqrasiyası bütün tərəflərin maraqlarına xidmət edə bilər. Bu reallığı siyasi təzyiq kampaniyaları ilə dəyişmək mümkün deyil. Azərbaycan öz milli maraqlarını müdafiə edən, müstəqil siyasət yürüdən və strateji tərəfdaşlıqlarını öz siyasi iradəsi əsasında müəyyənləşdirən dövlətdir. Türkiyə ilə münasibətlər də bu siyasətin ən mühüm və dəyişməz istiqamətlərindən biri olaraq qalır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00