Qarabağın qaytarılması üçün tarixi şərait yaranıb
Rusiyanın Ermənistan vasitəsilə göndərdiyi təklifləri nəzərdən keçirib məntiqi sonluğa yönəltmək mümkündür
18 Dekabr 2013 15:02 SiyasətVladimir Putin üçüncü dəfə Rusiya prezidenti seçiləndən sonra Kreml yenidən çar Rusiyasının tozlu imperialist xəritəsini ortaya sərib. Xəritədə Moskvanın xarici siyasətindəki hədəfləri açıq aşkar görünür. Siyahıda post-sovet ölkələrinin adları var. Putinin siyasi layihəsində keçmiş çarların birinci işğal etmək istədikləri məkan - Cənubi Qafqaz yer alıb. Daxildəki etniklərin yaşdığı regionlar Kreml tərəfindən nizamlı şəkildə sakitləşdirilib. Rus millətçiliyinin qeyri-millətlərə qarşı qızışdırılması da Kremlin eyni ssenarisinə daxildir. Keçmiş SSRİ ölkələrilə iqtisadi, siyasi və hərbi əlaqələrin inkişaf etdirilməsinə təkid etməsi istiqamətində işlər görülür. "Yumşaq güc" siyasəti alınmadığı üçün Kreml planını radikal imperialist tətbiqlərlə həyata keçirmək niyyətindədir. Avrasiya İttifaqı və Gömrük Birliyi də Putinin yeni birlik düsturudur. Subpodratçılar vasitəsilə strateji maraqların həyata keçirilməsi siyasəti izlənilir. Belarus, Orta Asiya ölkələri, Ermənistan məsələsi həll edilsə də Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan Kreml üçün çətin həlli tapılan teoremdir. Kremlin bacasından Azərbaycan üçün bişrilən yeməyin pis qoxusu gəlir. Absurd görünsə də Rusiya Azərbaycanı siyasi layihələrinə cəlb etmək üçün Ermənistanı vasitəçi ölkə seçmək niyyətindədir. Son zamanlarda Ermənistan mətbuatında Azərbaycana yönəlik pozitiv sayılacaq məlumatların yer alması Kremlin həmin məqsədlərinə xidmət edir. Ermənistanın "Qloballaşma və Regional" Analitik Mərkəzinin direktoru Stepan Qriqoriyan "Aykakan Jamanak" qəzetinə verdiyi açıqlamada bildirdi ki, Rusiya üçün Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması çox vacibdir. S.Qroqoriyan iddia etdi ki, Kreml Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının qarşılığında Dağlıq Qarabağı bu ölkəyə geri qaytaracaq: "Ermənistan üçün çıxılmaz vəziyyət yaranıb. Hakimiyyət vətəndaşlara aid olan hər şeyi vətəndaşların əlindən alıb. Biz vətəndaşları, iqtisadiyyatı və hər şeyi hakimiyyətə təhvil verdik, o isə Rusiyaya satdı. Nəticəsində isə Ermənistan Dağlıq Qarabağı Azərbaycana qaytarmağa məcbur olacaq. Ermənistan Qarabağı itirir. Rusiya strateji maraqları naminə tezliklə Qarabağı Azərbaycana qaytaracaq". Moskvanın tapşırığı ilə işlərən erməni politoloqlar Azərbaycanı bu cür gedişlərlə şirnikləndirmək niyyəti güdürlər. Erməni düşüncə tərzinə görə, Azərbaycanı bu yolla tələyə salmaq asan məsələdir. Yəni ki, Azərbaycan Kremlin Avrasiya İttifaqı ilə bağlı şərtlərinə müsbət cavab verəcəyi halda Dağlıq Qarabağı geriyə qaytaracaq. Lakin Azərbaycanın Rusiya vasitəsilə Ermənistanın çağırışlarına pozitiv cavab verəcəyi inandırıcı deyil. Çünki Avrasiya İttifaqının şərtləri Azərbaycanın milli maraqlarını əks etdirmir. Ərazilərinin 20%-dən çoxunu işğal edərək 1 milyondan çox vətəndaşını öz yerindən didərgin salan Ermənistanla eyni qurum altında əlaqələri inkişaf etdirmək düşmən ölkənin separatçılıq siyasətinə haqq qazandırmaqdır. Əslində Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməklə Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyinin tərkibinə qatmaq Kremlin ənənəvi formuludur. İşğal edilmiş ərazilərin tez-tez erməni və rus dövlət rəsmilərinin dilindən eşidilməsi Azərbaycanın ictimai rəyinin yumşaldılmasına xidmət edir. Lakin Rusiyanın Ermənistan vasitəsilə göndərdiyi təklifləri nəzərdən keçirib məntiqi sonluğa yönəltmək mümkündür. Daha ağıllı siyasət ortaya qoyub Dağlıq Qarabağı geri qaytarmaq olar. Beynəlxalq güclərin Rusiya əleyhinə yaratdığı şərait bunun üçün əhəmiyyətli addımlar atmağa köməkçi ola bilər. Azərbaycan bununla Rusiya təhlükəsini sovuşdurmaqla yanaşı ərazi bütövlüyünü təmin edəcək. Politoloq Cümşüd Nuriyev da hesab edir ki, təklfiləri dəyərləndirib məntiqi sonluğa yönəltmək üçün 90-cı illərin təcrübəsinə bənzər gedişlərdən istifadə etmək olar. C.Nuriyev bildirdi ki, Ermənistan və Rusiya həmin ssenarinin Azərbaycan tərəfindən yenidən təkrarlamasından qorxur: "Çünki, həmin illərdə Azərbaycan SSRİ-nin saxlanılmasına müsbət, Ermənistan isə mənfi cavab verdi. Ermənistan bununla Kreml qarşısında ağıllı gediş etdiyini düşünürdü. Lakin Azərbaycan məsələni öz lehinə çevirdi və müstəqilliyini də əldə etdi. Bunun müqabilində Rusiya Xanlar və Goranboy rayonu ərazisindəki kəndlərdən erməniləri çıxardı. Həmçinin Azərbaycan Dağlıq Qarabağdan sonra iddia etdiyi digər ərazilərin ermənilərdən təmizlənməsinə nail oldu". Politoloqun məntiqindən çıxan nəticə budur ki, Dağlıq Qarabağın geriyə qaytarılması üçün tarixi şərait yaranıb.
Mənsur Rəğbətoğlu