“AKP-nin taleyi bələdiyyə seçkiləri ilə bağlıdır” - Vurğun Həsənli

“AKP əvvəlki qazandığı böyük şəhərləri qoruyub saxlaya bilsə, demək ki, xalq hələ də Ərdoğana və onun partiyasına inanır”

Türkiyədə rüşvət və korrupsiya ittihamı ilə nazir oğullarının, vəzifəli şəxslərin və məşhur iş adamlarının həbs olunduğu polis əməliyyatının detalları yavaş-yavaş bəlli olur. Əməliyyatda hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) mənsublarının və onların ailə üzvlərinin hədəf alınması Türkiyədə şok effekti doğurub. Daha sonra AKP-dən olan millət vəkili Hakan Şükürün partiya ilə yollarını ayırması diqqət mərkəzindədir. Tükiyədə baş verən hadisələrlə bağlı 10 ilə yaxın Türkiyədə yaşamış keçmiş diplomat, Ankara Universitetinin doktorantı Vurğun Həsənli "OLAYLAR"ın suallarını cavablandırıb. Keçmiş diplomata ünvanladığımız ilk sual belə oldu: "Türkiyədə baş verən hadisələr - Hakan Şükürün AKP-dən istefa verməsi, rüşvətlə bağlı qalmaqal AKP-nin nüfuzuna necə təsir edəcək? "

Sualı cavablandırarkən Vurğun Həsənli bildirib ki, Uludərə hadisəsindən sonra AKP-yə qarşı narazılıqlar müxtəlif tonlarda özünü göstərməyə başlayıb. Politoloqun sözlərinə görə, Gəzi parkı hadisələri ilə etiraz zirvə nöqtəyə çatdı və AKP-nin cəmiyyətdəki nüfuzuna öz mənfi təsirini göstərdi. Vurğun Həsənli hesab edir ki, Hakan Şükürün istefası da bu qəbildəndir və demokratiya lehinə, xalqın yanında yer aldığını göstərmək üçün AKP sıralarından ayrılıb.

Politoloq Hakan Şükürün atdığı addım yerində atılmış bir addım kimi qiymətləndirib: "Yerində atılmış addım idi və ona yaraşan da bu olmalıydı. Çünki Hakan Şükür futbol karyerası ilə deyil, şəxsi həyatı ilə də təqdir görən bir insandır. Demokratiya naminə atdığı bu addım Hakanı sevənlərin gözlədiyi addım idi. Əminəm ki, onun bu addımı ona qarşı rəğbəti daha da artıracaqdır".

Vurğun Həsənli rüşvətlə bağlı həyata keçirilən həbslərə diqqət çəkərək qeyd edib ki, rüşvətlə bağlı həyata keçirilən əməliyyata gəldikdə isə, bütün dünya Türkiyənin demokratik dəyərləri necə qoruduğuna şahid oldu. Vurğun Həsənlinin sözlərinə görə, Türkiyədə məhkəmə sistemi, güclər bərabərliyi prinsipi əsasında müstəqil orqandır və onların fəaliyyətinə heç kim qarışa bilməz.

"Eyni zamanda maraqlı bir məqamı da burada görmüş oluruq. Polis öz nazirinin oğlunu yəni daxili işlər nazirinin oğlunu həbs edir. Bu dünyada görüləcək nadir hadisələrdən biridir. Təqdirəlayiq haldır. Əgər daxili işlər nazirinin oğlu atasının nüfuzundan istifadə edərək rüşvət alırsa o həbs olunmalıdır və bu da olub. O hadisə Türkiyənin möhtəşəmliyini göstərir. Hər kəs dərs götürməlidir" deyə keçmiş diplomat öz fikirlərini ifadə edib. Vurğun Həsənli baş verən hadisələrin seçkilərdə AKP-nin nüfuzuna təsirsiz ötüşməyəcəyini bildirib. "Lakin bütün bunlara baxmayaraq məncə hələ də AKP xalq arasında güclü nüfuza malikdir. Buna əsas səbəblərdən biri kimi, onun rəqiblərinin cəmiyyətdə güclü mövqeyə sahib olmamasıdır. Ana müxalifət partiyası CHP partiyadaxili çəkişmələri ilə xalqın gözündən düşməyə davam edir. Yerli seçkilər yaxınlaşmasına baxmayaraq ana müxalifət partiyası hələ də seçkiyə sistematik hazırlaşma meyli göstərmir" deyə Vurğun Həsənli müxalifət partiyasının qeyri-fəallığına diqqət çəkib.

Vurğun Həsənli seçkidə iştirak edəcək digət partiyaların AKP ilə mübarizəsinə inanmadığını vurğulayıb: "AKP bələdiyyə seçkiləri üçün mərhələ-mərhələ öz namizədlərini açıqlarkən hələ də, heç kim bilmir ki, CHP hansı şəhərdən kimi namizəd göstərib? Bu da xalqda CHP-nin ciddi partiya olmadığı qənaətini yaradır. Həmçinin bələdiyyə seçkilərində İstanbul açar rolunu oynayır. Əgər bir partiya qalib gələcəksə İstanbul bələdiyyəsini mütləq qazanmalıdır. Onun üçün də sistematik seçki kampaniyası aparılmalı və xalq arasında güclü mövqeyə sahib bir namizəd çox öncədən müəyyən olunmalıdır. Seçkiyə çox qısa zaman qalmasına baxmayaraq hələ də, CHP-nin İstanbuldan kimi namizəd göstərəcəyi qeyri-müəyyən olaraq qalır. Bu da AKP-ni biraz daha gücləndirir və xalqın CHP-yə olan inamını zəiflədir. Seçkidə iştirak edəcək digər partiyaların isə AKP ilə mübarizə apara biləcəyini düşünmürəm".

Baş verən hadisələrin AKP-nin siyasi perspektivinə təsirinə gəlincə, Vurğun Həsənli bildirib ki, AKP-nin taleyi gələn il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlıdır. Burada əsas hədəf böyük şəhərlər olacaq. AKP əvvəlki qazandığı böyük şəhərləri qoruyub saxlaya bilsə, demək ki, xalq hələ də Ərdoğana və onun partiyasına inanır.

Vurğun Həsənli xüsusi əhəmiyyət kəsb edən məsələ kimi böyük şəhərlərdə kimlərin qazanacağını göstərib: "Xüsusi əhəmiyyət kəsb edən məsələ, AKP-nin əlində olan İstanbul ilə Ankarada və CHP-nin əlində olan İzmirdə kimlərin qazanacağıdır. İzmirdə yenə də CHP-nin, Ankarada isə AKP-nin zəfər qazanacağı ehtimal olunur. Əsas mübarizə İstanbulda olacaq. İstanbulu AKP itirsə, bu onların nüfuzuna güclü zərbə kimi dəyərləndiriləcək və növbəti seçkidə - yəni parlament seçkilərində AKP-ni çətin sınaq gözləyəcək deməkdi". Politoloqun sözlərinə görə, türk seçki proqnozlarında belə bir rəy formalaşıb ki, bələdiyyə seçkilərində İstanbulu qazanan parlament seçkilərinin qalibidir. Eyni zamanda bələdiyyə seçkilərinin təsiri seçicilər baxımından özünü parlament seçkilərində göstərir. Vurğun Həsənli hesab edir ki, keçmiş təcrübələrə əsasən, seçici əsasən yerli seçkilərdə qalib gəlmiş partiyaya səs verir. Ona görə də, yerli seçkilərin nəticələrinə əsasən AKP-nin sonu ilə bağlı proqnoz vermək daha yerində olardı. Çünki AKP-lilər iddia edir ki, önümüzdəki bələdiyyə seçkilərində 55%-ə yaxın nəticə gözləyirlər.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00