AXCP İctimai Palatanı buraxmaq istəyir - SİYASİ ANALİZ

Müsavat da Milli Şuranın işini poza bilər

Müsavat Partiyası ilə AXCP arasında Milli Şura ətrafında baş verən mübahisələr İctimai Palataya da yansıyıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında bildirib ki, İctimai Palata artıq missiyasını başa vurub, ona görə də hansısa tədbir keçirməsinə də ehtiyac yoxdur: "Bu gün siyasi proseslərin ağırlıq mərkəzi Milli Şuradır. İctimai Palata isə missiyasını, funksiyasını başa vurmuş qurumdur. Milli Şuranın yaranması İctimai Palatanı prioritet olmaqdan çıxardı. Əsas səbəblərdən biri də budur ki, İctimai Palatada təmsil olunan qüvvələrin tam əksəriyyəti həm Milli Şurada təmsil olunur, həm də Milli Şurada daha geniş təmsilçilik formatı var. Eyni vaxtda müxalifət düşərgəsində iki birliyin saxlanılması məqsədəuyğun deyil. Çünki iki qurum çərçivəsində səmərəli fəaliyyət göstərmək praktiki olaraq mümkün deyil. Ona görə də İctimai Palata faktiki olaraq siyasi proseslərdə arxaya keçib və İctimai Palatanın hər hansı dinləmə keçirmək kimi təşəbbüslərinə, fəaliyyətinə ehtiyac yoxdur. İndiki halda ən doğru addım İctimai Palatanın tarixi rolunu, missiyasını qeyd edərək onun buraxılması ola bilər".
Maraqlıdır ki, "Yeni Müsavat" qəzeti AXCP rəsmisinin mövqeyini "AXCP İctimai Palatanı buraxdı" kimi təqdim edib. Bu, şəksiz ki, Müsavat Partiyasında qıcıq yaratmaq üçündür. Çünki hamıya bəllidir ki, AXCP təkbaşına belə bir qərar qəbul edə bilməz. O zaman eyni qərarı Müsavat verər və Milli Şuranı "buraxdığını" açıqlayar. Müsavat funksioneri Gülağa Aslanlı AXCP rəsmisinə cavab verib. Bildirib ki, İctimai Palata fəaliyyətini başa vurmayıb. İctimai Palatanın fəaliyyətinin bitməsi üçün ən azı onun sessiyası olmalıdır. Sadəcə, Milli Şura yaranandan sonra İctimai Palata öz işində müəyyən fasilələrə yol verib: "Əvvəla, mən güman edirəm ki, İctimai Palatanın Koordinasiya Şurası toplaşıb dinləmə keçirmək kimi məsələləri müzakirə edə bilər. Eyni zamanda Milli Şuranın da tərkibində bu məsələnin müzakirə olunması vacibdir".
Əslində hər iki tərəfin dediyində həqiqət var. İctimai Palata ömrünü başa vurub. Son parlament seçkilərində narazıların yaratdığı İP ötən prezident seçkilərində Milli Şuranın yaranması ilə arxa plana keçdi. Hazırda İP Müsavatın arxa bağçası olmaqdan başqa bir işə yaramır. Müsavat üçün İP ehtiyat variantdır. Əgər Müsavatı Milli Şuradan çıxarsalar, Rauf Arifoğlu-Arif Hacılı-Pənah Hüseyn üçlüyü İP-i dirçəltməyə başlayacaqlar. İndilikdə bu qanadın Müsavatla AXCP-ni İP-lə bağlı üz-üzə qoymaqda maraqlı olduğu ortadadır. Böyük ehtimalla, Müsavat Partiyası İP-lə bağlı təkbaşına qərar verdiyi üçün AXCP-yə etiraz edəcək. AXCP-nin mövqeyini F.Qəhrəmanlı izhar edib. Onun açıqlamasından məlum olur ki, AXCP bundan sonra İP-in toplantılarına qatılmayacaq. Bu halda Müsavat da Milli Şuranın toplantılarına qatılmaya, Şuranın işini poza bilər. AXCP ilə Müsavatın qarşılıqlı sabotajı ümumulikdə müxalifətin işini poza bilər. Bu gedişatla müxalifətin hazırki birliyi pozulacaq. Düşərgənin parçalanma görüntüsü yaransa da, qüvvələr nisbəti AXCP-nin xeyrinədir. Müxalifət partiyalarının əksəriyyəti AXCP-nin kursunu dəstəkləyir. Müsavat başqanı ilə görüşün ertəsi gün KXCP sədrinin mitinqə qatılması onu deməyə əsas verir ki, klassiklər də Müsavatın yanında olmayacaqlar. O halda Müsavat yenə də cırtdan müttəfiqləri ilə baş-başa qalmalı olacaq.



Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00