Ermənistan parlamentində Qarabağdan köçmüş ermənilərin mənzil təminatı proqramı ətrafında mübahisə yaranıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisində 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Qarabağdan köçmüş ermənilərin mənzil təminatı proqramı ətrafında müxalifət və hökumət nümayəndələri arasında fikir ayrılığı yaranıb.
Müxalif "Ermənistan" blokunun deputatı, parlamentin İnsan hüquqları və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Lilit Qalstyan maliyyə naziri Vahe Ovannisyana müraciət edərək rəsmi məlumatlara görə mənzil sertifikatlarından cəmi 4 minə yaxın ailənin yararlandığını və son müzakirələrin proqramın səmərəsizliyini göstərdiyini bildirib. Deputat gələn il bu məqsədlə ayrılan vəsaitin 2,2 milyard dram azaldılmasının səbəbi ilə maraqlanıb.

Maliyyə naziri Vahe Ovannisyan isə deputatın səsləndirdiyi rəqəmlərin köhnəldiyini deyib. Nazirin sözlərinə görə, artıq 9 minə yaxın şəxs mənzil sertifikatı alıb ki, bu da proqramın effektivliyinin artdığını göstərir. O, maliyyələşmənin 2,2 milyard dram azaldılmasını gözlənilən tələbatla əlaqələndirib və zərurət yaranacağı təqdirdə vəsaitin artırılacağını qeyd edib.
Cavabında Lilit Qalstyan proqramın səmərəliliyinin verilən sertifikatların sayı ilə deyil, onların reallaşdırılması səviyyəsi ilə ölçülməli olduğunu vurğulayıb. O, bazar təkliflərinin reallığa uyğun gəlmədiyini və köçmüş şəxslərin böyük hissəsinin hələ də ciddi mənzil problemləri ilə üzləşdiyini bildirib. Nazir isə proqram təqdim olunarkən geniş müzakirələrin aparıldığını və bundan sonra müvafiq dəyişikliklərin edildiyini xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31