“Rusiya Dağlıq Qarabağı Azərbaycana qaytarmağa razıdır” - AÇIQLAMA
Cümşüd Nuriyev: “Bunun müqabilində Rusiya Xanlar və Goranboy rayonu ərazisindəki kəndlərdən erməniləri çıxardı”
17 Dekabr 2013 16:40 SiyasətErmənistan mətbuatında Azərbaycanın Avrasiya İttifaqına qoşulacağı təqdirdə Rusiyanın Dağlıq Qarabağı geri qaytaracağı barədə məlumatlar yayılıb. Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev da hesab edir ki, ermənilərin iddialarında həqiqətlər var. Rusiya Azərbaycanla bağlı planlarını Ermənistanın dililə bizə çatdırır. C.Nuriyev qeyd edib ki, Ermənistanın özü də Dağlıq Qarabağ münaqişəsinin uzanmasından bezib. Qarabağ bu ölkəni tamamilə çökdürüb. Yerli ermənilər problemlərdən yaxa qurtarmağın yeganə yolunu Dağlıq Qarabağın Azərbaycana qaytarılmasında görürlər. Politoloq bildirdi ki, Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılmasının əvəzində Azərbaycana Avrasiya İttifaqına üzv olmaq şərtini irəli sürür. Azərbaycanın quruma üzv olması o deməkdir ki, bütün Qafqaz Avrasiya İttifaqında təmsil olunacaq: "Gürcüstan da Azərbaycanın atacağı addımı təkrarlamaq məcburiyyətində qalacaq. Azərbaycan məsələ barədə ölçülmüş addım atmalıdır. Azərbaycan Ukrayna nümunəsini təkrarlamamalıdır. Çünki Ukraynada baş verən proseslər dövlətə və vətəndaşlara ziyandan başqa heç nə gətirməyəcək. Azərbaycan ya Dağlıq Qarabağla bağlı mövcud status-kvo ilə razılaşmalı, ya da ki, müəyyən şərtlər daxilində münaqişənin həllinə nail olmalıdır. Məsələdə dövlətin qərarı əsasdır. Ermənistan və Rusiya 90-cı illərdə Azərbaycanın atdığı addımı təkrarlamasından ehtiyat edir. Çünki, həmin illərdə Azərbaycan SSRİ-nin saxlanılmasına müsbət, Ermənistan isə mənfi cavab verdi. Bunun müqabilində Rusiya Xanlar və Goranboy rayonu ərazisindəki kəndlərdən erməniləri çıxardı. Ermənistan və Rusiya da Azərbaycanın hansı addımı atmasından ehtiyatlanır. Ona görə də məsələyə bir qədər ehtiyatla yanaşırlar. Azərbaycanın bu məsələlərdəki gəlirlərini hesablamaqla hər hansı bir addımın atılması mümkündür. Rusiya isə Dağlıq Qarabağ münaqişəsini güzəştə getməklə Azərbaycanı Avrasiya İttifaqına qoşmağa razıdır". ("OLAYLAR" İA)