“Türkiyə-Ermənistan danışıqlarında ciddi proseslərə start verilib” - POLITOLOQ

Elman Nəsirov: “Türkiyəyə təzyiq göstərilir ki, Türkiyə Ermənistan ilə sərhədləri açsın”

Məlum olduğu kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbiri çərçivəsində Türkiyənin xarici işlər naziri İrəvana səfər etdi və İrəvanda öz həmkarı Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla təxminən 1 saata yaxın görüş keçirdi"- bu sözləri "OLAYLAR"a açıqlamasında Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov deyib.

Elman Nəsirovun sözlərinə görə, bu görüşdən əvvəl baş verən bir sıra hadisələr bu görüş ətrafında xüsusi bir ajotaj yaratmışdı. Bu da onunla bağlı idi ki, görüş öncəsi erməni və türk mətbuatında belə məlumatlar yayılmışdı ki, Ermənistan tərəfi Türkiyə tərəfinə yeni "yol xəritəsi" təqdim edib və həmin "yol xəritəsi"nin birinci bəndində Türkiyənin qondarma erməni soyqırımına görə üzrxahlıq etməsi və bunu dünya ictimaiyyətinə bildirməsi fikri var idi.

Politoloq fikirlərini bu cür davam etdirib: "İkincisi paralel şəkildə bunun ardınca Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi öz əksini tapırdı və yalnız bütün bunlardan sonra və bunlarla heç bir əlaqəsi olmadan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə oluna bilər".

Elman Nəsirov hesab edir ki, birinci bənd yəni Türkiyənin olmayan bir soyqırıma görə üzrxahlıq etməsi və onu tanıması qəbuledilməzdir və bu yanaşma ilə faktiki olaraq artıq bu danışıqlardan real nəticə gözləmək bir qədər qəlizləşirdi. Danışıqlar öncəsi belə bir məlumat da yayılmışdı ki, guya bu danışıqlarda işğal altında olan Azərbaycan rayonlarından ikisinin qaytarılması məsələsi müzakirə olunacaq. Amma danışıqlardan sonra məlum oldu ki, belə konkretlik yoxdur, belə məsələlər müzakirə edilməyib. Görüşdən sonra mətbuata heç bir açıqlama vermədi, görüşün detalları məlum deyil.

Bəs bu danışıqlarda nələrə nail olundu? Nəyə görə heç bir açıqlama verilmir və bu qədər məxfi saxlanılır?

Politoloqun bu suallarla bağlı iki versiyası var: Birinci versiya onunla bağlıdır ki, bu danışıqlarda faktiki olaraq heç bir şey əldə edilməyib. Danışıqlara qədərki vəziyyət necə idisə danışıqlardan sonra da həmin vəziyyətdir. Daha deməyə söz yoxdur. Necə deyərlər status-kvo vəziyyəti saxlanılır. Bu halda yeni şərhə ehtiyac yoxdur. Hər şey köhnədəki kimi bərbad vəziyyətdə olduğu kimidir. Ikinci versiya isə onunla bağlıdır ki, bu danışıqlarda isə ola bilsin ki, müəyyən üst-üstə düşən məqamlar olub. Müəyyən məsələlərdə ilkin razılaşma var, bəlkə də bu "centlemen" razılaşmadır. Amma bunu sadəcə açıqlamaq olmaz. Bu, açıqlanarsa onun yaradacağı effekt bütün bu razılaşmaları alt-üst edə bilər. Yəni müəyyən razılaşma ola bilər, sadəcə onu gizlətmək, onu məxfi saxlamaq, vaxtından əvvəl açıqlamamaq daha önəmlidir və belə vəziyyətdə necə deyərlər versiyalar üçün, ssenarilər üçün, müəyyən siyasi spekuliyasiyaların yaranması üçün şərait yaranır. Bu cür versiyaların cəmiyyətdə necə əks - səda doğuracağı da öyrənilir. Sosioloji mərkəzlər həm də bunu araşdırır".

Elman Nəsirov hesab edir ki, bu iki versiyanın üzərində dayanmaq mümkündür. Politoloq düşünür ki, eyni zamanda çox ciddi proseslərə start verilib: "Çünki Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun noyabr ayında ABŞ-da keçirdiyi görüşlər, ABŞ-ın dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentlərinə zəng etməsi, eyni zamanda Əhməd Davudoğlunun İrəvana səfəri və bunun ardınca ABŞ-ın dövlət katibi Con Kerrinin İrəvana səfərinin gözlənilməsi - bunlar hamısı bir daha bu nəticəyə gəlməyə əsas verir ki, nəsə baş verməkdədir və hansısa proseslərə start verilib. Söhbət çox ciddi proseslərdən gedir. İndiki halda ciddi cəhdlə Türkiyəyə təzyiq göstərilir ki, Türkiyə Ermənistan ilə sərhədləri açsın, amma Türkiyənin də mövqeyi bəllidir".

Elman Nəsirli Türkiyənin Ermənistanla bağlı mövqeyini bu cür şərh edib: "Həmin mövqe ondan ibarətdir ki, Türkiyə sərhədləri açmaqda maraqlıdır, Türkiyə sərhədlərin bərpasında maraqlıdır, amma bir şərtlə Ermənistan Azərbaycan torpaqlarının qaytarılması ilə bağlı konkret addımlar atsın. Davudoğlunun ardınca ABŞ-ın dövlət katibi Con Kerrinin də İrəvana səfər etməsi bu məsələlərlə bağlıdır və istisna deyil ki, ABŞ-ın dövlət katibi Ermənistana müəyyən təzyiqlər etsin, çünki müəllifləri olduqları layihənin yəni Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsinin həyata keçirilməsi əmsalı sıfıra enmiş olur. Ona görə bunda maraqlı olmayan rəsmi Vaşinqton Ermənistan tərəfinə də başa salmaq istəyir ki, kompromislərsiz mümkün deyil. Beləcə proseslər bu istiqamətdə cərəyan etməkdədir".

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00