“Ermənistan Azərbaycanla əlaqələrin bərpası üçün Rusiya ilə danışıqlar aparır” - AÇIQLAMA

Razi Nurullayev: “Hazırda erməni cəmiyyətində bununla bağlı çağırışlar var ki, Azərbaycanla, Türkiyə ilə problemlər həll olunmalıdır”

"Ermənistanı hər gün təxminən 400 erməni tərk edir. Ümumilikdə isə indiyədək Ermənistanı və Qarabağı 1 milyon 700 min erməni tərk edərək xaricə üz tutub" - "OLAYLAR"ın məlumatına görə, "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev belə deyib. R.Nurullayev bildirib ki, işğalçı ölkədə vəziyyətin bu dərəcədə acınacaqlı mənzərə alacağı gözlənilən idi. Ermənistanın yalnız Gürcüstan və İranla olan sərhədləri açıqdır. Ancaq nəzərə alsaq ki, İran iqtisadiyyatı embarqo altındadır, o zaman bu ölkənin Ermənistana geniş sərmayə qoymaq imkanları məhduddur. R.Nurullayevin sözlərinə görə, Ermənistan özü-özünü bu cür vəziyyətə salıb. Ermənistanda nəinki sadə insanlar, o cümlədən erməni siyasətçiləri də çox gözəl başa düşür ki, bu cür siyasətin davam etdirilməsi ölkəni uçuruma aparır: "Ermənistandan insanların köç etməsi davam edəcək. Bu da onların "Böyük Ermənistan" xülyası ilə tərs mütənasiblik təşkil edir. Hazırda erməni cəmiyyətində bununla bağlı çağırışlar var ki, Azərbaycanla, Türkiyə ilə problemlər həll olunmalıdır. Bunun üçün də Ermənistan müəyyən güzəştlərə meyllənmiş kimi görünür. Ancaq sözügedən məsələdə təkcə Ermənistan faktoru deyil, Rusiya amili də çox önəmlidir. Ermənistan mövcud vəziyyətdən çıxmaq üçün Rusiyadakı müəyyən dairələrlə danışıqlar aparır. Dağlıq Qarabağ ətrafında yerləşən rayonların işğaldan azad edilməsi məsələsinin gündəmə gəlməsi də bununla bağlıdır. Ancaq bütün bunların nə dərəcədə yaxın perspektivdə nəticə verəcəyini demək çətindir. Çünki Ermənistan müstəqil yox, marionet dövlətdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00