Superpartiya ideyası Müsavatı qarışdıra bilər - SİYASİ ANALİZ

AXCP-nin təklifi Arif Hacılı qanadını narazı salıb

AXCP yeni təkliflə çıxış edib.  Partiya sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Müsavatla AXCP-nin birləşməsi, başqa bir şəxsin, ziyalının (AXCP yəqin ki, Cəmil Həsənlinin nəzərdə tutur-müəll) sədr seçilməsi yaxşı olardı. Qeyd edək ki, bu təkliflə öncə bir sıra siyasi analitiklər çıxış etmişdi. Müxalifət düşərgəsinə yaxınlığı ilə seçilən hüquq müdafiəçisi Vidadi İsgəndərli də bu təklifi vermişdi.  Siyasi analitik Azər Rəşidoğlu da yazmışdı. Bu dəfə AXCP rəsmi şəkildə təklifi irəli sürüb. Müsavatın buna reaksiyası necə olacaq? Təklif niyə indi ortalığa çıxarılıb? Müsavat superpartiya ideyasına razı olacaqmı? AXCP-nin superpartiya ideyasını ortaya atması Müsavatı siyasi dalana dirəmək məqsədi güdür. Bəllidir ki, Müsavat Milli Şuradan çıxmaq istəyir. Artıq partiyada əksəriyyətin fikri budur ki, seçkidə özünü doğrultmamış Milli Şura buraxılmalıdır. Lakin AXCP Milli Şuranı buraxmaq yox, genişləndirmək niyyəti güdür. Müsavatın Milli Şuradan çıxması üçün alibisi yoxdur. Partiya dalana dirənib. Siyasi partiyalarla danışıqlar yalnız bir məqsəd güdür: Müsavat Milli Şuradan ağrısız şəkildə uzaqlaşsın. Bu isə mümkün deyil. AXCP-nin partiyaların birləşməsi və superpartiya yaradılması ideyası  Müsavatı daha da küncə sıxmaq məqsədi güdür. Bu o deməkdir ki, real qüvvələrin birliyini istəyirsinizsə, o zaman partiyalar birləşsin.

Müsavatın superpartiya ideyasına reaksiyası indidən bəllidir. Partiya buna razı olmayacaq. Ümumiyyətlə, Müsavat Milli Şurada qalmaqla qurumun işini iflic eləmək taktikasına önəm verəcək, nəinki birləşməyə razı olacaq. Yeri gəlmişkən, artıq iddialar var ki, Müsavat sonuncu mitinqi sabotaj edib, aksiyaya gərəkən sayda adam çıxarmayıb. Bu cür "çp"lər davam edərsə, AXCP Müsavatla yollarını ayıracaq.

Superpartiya ideyası Müsavatda ikitirəlik də yarada bilər. AXCP ağıllı oynasa, "partiyalar birləşsin, sədr İsa Qəmbər olsun" ideyasını ortaya atsa, o zaman Müsavat daxilində problemlər yarana bilər. Müsavat başqanlığından getməyə hazırlaşan İsa Qəmbər bu ideyaya dəstək çıxa bilər. Postİsa Qəmbər dövründə başqan olmaq istəyən şəxslər isə buna razı olmayacaqlar. Məsələn, Arif Hacılı AXCP ilə birləşmək niyyətində deyil. Müsavatla AXCP birləşsə, Arif Hacılı avtomatik olaraq üçüncü olur. Bu mövqe isə Hacılı üçün qaneedici deyil. Hacılı başqan postunu İsa Qəmbərdən alıb, hazır partiyaya lider olmaq istəyir.

Nəzəri cəhətdən mümkün olan superpartiya ideyası reallaşarsa, bunu müxalifətə nə kimi təsiri olacaq? Fikrimizcə, AXCP ilə Müsavatın birləşməsi ənənəvi müxalifətə müvəqqəti ajiotajdan başqa  heç nə verməyəcək.  Ənənəvi müxalifətin sıradan çıxması prosesi sürətlənib və bu prosesin qarşısını almaq İsa Qəmbərin, Əli Kərimlinin gücü daxilində deyil. Meydana yeni qüvvələr gəlir, ənənəvi müxalifət onlarla müttəfiqlik etməyə can atmalıdır. Ənənəvi müxalifət qüvvələrinin cəmiyyət qarşısında inam limiti bitib. Bu partiyalar o qədər zəifləyiblər ki, hər seçkidə ziyalıların dəstəyi olmasa toparlana bilmirlər. Müşahidələr göstərir ki, AXCP bunu anlayır və gənclərlə işə önəm verir. Müsavatda isə köhnə elita təmsilçilərinin təkəbbürü davam edir və bu, partiya üçün zərərli nəticələr verəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00