Azərbaycanın tolerant mühiti kimləri rahatsız edir?
15 Oktyabr 11:25 SiyasətAzərbaycan tarixən müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqədə yaşadığı məkanlardan biri olmuşdur. Ölkəmizdə tolerantlıq, yəni dini və milli fərqliliklərə hörmətlə yanaşmaq, müxtəlifliyə anlayış göstərmək mühüm ictimai dəyərlərdən hesab edilir. Azərbaycan ərazisində əsrlər boyu azərbaycanlılarla yanaşı, müxtəlif etnik və dini icmalar da yaşamışdır. Bu gün də ölkədə müsəlmanlarla yanaşı, xristian və yəhudi icmaları mövcuddur. Onların dini ibadətlərini həyata keçirməsi, öz adət-ənənələrini qoruması və mədəni irsini yaşatması multikultural həyatın nümunələri kimi təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiyasında insanların hüquq bərabərliyi, vicdan azadlığı və dini etiqad azadlığı təsbit edilmişdir. Bu prinsiplər hər bir insanın dini inancından, milliyyətindən və dilindən asılı olmayaraq hüquqlarının qorunması üçün hüquqi əsas yaradır.
Ölkəmizdə tolerantlığın nümunələrini tarixi məbədlərdə, dini bayramlarda, müxtəlif icmaların mədəni tədbirlərində və gündəlik ictimai münasibətlərdə görmək mümkündür. Bakıdakı Qız qalası və İçərişəhər kimi tarixi məkanlarla yanaşı, məscidlər, kilsələr və sinaqoqlar da ölkənin mədəni və dini irsinin müxtəlifliyini əks etdirir.
Tolerantlıq yalnız müxtəlif dinlərin və xalqların bir yerdə yaşaması demək deyil. O, eyni zamanda insanların bir-birinin hüquqlarına hörmət etməsini, ayrı-seçkiliyə yol verməməsini və qarşılıqlı anlaşma şəraitində yaşamasını tələb edir. Bu dəyərlərin qorunması həm dövlətin qanunlarından, həm də cəmiyyət üzvlərinin gündəlik davranışlarından asılıdır.
Azərbaycanı tolerant dövlət kimi səciyyələndirən əsas xüsusiyyətlərdən biri müxtəlif dini və mədəni ənənələrin mövcudluğu, eləcə də bərabərlik və vicdan azadlığı prinsiplərinin qanunvericilikdə təsbit olunmasıdır. Bu dəyərlərin gündəlik həyatda da qorunması cəmiyyətdə sülhün, birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə kömək edir. Azərbaycanın Konstitusiyasının 18-ci, 25-ci və 48-ci maddələri bu məsələlərin hüquqi əsaslarını müəyyən edir.
Çox təəssüf ki, Azərbaycanda formalaşmış bu tolerantlıq mühiti anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Elə bu səbəbdən də ölkəmizdə yaranmış sabitliyi pozmaq, cəmiyyətdə qarşıdurma yaratmaq və Azərbaycanın dini qaydalarla idarə olunan dövlətə çevrilməsi üçün məkirli planlar işə salınıb. Bütün mümkün təxribat üsullarından istifadəyə əl atan anti-Azərbaycan qüvvələri öz istəklərini qadınlar və məktəb yaşlı uşaqların əli ilə həyata keçirməkdə israrlıdırlar. Azərbaycan dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilə də eyni ssenarinin tərkib hissəsidir. Müstəqil dövlətin adi məktəbli forması ilə bağlı qərarına etiraz sözün əsil mənasında Azərbaycanın daxili işinə qarışmaqdan başqa bir şey deyil. Əfsuslar olsun ki, bu istəkdə olanları sırasında qardaş Türkiyə və yaxın qonşumuz olan İran xüsusi fəallıq nümayiş etdirir.
Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanın baş müşaviri Oktay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, "hicablı tələblərin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir" açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin "hicab qadağası" kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri - çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir. Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, "Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq". Etiraf edilməlidir ki, ASKON-nun təqdim etdiyi bu seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, Azərbaycan konstitusiyasına görə dünyəvi dövlətdir və din dövlətdən ayrıdır. Bu model Azərbaycanda əsrlər boyu formalaşmış multikulturalizm, dözümlülük və müxtəlif dini konfensiyaların dinc yanaşı yaşaması ənənəsinin hüquqi təminatıdır. Bu halda, Türkiyə və İrandan hökumətin qərarına əks mövqe sərgiləmək ideoloji təzyiqdən başqa bir şey deyil. Türkiyənin öz tarixi təcrübəsi (məsələn, yaxın keçmişdə baş vermiş 15 iyul hadisələri) göstərir ki, dini qrupların və təriqətlərin dövlət siyasətinə və idarəçiliyinə həddindən artıq müdaxiləsi milli təhlükəsizlik üçün ciddi risklər yaradır. Türkiyə mətbuatında Azərbaycanın dünyəvi addımlarını tənqid edənlər, əslində regional sabitliyi təhlükəyə atdıqlarını anlamalıdırlar. Nəhayət dərk etməlidirlər ki, təriqət maraqları milli maraqlardan üstün tutula bilməz. Əgər qonşu dövlətlər ağıl ilə deyil, təriqət maraqları ilə məsələyə yanaşsalar, bunun sonu yalnız ikitərəfli münasibətlər yox, həm də ümumilikdə regionda sabitliyin pozulmasına gətirib çıxara bilər.
Alim Hüseynli