“İran Xəzərdə təhlükəsizlik kəməri yarada bilməyəcək” - AÇIQLAMA
Razi Nurullayev: “Çünki sözügedən məsələ kifayət qədər xərc və texnika tələb edən məsələdir”
16 Dekabr 2013 17:12 Siyasət"İran Xəzərin özünə aid sektorunda təhlükəsizlik kəməri yaradıb. İran Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Afşin Rzayi Həddad bir neçə gün öncə bunu demişdi." - "OLAYLAR"ın məlumatına görə, "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev belə deyib. R.Nurullayev hesab edir ki, İranın praktiki olaraq bunu tam reallaşdıra biləcəyi inandırıcı görünmür. Bir neçə dəfə Rusiya Xəzərdə təhlükəsizlik zolağının yaradılması ilə bağlı təşəbbüs göstərib və bununla əlaqədar müəyyən addımlar atıb: "Eyni mövqedən Qazaxıstan dövləti də çıxış edib. Ona görə də hesab edirəm ki, buna hansısa siyasi rəng verməyə ehtiyac yoxdur. Hesab etmirəm ki, İran özünün nəzərdə tutduğu təhlükəsizlik kəmərinin yaradılması üçün yaxın bir neçə il ərzində hansısa irəliləyiş əldə edə bilər. Bu, əsla real görünmür. Çünki sözügedən məsələ kifayət qədər xərc və texnika tələb edən məsələdir. Yəni bu kimi məsələlər üçün davamlı olaraq maliyyə resursu sərf olunmalıdır. Hazırkı şəraitdə də İranın belə bir imkanı yoxdur. Çünki ölkənin hazırkı iqtisadi imkanları belə bir yükü qaldırmaq gücündə deyil. Bundan ötrü İran Xəzərdəki hərbi gəmilərinin, hərbi heyətin sayını bir neçə dəfə artırmalıdır. Eyni zamanda, dənizdə keçirilən hərbi təlimlərin də sayı artırılmalı və bu davamlı olmalıdır. Bütün bunlar üçün də böyük həcmdə vəsait lazımdır". ("OLAYLAR" İA)