Birlikdən parçalanmaya: İslamın Böyük Sınağı-Özəl

İlahi Hökm və Tarixi Reallıq: İslam Dünyasında Parçalanmanın Fəsadları

Dörd böyük xəlifənin ( Həzrət Əbubəkir,Həzrət  Ömər, Həzrət Osman, Həzrət  Əli) hamısı İslamın daxildən parçalanmasını, müxtəlif adlar və məzhəblər altında qruplaşmağı ümmət üçün ən böyük fəlakət hesab edirdilər. Müsəlmanlar ortaq düşmənlərə qarşı birləşmək əvəzinə, güclərini daxili münaqişələrdə tükətmiş, İslam coğrafiyasını xarici müdaxilələr üçün açıq qapıya çevirmişlər. İslamın ilk dövrlərindəki elmi zənginlik və sərbəst düşüncə (ictihad) yerini kor-koranə təqlidçiliyə və fərqli düşünəni kafir elan etmə (təkfir) xəstəliyinə vermişdir. Daxili savaşlar və radikal qruplaşmalar İslamın dünyaya sülh və mərhəmət dini kimi təqdim olunmasının qarşısını kəsmiş, beynəlxalq aləmdə islamofobiyanı bəsləyən əsas amilə çevrilmişdir.
Məzhəbçilik, İslam dünyasının tarix boyu üzləşdiyi və bu gün də fəsadları davam edən ən böyük daxili problemlərdən biridir. İslam dini mahiyyət etibarilə birliyə, qardaşlığa və vəhdətə çağırdığı halda, məzhəbçilik bu prinsiplərə zidd fəaliyyət göstərərək müsəlman cəmiyyətlərini daxildən parçalayan bir amilə çevrilmişdir.
İslamın əsas qaynağı olan Qurani-Kərimdə birmənalı şəkildə birliyə çağırış edilir və parçalanmaq qadağan olunur (məsələn, "Al-i İmran" surəsi, 103-cü ayə: "Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!" Allah-Təala Peyğəmbərimizə (s.ə.s.) dinlərini parçalayıb firqələrə bölünən insanlardan uzaq durmağı əmr edir və onları Peyğəmbərin yolundan kənar sayır: "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha qalıb. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir."
Allah müsəlmanlara özlərindən əvvəlki kitablara tabe olanların (yəhudilər və xristianlar) etdiyi səhvləri təkrarlamamağı, yəni aydın bəyanatlar gəldikdən sonra parçalanmamağı hökm edir: "Aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən kəslər kimi olmayın! Onları böyük bir əzab gözləyir." (Al-i İmran surəsi, 105)
Şəriətin əsas qayələrindən biri dinin bütövlüyünü qorumaqdır. Allah bütün peyğəmbərlərə eyni prinsipi vəhy etdiyini bildirir:
"chr("39")(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" -deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (Şura surəsi, 13)
Quran firqələrə bölünməyi və hər qrupun yalnız özünün doğru yolda olduğunu iddia etməsini (bunu günümüzün məzhəb təəssübkeşliyinə də aid etmək olar) çox ağır bir dillə pisləyir:"...Müşriklərdən olmayın! O kəslərdən ki, dinlərini parçalayıb firqə-firqə oldular. Hər firqə özündə olana (öz əqidəsinə) sevinir. (onu haqq bilir)." (Rum surəsi, 31-32)
Həzrət Məhəmməd (s.ə.s.) bu ayələrin işığında öz ümmətini tez-tez xəbərdar edər rəvayət olunan hədislərində buyurardı:
"Camaatla (birlikdə) olun, parçalanmaqdan uzaq durun. Çünki şeytan tək qalanla bərabərdir, iki nəfərdən isə uzaq qaçar."
Veda xütbəsində parçalanmanın müsəlmanları zəiflədəcəyini vurğulayaraq: "Məndən sonra bir-birinizin boynunu vuran kafirlərə dönməyin" deyə əmr etmişdir.
Uca Allahın bu hökmlərindən aydın olur ki, İslamda ayrıca bir məzhəb və ya firqə adı altında qruplaşmaq, digər müsəlmanları kənarlaşdırmaq birbaşa Quranın ruhuna və ilahi qanunlara ziddir. İslamın tək adı var - müsəlmanlıq, yeganə birləşdirici ipi isə Qurandır.
Məzhəbçilik fərqli düşünən müsəlmanları "düşmən" və ya "azğın" elan edərək, İslamın təbliğ etdiyi ümumbəşəri qardaşlıq prinsipini məhv edir.
Tarixdən bu günə qədər davam edən bir çox daxili müharibələr, terror aktları və regional münaqişələr məhz məzhəb təəssübkeşliyi zəminində alovlandırılmışdır. Bu, milyonlarla günahsız müsəlmanın qanının tökülməsinə səbəb olmuşdur.
Məzhəbçilik əksər hallarda saf dini inancdan daha çox, siyasi maraqların təmin olunması üçün istifadə edilir.
Bəzi qüvvələr və dövlətlər öz siyasi nüfuzlarını genişləndirmək, kütlələri idarə etmək üçün məzhəb fərqliliyini manipulyasiya edirlər.
Siyasi məqsədlər üçün məzhəb amilindən istifadə olunması dinin insan gözündəki ali və mənəvi dəyərini zədələyir, onu bir münaqişə vasitəsi kimi qələmə verir.
İslamın ilk əsrlərində fərqli rəylər və məzhəblər bir zənginlik, elmi rəqabət mühiti formalaşdırırdı. Lakin sonradan formalaşan kor-koranə məzhəbçilik bu inkişafın qarşısını aldı.
İnsanlar Quran və Sünnəni birbaşa anlamaq əvəzinə, yalnız mənsub olduqları məzhəbin normalarını mütləq həqiqət kimi qəbul etməyə başladılar. Bu isə dində ictihadın (yeni dövrün suallarına elmi cavab axtarışının) qapısının bağlanmasına və elmi durğunluğa gətirib çıxardı.
Öz məzhəbindən olmayan alimlərin və ya fikirlərin rədd edilməsi, hətta qarşı tərəfin "kafir" elan edilməsi elmi tənqid mədəniyyətini yox etdi.
Məzhəb zəminində baş verən münaqişələr, radikal qruplaşmaların fəaliyyəti qeyri-müsəlman dünyasında İslam haqqında mənfi rəyin formalaşmasına rəvac verir.
Müsəlmanların bir-biri ilə savaşması xaricdə İslamın "zorakılıq və dözümsüzlük dini" kimi təqdim olunmasına bəhanə yaradır.
Daxili problemlərlə boğuşan bir ümmət, İslamın gözəlliklərini və sülh mesajını dünyaya layiqincə çatdıra bilmir.
Müsəlman coğrafiyasının məzhəb xətləri ilə parçalanması, regionda marağı olan xarici güclərin işini asanlaşdırır. "Parçala və hökm sür" siyasəti məhz bu zəiflikdən qidalanır. Daxili birliyi olmayan cəmiyyətlər asanlıqla xarici manipulyasiyaların qurbanına çevrilirlər.
İmam Əli (ə) müsəlmanları parçalanmaqdan çəkindirərək, sürüdən ayrılan qoyunun canavara yem olduğu kimi, ümmətdən ayrılanların da şeytana yem olacağını vurğulayır:
 Siz ən böyük müsəlman kütləsinə qoşulun . Çünki Allahın köməyi birliklədir. Parçalanmaqdan uzaq durun! İnsanlardan bircə nəfər də olsa, sürüdən ayrılan qoyunun canavara yem olduğu kimi, camaatdan ayrılan da şeytanın yemi olar. Agah olun! Kim insanları bu parçalanmaya, firqəçiliyə çağırarsa, hətta mənim bu əmmaməmin altında olsa belə, onu cəzalandırın (onun qarşısını alın)!"
(Nəhcül-Bəlağə, 127-ci xütbə) 
İmam Əli (ə) eyni dinə mənsub ola-ola fərqli rəylərlə fətvalar verib dini məzhəblərə, qruplara bölənləri kəskin şəkildə qınayır: "Onlardan birinə bir hökm barəsində sual verildikdə öz rəyi ilə hökm çıxarır. Eyni sual digərinə verildikdə isə o, birincinin tam əksinə hökm verir... Halbuki onların Tanrısı bir, Peyğəmbəri bir, Kitabı birdir! Məgər Allah onlara parçalanmağı, ixtilafda olmağı əmr edib, onlar da Bu fərmana tabe olublar?! Yoxsa Allah onlara ixtilafı qadağan edib, onlar isə Ona üsyan ediblər?!" (Nəhcül-Bəlağə, 18-ci xütbə) 
Məzhəbçiliyin ən böyük fəsadı bir şəxsi və ya ideologiyanı kor-koranə müqəddəsləşdirib ifrata varmaq, yaxud digər tərəfə kor-koranə nifrət bəsləməkdir. İmam Əli (ə) özü barəsində belə buyurmuşdur:
"Mənimlə bağlı iki qrup insan həlak olacaq: Biri məni həddindən artıq sevib ifrata varanlar (məni ilahiləşdirənlər və ya Peyğəmbərdən üstün tutanlar), digəri isə mənə qarşı həddindən artıq nifrət bəsləyib düşmənçilik edənlər (xaricilər və s.). Mənim barəmdə ən xeyirli insan orta yolu tutanlardır (ifrat və təfritə varmayanlardır)." (Nəhcül-Bəlağə, 127-ci xütbə) 
İmam Əli (ə) qruplaşmaların və fərqli ideoloji çağırışların cəmiyyəti necə azdırdığını qısa və lakonik şəkildə belə ifadə edib:"İki fərqli, bir-birinə zidd çağırış (dəvət) varsa, mütləq onlardan biri zəlalətdir (azğınlıqdır)."
İmam Əli ,  müsəlmanları tarixdən dərs çıxarmağa çağıraraq qeyd edirdi ki, keçmiş xalqlar məhz məzhəbçilik və qrup təəssübkeşliyi üzündən məhv olublar:"Sizdən əvvəlkilərin əməllərindən ibret alın! Onların birlikdə olduqları, qəlblərinin bir vurduğu, əllərinin bir-birinə dayaq olduğu və dinlərində ixtilafa düşmədikləri vaxtları xatırlayın... Sonra onların sonuna da baxın! Nə zaman ki, aralarına ayrılıq düşdü, ülfət və birlik bağları qopdu, qəlbləri ixtilafa uğradı, müxtəlif firqələrə bölündülər və qruplaşdılar; Allah onlardan izzət libasını soyundurdu və nemətlərini əllərindən aldı." (Nəhcül-Bəlağə, "Qasiə" xütbəsi)
İslam tarixində fərqli dini cərəyanların və məzhəblərin institusional şəkildə formalaşması ikinci xəlifə Ömər ibn əl-Xəttabın vəfatından sonrakı dövrlərə təsadüf edir. Lakin xəlifə Ömər (r.a.) öz xilafəti dövründə İslam ümmətinin birliyini qorumaq, firqəçiliyin və dini parçalanmanın (məzhəbçiliyin əsasını qoyan amillərin) qarşısını almaq üçün çox sərt və qətiyyətli addımlar atmış, bu barədə mühüm kəlamlar qoyub getmişdir. 
Xəlifə Ömər müsəlman cəmiyyətinin parçalanma təhlükəsinin xarici düşmənlərdən deyil, daxildəki elmi və siyasi təhriflərdən gələcəyini uzaqgörənliklə qeyd edirdi. Ziyad ibn Hudeyrin rəvayət etdiyi hədisdə Xəlifə Həzrət Ömər ondan soruşur:  "İslamı nəyin daxildən yıxıb dağıdacağını bilirsənmi?" Ziyad "Xeyr" dedikdə, xəlifə buyurur: "İslamı dağıdacaq şeylər - alimlərin (elmdə etdiyi) səhvləri, münafiqlərin Quran ayələri üzərindən (öz maraqları üçün) etdiyi mübahisələr və insanları azdıran rəhbərlərin verdiyi (bölücü) hökmlərdir." (Sünən əd-Darimi, 220)
(Bu kəlam günümüzdə Quran ayələrini öz məzhəb və qrup maraqlarına görə şərh edərək ümməti parçalayan təəssübkeşlərə qarşı ən böyük xəbərdarlıqdır)
Məzhəbçiliyə qarşı ən güclü qalxan hesab edilən məşhur "Cəbiyə xütbəsi" xəlifə Ömərin ümmətə ən böyük mirasıdır. O, Suriyada müsəlman ordusunun və xalqın qarşısında çıxış edərkən Peyğəmbərimizdən (s.ə.s.) nəqlən belə buyurmuşdur:
"Sizə camaatla (birlikdə) olmağı əmr edir, parçalanmaqdan və ayrılıqdan (firqəçilikdən) şiddətlə çəkindirirəm! Çünki şeytan tək qalanla bərabərdir, iki nəfərdən isə uzaq qaçar. Kim Cənnətin tam ortasını istəyirsə, camaatdan (birlikdən) ayrılmasın!" (Sünən ət-Tirmizi, 2165)
Xəlifə Ömər elmi savadı olmadan dini qruplara rəhbərlik edənlərin ümməti parçalayacağını bilirdi. O, müsəlmanları fərqli iddialarla ortaya çıxmazdan əvvəl saf dini öyrənməyə çağırırdı: "Başçı (rəhbər) olmazdan əvvəl dini dərindən öyrənin (fiqh sahibi olun)!" (Səhih əl-Buxari)
Çünki dində dərin elmi olmayan, lakin kor-koranə təəssübkeşliklə kütlələri arxasınca aparan şəxslər tarix boyu məzhəb münaqişələrinin və təkfirçiliyin (digər müsəlmanları kafir elan etməyin) əsas baiskarı olmuşdurlar.
Ömər ibn əl-Xəttab (r.a.) xilafəti dövründə müsəlmanların dində lüzumsuz və fəsad törədə biləcək detallar üzərində mübahisə etməsini qadağan edərdi. O, tez-tez xəbərdarlıq edirdi ki, yəhudi və xristianlar öz peyğəmbərlərindən sonra dini mövzularda fərqli firqələrə bölündükləri və elmi mübahisələri düşmənçiliyə çevirdikləri üçün həlak olublar. Müsəlmanların da eyni aqibəti yaşamaması üçün o, saf inancı (Tövhid) və Quranın ətrafında birləşməyi mütləq tələb edirdi.
Xəlifə Ömərin idarəçilik fəlsəfəsinə görə, müsəlmanların vahid bir adı var idi: Müsəlman. Onun dövründə hər hansı bir dini məzhəb ambisiyası ilə qruplaşmaq cəhdi ümmətin daxili təhlükəsizliyinə təhdid sayılır və dərhal qarşısı alınırdı.
İslam tarixində ilk xəlifə olan Həzrət Əbubəkir əs-Siddiqin (r.a.) dövrü, dini məzhəblərin və təriqətlərin tam formalaşmadığı, lakin İslam ümmətinin parçalanma təhlükəsi ilə (mürtədlər, yalançı peyğəmbərlər və zəkat verməyənlərlə) ilk dəfə üz-üzə qaldığı ən kritik dövrdür.
Həzrət Əbubəkir Peyğəmbərimizin (s.ə.s.) vəfatından dərhal sonra baş qaldıran bu daxili ayrılıqlara qarşı polad kimi möhkəm dayanmış, İslamın bütövlüyünü qorumuşdur. Onun məzhəbçiliyin asasını təşkil edən "dində qruplaşma, fərqli yollara meyl etmə və əsas qaynaqdan ayrılma" fəsadlarına qarşı baxışını və kəlamlarını bu şəkildə qruplaşdırmaq olar: Məzhəbçiliyin ən böyük psixoloji fəsadı, müsəlmanların İslamın özündən daha çox müəyyən şəxsiyyətlərə, rəhbərlərə və ya imamlara kor-koranə bağlanmasıdır. Həzrət Əbubəkir Peyğəmbərimizin (s.ə.s.) vəfatı günü bəşər tarixinin ən böyük birlik bəyanatını verərək bu xəstəliyin qarşısını kökündən kəsmişdir: "Agah olun! Sizdən hər kim Məhəmmədə ibadət edirdisə (ona bağlanmışdısa), bilsin ki, Məhəmməd vəfat etdi. Kim Allaha ibadət edirsə, bilsin ki, Allah diridir, əbədidir və heç vaxt ölməz!" (Səhih əl-Buxari)
Dərhal sonra isə o, Al-i İmran surəsinin 144-cü ayəsini oxuyaraq ümməti şəxslərin ardınca deyil, dinin əbədi prinsipləri ətrafında birləşməyə çağırmışdır. Bu prinsip sübut edir ki, İslamda şəxslər (imamlar, şeyxlər, müctəhidlər) dinin özü deyil, yalnız ona aparan vasitəçilərdir.
Məzhəbçilik çox vaxt Quran və Sünnənin açıq hökmlərini kənara qoyub, insanların öz xüsusi rəylərini (rəy və qiyas fərqlərini) mütləqləşdirməsi ilə başlayır. Həzrət Əbubəkir xəlifə seçildiyi gün oxuduğu ilk xütbədə müsəlmanlara ona hansı şərtlə tabe olmalı olduqlarını belə bəyan etmişdir: "Mən Allaha və Onun Rəsuluna itat etdiyim müddətdə siz də mənə itaət edin. Əgər mən Allaha və Onun Rəsuluna üsyan etsəm (onların yolundan azca da olsa kənara çıxsam), sizin mənə itaət etmək borcunur yoxdur!" (İbn Hişam, əs-Sirə)
Bu kəlam dində "mütləq tabeçilik" iddiası ilə yaranan və ümməti parçalayan qruplaşmalara ərşə çəkilən bir xəbərdarlıqdır.
Məzhəblərin bir-birindən ayrılmasına səbəb olan ən böyük amillərdən biri də dində sonradan uydurulan rituallar və əqidə fərqləridir (bidətlərdir). Həzrət Əbubəkir xəlifəliyi dövründə xalqa müraciətlərində tez-tez bu düsturu təkrarlayardı: "Mən yalnız (Peyğəmbərin qoyduğu yola) tabe olan biriyəm (müttəbiəm), özümdən yeni bir şey icad edən (mübtədi) deyiləm." O, müsəlmanları dində özbaşına qruplar formalaşdırmaqdan çəkindirir, dinin əslini olduğu kimi qorumağın fərz olduğunu bildirirdi.
Peyğəmbərimizin (s.ə.s.) vəfatından sonra bəzi qəbilələr "Biz namaz qılırıq, amma zəkat vermirik" deyərək İslamın bütöv bir hökmünü parçalamaq və fərqli bir dini yol tutmaq istədilər. Həzrət Əbubəkir dinin parçalanmasına imkan verməyərək buyurdu: "Allaha and olsun ki, namazla zəkatın arasını ayıranlarla (dini parçalayanlarla) mütləq savaşacağam!" (Səhih əl-Buxari)
Bu qətiyyətli addım sübut etdi ki, İslamın hökmlərini süzgəcdən keçirib, öz istəyinə uyğun yeni bir cərəyan və ya məzhəb yaratmaq cəhdləri dinin daxili bütövlüyünə qarşı ən böyük xəyanətdir.
Həzrət Əbubəkir insanların Quran ayələrini öz ağlına və fərqli mənalara yozaraq qruplaşmasından çox qorxardı. O, bir dəfə Quranın dərin və mütəşabih (mənası gizli olan) ayələri barədə danışarkən öz elmi məsuliyyətini və ehtiyatını belə ifadə etmişdi:
"Əgər mən Allahın Kitabı haqqında öz rəyimlə (elmi əsasım olmadan, kafama görə) bir şey desəm, hansı göy məni kölgələndirər, hansı yer məni üzərində daşıyar?!" (İbn Əbi Şeybə, əl-Müsənnəf) Məhz bu ehtiyatlılıq müsəlmanları elmdə həddi aşmaqdan və fərqli-fərqli firqələrə bölünməkdən qoruyan ən mühüm mənəvi sədd idi.
Üçüncü xəlifə Həzrət Osman ibn Əffanın (r.a.) dövrü, İslam coğrafiyasının inanılmaz dərəcədə genişləndiyi və fərqli mədəniyyətlərdən olan insanların kütləvi şəkildə İslama daxil olduğu bir dövr idi. Bu genişlənmə daxili ixtilafları, fərqli oxunuşları və gələcəkdə məzhəbçiliyin yaranmasına səbəb olacaq ilk ciddi qütbləşmələri də bərabərində gətirdi.
Həzrət Osmanın birbaşa olaraq günümüzdəki mənada "fiqhi məzhəblər" barədə kəlamı yoxdur, çünki o dövrdə bu məzhəblər hələ yaranmamışdı. Lakin onun xilafəti dövründə atdığı tarixi addımlar və ümmətə etdiyi xəbərdarlıqlar, dində qruplaşmaların və məzhəbçiliyin qarşısını almaq məqsədi daşıyırdı.
Həzrət Osman dövründə məzhəbçiliyin asasını qoya biləcək ən böyük təhlükə - müxtəlif bölgələrdəki müsəlmanların Quranın qiraəti (oxunuşu) üzərində mübahisə etməsi və bir-birlərini ittiham etməsi idi.
Azərbaycan və Ermənistan səfərlərindən qayıdan sərkərdə Huzeyfə ibn Yəmən xəlifəyə müraciət edərək dedi: "Ey möminlərin əmiri! Bu ümmət yəhudi və xristianlar kimi öz kitabları barəsində ixtilafa düşməmişdən öncə onların dadına çat!" 
Həzrət Osman dərhal qəti addım ataraq Quranın müxtəlif ləhcələrdəki nüsxələrini toplatdı və onları Qureyş ləhcəsi əsasında vahid bir rəsmi nüsxədə (Müshəf-i Osman) birləşdirdi. Digər fərqli şəxsi qeydləri isə gələcəkdə məzhəb və firqə ayrılığına səbəb olmasın deyə məhv etdi. Bu, İslam dünyasını "kitab üzərində parçalanmaqdan" xilas edən ən mühüm hadisədir.
Ömrünün son günlərində, İslam tarixində ilk daxili siyasi qruplaşma (məzhəbçiliyin siyasi təməli) tərəfindən evi mühasirəyə alındıqda, Həzrət Osman müsəlman qanının tökülməsinin və ümmətin geridönməz şəkildə bölünməsinin qarşısını almaq üçün canını fəda etdi.O, evini qorumaq istəyən gənc səhabələrə (Həsən, Hüseyn, Abdullah ibn Ömər və s.) silah çəkməyi qəti qadağan etdi. O buyurdu: "Məni müdafiə etmək üçün bircə damla belə müsəlman qanının tökülməsini istəmirəm." Həzrət Osman bilirdi ki, əgər o dövrdə müsəlmanlar xəlifəni qorumaq üçün daxili bir savaşa başlasaydılar, bu, İslamın daxilində əbədi qan davasına və məzhəb müharibələrinə çevriləcəkdi. O, öz həyatını ümmətin bütövlüyünə qurban verdi.
Həzrət Osman ona qarşı üsyan edən və dində fərqli iddialarla ortaya çıxan qruplara müraciətlərində tez-tez Allahın birliyə verdiyi önəmi xatırladırdı. Tarixi mənbələrdə (məsələn, İbn Cərir ət-Təbərinin "Tarix" əsərində) onun üsyançılara belə müraciət etdiyi qeyd olunur:"Allah sizə birliyi, qardaşlığı əmr etdi və parçalanmaqdan çəkindirdi. Sizdən əvvəlkilər məhz ixtilafa düşdükləri və firqələrə bölündükləri üçün həlak oldular. Allaha and olsun ki, əgər siz bu birliyi pozsanız, bir daha heç vaxt bir yerdə namaz qıla bilməyəcək, düşmənə qarşı bir yerdə vuruşa bilməyəcəksiniz və aranızda əbədi bir ayrılıq düşəcək."
Həzrət Osmanın dövründə xüsusilə Kufə, Bəsrə və Misir kimi mərkəzlərdə gizli dərnəklər və ideoloji qruplar formalaşmağa başlamışdı (məsələn, Abdullah ibn Səbənin tərəfdarları). Bu qruplar xəlifəni və onun təyin etdiyi valiləri hədəf alaraq cəmiyyətdə daxili nifrət toxumu səpirdilər. Həzrət Osman bu qrupların liderlərini paytaxt Mədinəyə çağırıb onlarla elmi müstəvidə bəhs edir, iddialarının əsassız olduğunu sübut edirdi. O, müsəlmanların vahid bir icma (camaat) daxilində qalmasını tələb edir, gizli dini-siyasi qruplaşmaların İslamın saf inancını daxildən gəmirəcəyini vurğulayırdı.
İslam dünyasının tarix boyu üzləşdiyi və bu gün də ağrısını çəkdiyi fəsadların kökündə Quranın və Həzrət Məhəmməd peyğəmbərin (s.ə.s.) birmənalı şəkildə qadağan etdiyi parçalanma və məzhəb təəssübkeşliyi dayanır. Qurani-Kərim firqəçiliyi müşriklərin xüsusiyyəti kimi pislədiyi, dörd böyük xəlifə - Həzrət Əbubəkir, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli (r.a.) isə canları bahasına ümmətin bütövlüyünü qorumağa çalışdıqları halda, sonrakı əsrlərdə siyasi ambisiyalar və elmi korluq dini inancı parçalama alətinə çevirdi.
İslam dünyasının bu böhrandan qurtulmasının yeganə yolu tarixi fərqlilikləri bir düşmənçilik meyarı olaraq görməkdən əl çəkməkdir. Məzhəblər dinin özü deyil, yalnız hüquqi və intellektual şərhlər sistemidir. Din isə bütöv və təkdir. Bu gün müsəlman ümməti fərqli adlar və etiketlər altında qruplaşmağı kənara qoyub, Allahın hər kəs üçün ortaq buyurduğu yeganə ada - "Müsəlman" kimliyinə qayıtmalıdır. Yalnız Quran və Sünnənin əsl ruhuna, yəni Tövhid (birlik) və vəhdət prinsipinə sadiq qalmaqla İslam dünyası yenidən öz izzətini, elmi qüdrətini və daxili hüzurunu bərpa edə bilər.

Rövşən Qasımov
Vəkil-hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31