“Putin Avropa İttifaqına alternativ yaratmaq istəyir” - AÇIQLAMA
Elşən Manafov: “Moskva bu quruma digər Asiya dövlətlərini də qoşmaq istəyir”
16 Dekabr 2013 16:58 Siyasət"Gömrük İttifaqı Rusiya prezidenti Vladimir Putinin layihəsidir. Gömrük İttifaqı Rusiyanın təsiri altında MDB ölkələrinin iqtisadi ittifaqda birləşməsini ehtiva edir. Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı qəbul etdiyi qərar daha çox siyasi qərar idi" bu sözləri "OLAYLAR"a açıqlamasında politoloq Elşən Manafov bildirib. Politoloq qeyd edib ki, Ermənistan indiyə qədər də Rusiyanın təsir dairəsindədir. "İstər iqtisadiyyatı, istərsə də Ermənistanda Rusiya hərbi bazalarının yerləşdirilməsini nəzərə alsaq Ermənistanın Rusiyanın təzyiqinə duruş gətirmək imkanları yoxdur" deyə politoloq öz fikirlərini ifadə edib. Amma Gömrük İttifaqına MDB dövlətləri istisna olmaqla daha hansı dövlətlərin qoşulmaq ehtimalına gəldikdə isə Elşən Manafov bildirib ki, bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir açıqlama verdi ki, Rusiya Gömrük İttifaqına Vyentnamı, Yeni Zelandiyanı və Okeaniya dövlətlərini də qəbul etmək fikrindədir. Buradan da belə nəticəyə gəlmək olar ki, Gömrük İttifaqı əslində MDB çərçivəsinə sığışdıra bilinəcək bir ittifaq olmayacaq. Sözün əsl mənasında görünür ki, Putin perspektivdə Avropa İttifaqına alternativ ola biləcək nəhəng geosiyasi və geoiqtisadi məkan yaratmaq istəyir. ("OLAYLAR" İA)