Deyir ki, heç nə

"Bəyin oğurlanması" filmində Amanoğlu İsrafilə belə deyir: "O əjdaha xaricdə yenə peyda olub. Qəzetlər də yazır, deyir gözü ilə görənlər də var. Eşitməmisən göldə yaşayır. Çox qəribədir, doğrudan da o əjdahadan xaricdə varsa, bəs o əjdahadan niyə bizdə yoxdur!". Əlqərəz, müxalifət yenə mitinq keçirdi. Piket də demək mümkündür. Elə piketdir. Ənənəvi qüvvələr Milli Şuranın bayrağı altında "İnşaatçılar" metrosu yaxınlığındakı "Məhsul" stadionuna toplaşmışdılar. İddialar yenə də özünü doğrultmadı. Cəbhəçilərin verdikləri proqnozların əksinə olaraq meydan yenə də boşdu. Aprel ayından bu tərəfə müxalifət keçirdiyi mitinqləri 2-3 min nəfərlə yola verir. Bu dəfə isə say barmaqla göstərilirdi. Soyuq hava narazı elektoratı evlərinə doldurmuşdu. Təbiətin şıltaqlığına görə canını meydanda tapşırmayan insan müxalif ola bilməz. Bu isə göstərir ki, müxalifət həqiqətən yoxdur. Yəqin ki, indən sonra da olmayacaq. Azərbaycan müxalifətinin özünəməxsusluğu var. "Müxalif qüvvə" şablonu ilə cilalanmış bir-iki partiyanın əsas məqsədi siyasətlə bağlı deyil. Bu günki Azərbaycan müxalifətinin siyasət adına atmaq istədiyi bircə addım belə yoxdur. Səsləndirdiyi fikirlərə görə, qrant almaq onun vəzifəsidir. İstəyir Müsavatı olsun, istərsə də AXCP-si - eyni parçanın kəsiyidirlər. Artıq bunu demək yorucudur, deməliyik, 21 ildir ki, müxalifət dediyimiz bir-iki partiya Azərbaycan insanı üçün televiziya ekranıdır. Görür və gördüyü üçün gəlmir. Özləri qışqırır, özləri danışırlar, özləri əl çalıb özləri oynayır. Keçirilən mitinqlərin səhərisi günü müxalif mətbuatının məsələyə münasibəti keçən illər ərzində də dəyişməyib. Müxalifət mətbuatının mitinqlərlə bağlı təəssüratları "Forbes" jurnalının qərəzli hesabatlarına oxşayır. Rəqəmləri şişirtmək dəbdir, 21 ildir eynidir. Bənzərsizdir. Qınamaq olmaz. Partiyalar tərəfindən verilən tezislərə uyğun yazırlar. Milli Şura adlanan qurumun başlığına "Demokratik Qüvvələrin" birləşməsini artırıblar. Əgər ki, MŞ-ın keçirdiyi 2 min nəfərlik mitin, səhərisi gün 10 min olursa, bu demokratiya deyil. Mərhum prezident Heydər Əliyev deyirdi ki, demokratiya insanların şüurunda dəyişiklik deməkdir, bu dəyişiklik inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir. Müxalifətdə isə hələ təkamül erası başlamayıb. Müxalifət hələ də 90-cı illərdəki kimi primitiv və ibtidai mərhələsində yaşayır. Müxalifəti formalaşdıran iki əsas partiyanın adını "A"dan "Z"-yə hamı bilir: Birini adı Müsavat, digərinki isə AXCP-dır. Hər iki partiyanın rəhbərliyi artıq neçə illərdir ki, dəyişməz qalır. İsa Qəmbər və Əli Kərimli artıq sədri olduqları partiyaları diktatorial qayadalarla idarə edirlər. Tarixən də məlumdur ki, çox vaxt diktatorların dostluğu uzun çəkmir. Əli Kərimli və İsa Qəmbərin də diktator olduqlarını nəzərə alsaq, mitinqlərə niyə adamın gəlmədiyi və Azərbaycanda ümumiyyətlə müxalifətin niyə olmaması bəlirlənir. Birincisi müxalifətin hər hansı məsələ barədə müzakirə masası yoxdur. İkincisi, konkret məqsədi yoxdur. Üçüncüsü, insanları inandırmaq qabiliyyəti yoxdur. Dördüncüsü, qərarvericilik yoxdur. Beşincisi, müxalifət liderlərinin xarizması bir qədər aşağıdır. Altıncısı, şəxsi ambisiyalar dövlət maraqlarından qabağıdır. Yeddincisi, xarici və daxili qüvvələrin cəlbedici təkliflərinin təsirlərinə tez düşürlər. Səkkizinci, mənəmənəmlik var. Doqquzuncu, şərh yoxdur. Ununcu və s. və i.a. Fukidid düz deyirdi, biz afinalılar siyasətlə əlaqədar qərarları uyğun müzakirələrdən sonra alırıq; ən pis olan şey, nəticələri müzakirə edilmədən bir siyasətin tətbiq olunmasıdır. Müxalifət isə siyasət tətbiq edib müzakirəyə gedir, sonra isə hərənin ağzı bir avaz çalır. Belə olacaq. Sonra da sual verirsən, nəyi müzakirə etdiniz, deyir heç nə.

Mənsur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00