Türkiyənin diplomatik jestinə qarşı Ermənistanın qeyri-konstruktiv mövqeyi

İki rayonun boşaldılması söhbəti alınmadı

Son günlər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə arasında 20 ildən artıqdır ki, bağlı olan sərhədlərin açılması məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən toplantısında iştirak etməsi və erməni həmkarı ilə görüşməsi məsələnin aktuallığını bir qədər də artırıb. Düzdür, iki ölkənin xarici siyasət idarəsi rəhbərləri arasında baş tutan görüşdə qeyd edilən məsələlərlə bağlı konkret razılığın əldə edilmədiyi bildirilsə də, müəyyən tərəddüdlər də qalmaqdadır. Bildirilir ki, Davudoğlu və Nalbəndyan arasında bağlı qapılar arxasında keçirilən görüş hər iki tərəf üçün faydalı olub. Bəs görəsən Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Türkiyə Ermənistanla sərhədləri açmağa maraqlı olacaqmı? Ümumiyyətlə, Davudoğlu-Nalbəndyan görüşü proseslərin sürətlənməsinə nə dərəcədə təsir göstərəsək?

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın İrəvanda baş tutan görüşü sırf diplomatik protokol görüşü idi: "Türkiyə Ermənistan üçün çox böyük əhəmiyyət daşıyan ölkə olsa da, cənab Davudoğlunun İrəvan səfəri zamanı onun Ermənistan prezidenti ilə görüşü baş tutmadı. Bu, öz-özlüyündə onu göstərir ki, iki ölkə arasında münasibətlər hələ də çox soyuqdur". Millət vəkili onu da bildirib ki, bütün bu soyuqluqlara rəğmən, son zamanlar Ermənistan tərəfi Türkiyə ilə münasibətləri istiləşdirməyə, yumşaltmağa nail olmaq və bununla da həmin ölkənin geniş imkanlarından yararlanmaq istəyir: "Ancaq indiki məqamda bu, Türkiyə üçün qəbulolumazdır. Çünki qardaş Türkiyə dövləti, bu ölkənin rəhbərliyi və ən əsası Türkiyə ictimaiyyəti bu münasibətlərə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geriyə qaytarılması şərti ilə yanaşır, hər zaman bu mövqedən çıxış edir. Eyni zamanda, Türkiyənin daim ən böyük strateji müttəfiqi olan Azərbaycanın mövqeyini müdafiə etməsi, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etməsi çox vacib bir addımdır". Aydın Mirzəzadənin sözlərinə görə, xarici işlər nazirlərinin məlum görüşü həm də beynəlxalq təşkilatların İrəvanda təşkil etdikləri tədbir çərçivəsində reallaşdırılan adi bir görüş idi: "Düzdür, Türkiyə tərəfi bu görüşlə, səfərlə bağlı bir yenilik də etdi. Yəni, o, bu görüşə xarici işlər naziri cənab Davudoğlunu yox, Türkiyə Xarici İşlər Nazirliyinin başqa bir məsul əməkdaşını da göndərə bilərdi. Həmçinin, Türkiyə tərəfindən bu görüşə, səfərə 3 erməninin də cəlb olunması Türkiyənin Ermənistana bir jesti kimi qəbul edilə bilər. Amma bir daha qeyd etmək lazımdır ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin istiləşməyə, yaxınlaşmaya doğru getməsi yalnız bir şərtlə - Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməsi şərt ilə, bu işğala son qoyulandan sonra mümkün ola bilər. Hesab edirəm ki, qardaş Türkiyə dövləti də Ermənistanla münasibətlərdə hər zaman ciddi şəkildə bu məqamı nəzərə alır".

Politoloq Elman Nəsirov isə hesab edir ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçirilən tədbiri çərçivəsində Nalbandyan və Davudoğlu arasında keçirilən görüşdən möcüzə gözləməyə  heç bir əsas yox idi: "Türkiyə tərəfinin mövqeyi istər görüşdən əvvəl, istərsə də görüş çərçivəsində bəlli idi və indi də bu mövqedə heç bir dəyişiklik yoxdur. Həmin mövqeyə görə, Türkiyə Ermənistanla bağlı olan sərhədlərin açılmasında maraqlıdır və bunu istəyir. Amma burada konkret şərt var. Bu şərt ondan ibarətdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Hər halda, Türkiyə tərəfinin mövqeyi belədir ki, sərhədlər yalnız Azərbaycan torpaqları işğaldan azad olunduğu təqdirdə açıla bilər". Politoloq  torpaqlar işğaldan azad edilməyəcəyi təqdirdə Türkiyə-Ermənistan sərhədlərinin açılması mümkünlüyü barədə də danışıb. Bildirib ki, belə bir addım atılarsa, Azərbaycanın Ermənistanı təcrid siyasətinə çox ciddi zərbə dəyər: "Türkiyə və Ermənistan sərhədlərinin açılması ideyasının müəllifi Amerika Birləşmiş Ştatlarıdır. 2009-cu ildə Sürixdə ABŞ Türkiyə ilə Ermənistan arasında məlum protokolların imzalanmasına nail oldu. Bu məsələlərdə Azərbaycan və Türkiyənin eyni mövqeyi protokolların işlək vəziyyətə keçməsini əngəllədi. Azərbaycanın mövqeyi odur ki, Türkiyənin hər hansı dövlətlə münasibətlərə girməsi daxili işidir, amma bir sıra ciddi reallıqlar da var ki, mütləq nəzərə alınmalıdır". Elman Nəsirov onu da bildirib ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması Rusiyanın maraqlarına xidmət göstərir: "Ermənistan Türkiyənin hesabına iqtisadi, sosial və digər sahələrdə böhrandan qurtula bilər. Amma Moskva üçün qırmızı xətt amili də var: Türkiyə-Ermənistan münasibətləri inkişaf edə bilər, amma qırmızı xəttə qədər. Sonra hərbi-siyasi, təhlükəsizlik sahəsində əməkdaşlıq başlayır ki, bu da Rusiyanın maraqlarına tamamilə ziddir. Rusiya sadəcə iqtisadi münasibətlərin inkişafında maraqlıdır. Necə ki, Türkiyə NATO ölkəsi olmaqla bir çox halda ona rəqib olan Rusiya ilə iqtisadi, enerji sahəsində ciddi əməkdaşlıq  edir, iki ölkənin ticarət dövriyyəsi 38 milyard dollara çatıb. Amma Türkiyə heç bir halda qırmızı xətti keçib Rusiya ilə hərbi əməkdaşlıq müqaviləsi imzalaya bilməz".

Elman Nəsirovun fikrincə, Türkiyə ilə Ermənistan münasibətlərində Rusiya amilini heç vaxt yaddan çıxarmaq olmaz: "Moskva bu münasibətlərin çərçivələri aşdığını hiss etsə, dərhal əlaqələrin kəsilməsi və Ermənistanı yerində oturtmaq siyasətini işə sala bilər. Digər tərəfdən Ermənistan Dağlıq Qarabağ məsələsində heç bir güzəştə, kompromisə getmir, amma Türkiyənin güzəştə getməsindən ilhamlanacaq və özünə daha inamlı olacaq. İşğalçı hesab edəcək ki, özü geriyə bir addım belə atmır, amma qarşı tərəf güzəştə getdi, deməli, ondan qorxurlar. Hesab edirəm ki, sərhədlərin açılması məsələsi yenə gündəmə gələrsə, Azərbaycan sərt reaksiya verəcək, öz mövqeyindən çəkilməyəcək. Türkiyə dövləti də buna getməz. Çünki onun təsdiqlənmiş mövqeyi var. Ermənistanın xarici işlər naziri ilə görüşündə də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bir daha vurğulayıb ki, Türkiyə sərhədlərin açılmasına maraqlıdır.  Amma şərtləri var, bu da Dağlıq Qarabağ münaqişəsinin həllidir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00