Mübariz Əhmədoğlu: "Davudoğlunun Ermənistana səfəri sübut etdi ki, Sarkisyanın məqsədi Qərb vasitəsilə Türkiyəni cəzalandırmaqdır"
16 Dekabr 2013 12:40 Siyasət"Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Ermənistana səfəri ərəfəsində və səfəri zamanı baş verənlər Ermənistanın indiki rəhbərliyinin Türkiyə ilə əlaqəli siyasətinin mahiyyətini tamamilə ifşa etdi". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, heç bir mübahisəli məsələ qalmadı. Ə.Davudoğlu Ermənistan rəhbərliyinin gözləmədiyi vaxtda Yerevana səfəri ilə Ermənistan rəhbərliyini şoka saldı: "Türkiyə Prezidenti A.Gülün Ermənistana səfərindən və ya məşhur "futbol diplomatiyası"ndan sonra Türkiyədən Ermənistana bir neçə dəfə yüksək çinli rəsmilər, hətta nazirlər səfər etmişdi. Ə.Davudoğlunun səfəri 2009-cu ildən bəri Ermənistan rəhbərliyinin Türkiyəyə münasibətinin aqressiv istiqamətdə inkişaf etdiyini göstərdi. Ermənistan parlamentindən Sürix protokollarını geri çağırmamaq kələkdən başqa bir şey deyil".
M.Əhmədoğlu qeyd edib ki, Prezident S.Sarkisyan Ə.Davudoğlu ilə Yerevanda görüşməkdən nümayişkaranə şəkildə imtina etdi: "Bu həmin S.Sarkisyandır ki, 2013-cü il ərzində 7-8 dəfə Avropada və digər yerlərdə Ermənistan-Türkiyə sərhədlərinin açılmasından ötrü Türkiyəyə təzyiq edilməsini Ermənistanın avrointeqrasiyası üçün şərt kimi qoyub. S.Sarkisyan təkcə Türkiyəni deyil, Avropanı da ələ salır.
Politoloq bildirib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Ə.Davudoğlu ilə görüşdən yayınması ilə bağlı Ermənistan mətbuatında PR kampaniyalar reallaşdırıldı: "E.Nalbandyan da Yerevanda Ə.Davudoğlu ilə görüşməyəcəyini bildirdi. Ən son anda Ə.Davudoğlunun ABŞ Dövlət Katibi C.Kerri ilə telefon danışığı, ola bilər, E.Nalbandyanın görüşməməklə bağlı qərarına təsir edib. Ə.Davudoğlunun Yerevana səfərinə yerli əhalinin etirazı görünməmiş həddə idi".
M.Əhmədoğlu qeyd edib ki, Ə.Davudoğlunun Qarabağ tənzimlənməsi ilə bağlı mövqeyindən müəyyən qədər geri çəkilməsi də Ermənistan rəhbərliyinin mövqeyini dəyişmədi: "Bütün baş verənlər bir şeyi sübut edir: Rəsmi Yerevan üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması adlı məsələ yoxdur. Bu məsələ S.Sarkisyanın əlində Türkiyəyə təzyiq vasitəsidir; Türkiyəni normallaşmanın əleyhdarı kimi təqdim etməklə ABŞ-ı və Avropanı Türkiyənin üstünə qaldırmaq. Qərblə Türkiyənin münaqişəsində kimin udub-uduzacağı Ermənistan üçün elə böyük əhəmiyyətə malik deyil. Əlbəttə, ermənilər Türkiyənin uduzmasında daha maraqlıdırlar. Amma S.Sərkisyanın konfliktogenliyinin uğur qazanması Ermənistan üçün daha maraqlıdır".
Politoloqun fikrincə, S.Sarkisyanın Türkiyəyə qarşı mövqeyinin belə dəyişməsi təkcə onun özü ilə şərtlənmir: "S.Sarkisyan "futbol diplomatiyasını" irəli sürəndə indi ABŞ Dövlət Departamentində erməni məsələlərini kuratoru, mənşəcə serb-qadın M.Yovanoviç Ermənistana yenicə səfir təyin olunmuşdu. M.Yovanoviçdə serb millətçiliyi ABŞ rəsmiçiliyini üstələdi. Ona görə də S.Sarkisyanın Türkiyəyə və Qarabağ tənzimlənməsinə mövqeyini dəyişdi. 2008-ci ilin mart hadisələri zamanı qan tökməklə hakimiyyətə gəlmiş S.Sarkisyan Qarabağ tənzimlənməsində və Türkiyə ilə münasibətdə mövqeyini xeyli yumşaltmışdı. S.Sarkisyanın 2008-ci ildəki bəyanatları və atdığı addımlar bunu əyani şəkildə sübut edir. ABŞ səfiri M.Yovanoviç S.Sarkisyana Türkiyə məsələsində mövqeyini yumşaltmağı qadağan etdi, Qarabağ tənzimlənməsindəki mövqeyini isə sərtləşdirdi. M.Yovanoviçin fəaliyyəti nəticəsində indiki səfir C.Heffern qısa müddət ərzində ermənilərin girovuna çevrildi. Dəfələrlə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına münasibət bildirən C.Hefferin Sürix protokollarının mahiyyətini dəyişən Ermənistan Konstitusiya məhkəməsinin qərarına münasibət bildirməyib. Ermənilər kimi C.Heffern də bütün məsələlərdə Türkiyəni günahkar bilir".
M.Əhmədoğlu hesab edir ki, Ə.Davudoğlunun Ermənistana səfəri Türkiyədə bəzi qızmış başları soyudacaq: "ABŞ və oradakı erməni diasporu Türkiyədə mətbuat, QHT təmsilçiləri və ekspertlərdən ibarət böyük plast yaradıblar. Fəaliyyətləri ermənilərlə münasibətlərinin normallaşmamasında rəsmi Ankaranın günahlandırmaqdır. Son vaxtlar fəaliyyətləri çox genişlənmişdi. İndi bu plasta da bəlli olacaq ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmamasının günahkarı Türkiyə deyil, Ermənistandır".
Politoloqun sözlərinə görə, ABŞ başda olmaqla Qərb Ermənistanla əlaqəli siyasətlərində seçim qarşısındadırlar: "Ya Ermənistana həqiqəti başa salmalı, Ermənistanın konfliktogenliyinin qarşısını almalı, ya da Qafqaz regionunda Rusiya ilə ciddi qarşıdurmaya hazır olmalıdırlar. Ermənistan konfliktsiz yaşaya bilməz. Ə.Davudoğlunun Yerevana səfərdən əvvəl "Türkiyə Cənubi Qafqazda sabitliyi təmin etmək üçün bütün addımları atmağa hazırdır" bəyanatını verməsi, eləcə də Ermənistanda olarkən Azərbaycanın Dağlıq Qarabağda müharibə etməsindən danışması, Dağlıq Qarabağ münaqişəsilə gürcü-abxaz münaqişəsini eyniləşdirməsi diqqətdən kənarda qalmamalıdır. Ə.Davudoğlunun Qafqazla bağlı leksikonunda "bütün addımlar" və "Dağlıq Qarabağda müharibə" terminləri yox idi. Eləcə də ilk dəfə idi ki, Ə.Davudoğlu Dağlıq Qarabağ münaqişəsilə Abxaziya münaqişəsini eyniləşdirdi. RF bunları ciddi mesaj kimi qəbul edə bilər". trend