“İslan dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərində otursunlar”- ÖZƏL

"İslam dini Azərbaycan xalqının tarixində, milli-mənəvi dəyərlərinin formalaşmasında və ictimai düşüncəsində xüsusi yer tutur. Əsrlər boyu İslam yalnız dini etiqad kimi deyil, həm də mərhəmət, ədalət, xeyirxahlıq, dürüstlük, insan ləyaqətinə hörmət və həmrəylik kimi dəyərlərin yaşadılmasında mühüm mənəvi dayaq olub". "Olaylar" xəbər verir ki,  bunu Milli Məclisin deputatı Seyhun Məmmədov deyib: "Azərbaycanın İslamla bağlılığı yalnız məscidlərin və dini abidələrin mövcudluğu ilə ölçülmür. İslamın təsiri xalqımızın mədəniyyətində, ədəbiyyatında, memarlığında, elmində, fəlsəfəsində, adət-ənənələrində və gündəlik həyatında özünü göstərir. Nizami Gəncəvi, Xaqani, Nəsimi, Füzuli kimi böyük söz ustadlarının yaradıcılığında da İslam dünyagörüşünün və Şərq mədəniyyətinin izlərini görmək mümkündür.
Bu gün də İslam Azərbaycan cəmiyyətinin mənəvi həyatının ayrılmaz hissəsidir. Azərbaycanın İslam dünyasındakı mövqeyi də bu tarixi və mənəvi bağlılığın müasir ifadəsidir. Ölkəmiz İslam həmrəyliyinə, dinlərarası və mədəniyyətlərarası dialoqa xüsusi əhəmiyyət verir.
Lakin Azərbaycanın dini modelindən danışarkən mühüm bir məqamı xüsusi vurğulamaq lazımdır: Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik dinin və dini dəyərlərin inkarı demək deyil. Əksinə, dünyəvi dövlət müxtəlif dini inanclara mənsub insanların öz etiqadlarını sərbəst şəkildə yaşamasına, ibadət etməsinə və dini ənənələrini qorumasına bərabər imkan yaradır.
Bu gün Azərbaycanda insanın hansı dinə mənsub olması onun cəmiyyətdəki hüquq və mövqeyini müəyyən etmir. Müsəlman məsciddə, xristian kilsədə, yəhudi sinaqoqda öz dini ibadətini həyata keçirə bilir. İnsanların dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmaması, müxtəlif dini icmaların öz ibadət məkanlarına və dini ənənələrinə sahib olması ölkəmizdə formalaşmış birgəyaşayış mədəniyyətinin mühüm göstəricisidir.
Azərbaycanın dini tolerantlığından danışarkən daha bir mühüm məqamı da unutmaq olmaz. Tarixin müxtəlif dövrlərində bizim müqəddəs yerlərimizə və dini abidələrimizə münasibətdə fərqli yanaşmaların şahidi olmuşuq. Lakin Azərbaycan xalqı başqa dinlərin müqəddəs məkanlarına yalnız "başqasının dini" kimi baxmayıb. Biz kilsəyə, sinaqoqa və digər ibadət yerlərinə həmin dinin nümayəndələrinin müqəddəs məkanı kimi yanaşmaqla yanaşı, onları Allahın evi, insanın Yaradanına üz tutduğu və ibadət etdiyi müqəddəs məkan kimi qəbul etmişik.
Bu gün Azərbaycanda olan kilsələrə, sinaqoqlara və digər dini icmalara məxsus ibadət məkanlarına baxmaq kifayətdir. Onların qorunmasına, bərpasına və fəaliyyət göstərməsinə dövlət səviyyəsində diqqət göstərilir. Bu məkanların mövcudluğu Azərbaycanın dini müxtəlifliyə münasibətinin yalnız sözlə deyil, real münasibətlə də ifadə olunduğunu göstərir.
Məhz buna görə Azərbaycanda dini abidələrin qorunması yalnız həmin dinin nümayəndələri üçün deyil, bütövlükdə ölkənin tarixi və mədəni irsinin qorunması kimi qəbul edilir. Biz öz məscidlərimizə necə ehtiram göstəririksə, kilsəyə və sinaqoqa da həmin ibadət məkanında dua edən insanların müqəddəs yeri kimi hörmətlə yanaşırıq.
Başqa sözlə, Azərbaycanda insan öz inancını seçmək, onu yaşamaq və dini mərasimlərini həyata keçirmək hüququna malikdir. Dövlətin dünyəvi xarakteri məhz bu müxtəlifliyin qorunması üçün hüquqi əsas yaradır. Bizim üçün əsas olan insanın hansı dinə inanması deyil, onun cəmiyyətin bərabərhüquqlu üzvü olmasıdır.
Bu münasibət dini bayramlara da özünü göstərir. Ramazan və Qurban bayramları Azərbaycanda geniş qeyd olunur. Prezident İlham Əliyev bu bayramlar münasibətilə Azərbaycan xalqını təbrik edir, onların mərhəmət, yardımlaşma, həmrəylik və xeyirxahlıq kimi mənəvi dəyərlərini xüsusi vurğulayır. Eyni zamanda Milad bayramı münasibətilə ölkənin xristian icmasına təbriklər ünvanlanır. Bu yanaşma müxtəlif dini icmalara hörmətin dövlət səviyyəsində ifadəsidir.
Əslində, insan sevgisi, mərhəmət və ədalət kimi dəyərlər yalnız İslamın deyil, səmavi dinlərin də ortaq mənəvi xəttini təşkil edir. Tövratın "Levililər" kitabında insanın öz yaxınını özü kimi sevməsi ilə bağlı çağırış yer alır. Bu yanaşma müxtəlif dini ənənələr arasında insanı birləşdirən ortaq dəyərlərin mövcudluğunu göstərir.
Dini dəyərlərə hörmət yalnız ibadət və dini mərasimlərlə məhdudlaşmamalıdır. Əsas məsələ həmin dəyərlərin insan davranışında özünü göstərməsidir. Mərhəmət, ədalət, dürüstlük, insan ləyaqətinə hörmət, ehtiyacı olana yardım və sülh kimi prinsiplər dinin cəmiyyətə verdiyi ən mühüm mənəvi töhfələrdəndir.
15 sentyabr 2026-cı ildə Bakıda beynəlxalq konfransların iştirakçılarını qəbul edən Prezident İlham Əliyevin səsləndirdiyi fikir də bu baxımdan diqqət çəkib: 
"İslan dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərində otursunlar". 
Bu fikir İslam dünyasında həmrəyliyin və birliyin əhəmiyyətinə diqqət çəkir. Dini dəyərləri zəiflətmək, insanları dini inancı üzərindən qarşı-qarşıya qoymaq və İslamı qarşıdurma predmetinə çevirmək cəhdlərinə qarşı mənəvi dəyərlərin qorunması vacibdir.
Son günlər "Çevik" ləqəbi ilə tanınan Məqsəd Bağırov və Kamran Bilalovla bağlı yayılan xəbərlər də dini mövzular ətrafında müzakirələri yenidən gündəmə gətirib. Bu hadisə sosial mediada söz və davranış məsuliyyətinin əhəmiyyətini bir daha göstərib.
Bu gün sosial şəbəkələrdə yayılan bir fikir qısa müddətdə minlərlə insana çatır. Xüsusilə din, milli-mənəvi dəyərlər və insanların müqəddəs hesab etdiyi anlayışlarla bağlı fikirlər ifadə edilərkən daha böyük məsuliyyət tələb olunur. Fikir azadlığı ilə yanaşı, qarşılıqlı hörmət də qorunmalıdır.
İslam dininə zərbə vurmaq, onun müqəddəs dəyərlərini gözdən salmaq və insanları dini inancı üzərindən qarşı-qarşıya qoymaq cəhdlərinə ən doğru cavab İslamın öz mahiyyətindəki dəyərləri yaşatmaqdır. Çünki İslamın əsas çağırışları nifrətə deyil, mərhəmətə, ədalətə, sülhə, qardaşlığa və insan ləyaqətinə hörmətə əsaslanır.
Azərbaycan üçün İslam həm tarixdir, həm mədəniyyətdir, həm də mənəvi yaddaşdır. Eyni zamanda Azərbaycan dünyəvi dövlətdir. Bu iki məqam bir-birinə zidd deyil. Əksinə, öz dini və milli dəyərlərinə sahib çıxan Azərbaycan digər dinlərə və inanclara da hörmət göstərməklə dünyəvi dövlət modelinin mahiyyətini ortaya qoyur.
Bizim gücümüz də məhz bu tarazlıqdadır: öz inancımıza sahib çıxmaq, lakin başqasının inancına hörmətsizlik etməmək. Öz dinimizi sevmək, digər dinləri təhqir etməmək. Öz müqəddəslərimizə hörmət göstərmək, başqasının müqəddəs hesab etdiyi dəyərlərə də ehtiramla yanaşmaq.
Çünki bizim üçün müqəddəs olanı qorumaqla yanaşı, başqasının müqəddəs hesab etdiyinə hörmət etmək də mənəvi yetkinliyin göstəricisidir. Məscidin, kilsənin və sinaqoqun eyni ölkədə öz dini icmaları üçün fəaliyyət göstərməsi Azərbaycanın birgəyaşayış mədəniyyətinin real nümunəsidir.
Azərbaycanın dini müxtəlifliyi parçalanma səbəbi deyil, qarşılıqlı hörmət və birgəyaşayış üçün imkan olmalıdır. İslamın Azərbaycandakı mövqeyi də məhz bu zəngin tarixi, mənəvi və ictimai reallıq fonunda dəyərləndirilməlidir.
Bu irsi qorumaq, dini həmrəyliyi gücləndirmək, müxtəlif inanclara hörmətlə yanaşmaq və gələcək nəsillərə mənəvi dəyərləri ötürmək bizim ümumi məsuliyyətimizdir. Öz dinimizə bağlılığımız başqasının dininə hörmətsizlik etməyimizə səbəb olmamalıdır. Əksinə, həqiqi mənəvi dəyər öz müqəddəsinə hörmət etdiyi qədər başqasının müqəddəsinə də hörmət etməyi bacarmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31