Müsavat Milli Şuranı ölü quruma çevirmək istəyir - SİYASİ ANALİZ

Partiya yeni siyasi birliyin yaranmasına çalışır

Müsavat Mərkəzi İcta Aparatının rəhbəri Arif Hacılı partiyasının Azərbaycanın müxalifət partiyaları ilə görüşlərə başladığını bildirib. Facebookda yazdığı statusunda Arif Hacılı bildirib ki, ilk görüş AXCP-də olacaq. Sonra KXCP-də görüş keçirməyi planlaşdırırlar. AXCP sədrinin müavini partiyasının Müsavatın bu taktiki gedişinə münasibətini açıqlayıb. Məmmədli deyib ki, Müsavatın apardığı danışıqların predmeti bəlli deyil. AXCP hesab edir ki, müxalifətin birgə əməkdaşlıq mərkəzi (yəni Milli Şura) ola-ola  danışıqlar başlamağın yeri yoxdur. AXCP sədrinin digər müavini Fuad Qəhrəmanlı da bəyan edib ki, Müsavatın qaldırdığı məsələ və apardığı danışıqlar AXCP üçün maraqsızdır. Həqiqətən də Müsavatın müxalifət partiyaları ilə danışıqlara başlamasına əsas yoxdur. Əsas o vaxt olardı ki, Müsavat Milli Şuradan çıxa və bunu əsaslandıraydı. Müsavatın mövqeyi Rauf Arifoğlunun dili ilə izhar olunub əslində. Baş yazar hesab edir ki, Milli Şura Rusiya proyektidir və Müsavat orda olmamalıdır. Amma iş burasındadır ki, ictimai təpkidən qorxan Müsavat rəhbərliyi bu kursu təqib etmək istəmir. Müsavat açıq-aşkar AXCP-dən çəkinir. Müxalifət partiyaları ilə başlanan danışıqlar isə Müsavatın Milli Şuradan ağrısız çıxması üçün düşünülmüş gedişdir. Müsavatın partiyalarla danışıqlara başlaması özü uğursuz düşünülmüş, məntiqsiz addımdır. Son 3-4 ildə Müsavatın daim bir prinsipi olub: "real qüvvələrin birliyi lazımdır". Müsavat bu kursu indi də davam etdirir. İsa Qəmbər, Arif Hacılı, Rauf Arifoğlu dəfələrlə yazı və açıqlamalarında qeyd ediblər ki, ölkədə iki real qüvvə var: AXCP və Müsavat. Müsavat qalan partiyaları güc hesab etmir. O halda Müsavat kiminlə danışacaq? "Real qüvvə", "əsas müxalifət" hesab olunan AXCP və Müsavat İctimai Palata və Milli Şurada müttəfiqdirsə, danışıqlarda hansı nəticə əldə oluna bilər? Göründüyü kimi Müsavat danışıqlara birləşdirmək üçün yox, parçalamaq üçün gedir. Partiya etiraf etməyi bacarmasa da, bəllidir ki, Milli Şurada qalmaq istəmir. Müsavatın bu danışıqlarda  bir neçə məqsədi var. Əvvəla, Müsavat müxalifətdə əsas söz sahibi olduğunu göstərmək istəyir. İkincisi, özünə Milli Şuradan çıxacağı halda müttəfiqlər axtarır və nəhayət, Milli Şuranın özündən qopmalara səbəb olmaq istəyir. Müsavatın Milli Şuradan kənar danışıqlar aparması Şuraya ən azından ümidsizlik, inamsızlıq yaradır. Təbii ki, bu mövqe AXCP-nin marağında ola bilməz. Böyük ehtimalla, AXCP də Müsavata zidd hansısa addımlar atacaq. Yəqin ki, bu, Milli Şuranın hansısa məsələ ilə bağlı böyük konfransı ola bilər. AXCP bu ara Milli Şura mövzusunu qabartmalı, qurumun varlığını hiss etdirməlidir. Əks halda Müsavatın antiŞura piarı nəticə verəcək. AXCP səssiz qalsa, Müsavat bir az da irəli gedib Şurada qala-qala yeni qurum yarada bilər. Bu, tamamilə mümkündür. Çünki Milli Şura yarananda İctimai Palata buraxılmadı, bu günə qədər kağız üzərində olsa da, yaşayır. İP-i AXCP bu hala salıb. Məhz AXCP-nin taktikasıdır ki, İctimai Palata dirçələ bilmir, ölü quruma çevrilib. Görünür, Müsavat cavab addımı ilə Milli Şuranı məhz bu hala gətirmək istəyir. AXCP "İP daxilində arzuolunmaz şəxslər var" deyir. Müsavat da eyni məntiqlə "Milli Şura daxilində arzuolunmaz, Rusiyapərəst şəxslər var" deyəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00