Davudoğlunun İrəvana səfəri ermənilərə stimul verib

Onlar “erməni soyqırımı”nın tanınması istiqamətində fəaliyyətlərini daha da gücləndirəcəklər

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) sammitində iştirak etmək üçün Ermənistana baş tutan səfəri Azərbaycan və Türkiyədə birmənalı qarşılanmayıb. Buna səbəb xarici siyasət idarəsi rəhbərinin Yerevanda qarşılanma mərasimi və erməni həmkarının ona qarşı sərgilədiyi münasibət olub. Qeyd edək ki, Ərdoğanın Ermənistana səfəri Azərbaycan ictimaiyyəti üçün də maraq doğurub. Ona görə ki, diplomatik mənbələrdən bildirilirdi ki, səfər çərçivəsində Ankara Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi təkliflər irəli sürəcək. Ən azından Azərbaycanın iki rayonunun qaytarılması müqabilində Ermənistanla sərhədlərin açıla bilməsi məsələsi gündəmə gətiriləcək. Lakin yayılan məlumatlara görə, Əhməd Davudoğlu nəinki sözügedən məsələni qaldırıb, hətta böyük "minnət"dən sonra erməni həmkarı ilə görüşə nail olub. Türkiyə mətbuatına istinadən xəbər verilir ki, bu ölkənin XİN rəhbəri Əhməd Davudoğlu ermənistanlı həmkarı Edvard Nalbadyanla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, ölkəsi Ermənistanın Azərbaycanın iki rayonunu işğaldan azad etmək tələbini irəli sürməyib: "Yuxarıda göztərilən məsələ ilə bağlı bütün xəbərlər jurnalistlərin işidir. Bütün bu informasiyalar bu istiqamətdəki keçmiş olanlara əsaslanır". O həmçinin qeyd edib ki, bu cür xəbərlər eyni zamanda spekulyativ xarakter daşıyır. Onu da qeyd edək ki, Əhməd Davudoğlu mətbuat konfransında erməni həmkarı olmadan çıxış edib. Yənu Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan birmənalı olaraq türkiyəli həmkarına hörmətsizlik nümayiş etdirib. Üstəlik Davudoğlu bütün cəhdlərə baxmayaraq bu ölkənin prezidenti ilə görüşmək "şərəfinə" nail ola bilməyib. Bu isə o deməkdir ki, Ermənistanın dövlət rəsmiləri Davudoğlunun səfərinin pərdəarxası məqamlarını duyduqlarından qəsdən onunla görüşdən yayınıblar. Belə məlum olur ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması İrəvandan çox Ankaraya lazımdır.

***

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın İrəvanda baş tutan görüşü sırf diplomatik protokol görüşü idi.Türkiyə Ermənistan üçün çox böyük əhəmiyyət daşıyan ölkə olsa da, cənab Davudoğlunun İrəvan səfəri zamanı onun Ermənistan prezidenti ilə görüşü baş tutmadı və bu, özü onu göstərir ki, iki ölkə arasında münasibətlər hələ də çox soyuqdur. Millət vəkili qeyd edib ki, bütün bu soyuqluqlara rəğmən, son zamanlar Ermənistan tərəfi Türkiyə ilə münasibətləri istiləşdirməyə, yumşaltmağa nail olmaq və bununla da həmin ölkənin geniş imkanlarından yararlanmaq istəyir: "Ancaq indiki məqamda bu, Türkiyə üçün qəbulolumazdır. Çünki qardaş Türkiyə dövləti, bu ölkənin rəhbərliyi və ən əsası Türkiyə ictimaiyyəti bu münasibətlərə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geriyə qaytarılması şərti ilə yanaşır, hər zaman bu mövqedən çıxış edir. Eyni zamanda, Türkiyənin daim ən böyük strateji müttəfiqi olan Azərbaycanın mövqeyini müdafiə etməsi, Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etməsi çox vacib bir addımdır". A.Mirzəzadə həmçinin bildirib ki, xarici işlər nazirlərinin məlum görüşü həm də beynəlxalq təşkilatların İrəvanda təşkil etdikləri tədbir çərçivəsində reallaşdırılan adi bir görüşdür: "Düzdür, Türkiyə tərəfi bu görüşlə, səfərlə bağlı bir yenilik də etdi, yəni, o, bu görüşə xarici işlər naziri cənab Davudoğlunu yox, Türkiyə Xarici İşlər Nazirliyinin başqa bir məsul əməkdaşını da göndərə bilərdi. Həmçinin, Türkiyə tərəfindən bu görüşə, səfərə 3 erməninin də cəlb olunması Türkiyənin Ermənistana bir jesti kimi qəbul edilə bilər. Amma bir daha qeyd edirəm ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin istiləşməyə, yaxınlaşmaya doğru getməsi yalnız bir şərtlə - Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarını işğaldan azad etməsi şərti ilə, bu işğala son qoyulandan sonra mümkün ola bilər və qardaş Türkiyə dövləti də Ermənistanla münasibətlərdə hər zaman ciddi şəkildə bu məqamı nəzərə alır". Politoloq Natiq Miri qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq yönündə aktiv siyasət yürütməyə başlayıb: "Bəzi məlumatlara görə, Türkiyə rəsmiləri ilə Ermənistan rəsmiləri arasında Avropada və başqa ölkələrdə, xüsusilə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması ətrafında məxfi görüşlər keçirilir. Eyni zamanda Türkiyə İsveçrədən vasitəçilik etməsi yönündə də xahiş edib. Çünki Türkiyədə də başa düşürlər ki, Azərbaycan torpaqlarının boşaldılmasına başlamadan Ermənistanla münasibətlərin yaranması heç bir mənada doğru olmazdı. Təkcə Azərbaycan cəmiyyəti və dövləti deyil, Türkiyə cəmiyyətinin düşüncəsi belədir. Türkiyə cəmiyyəti Azərbaycan torpaqlarını azad etmədən Ermənistanla münasibətlərin qurulmasını əsla qəbul edə bilməz. Bu günlərdə Türkiyədə keçirilən son rəy sorğusu zamanı da respondentlərin böyük əksəriyyəti Azərbaycanı özlərinə ən yaxın ölkə kimi gördüklərini bildiriblər. Yəni, bütün bunlar təsadüfi deyil. Bu baxımdan Davudoğlunun İrəvana səfəri xoş bir siyasi hadisə olaraq qiymətləndirilə bilməz. Səfər qətiyyən anlaşılan deyil". Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib ki, Sürix protokollarından sonra Ermənistan və dünya erməniləri "erməni soyqırımı"nın tanınmasında heç bir uğur əldə edə bilməyib. Bunun əsas səbəbi Ermənistanın Türkiyə ilə əlaqəli siyasətinin dünya tərəfindən təslimçilik mövqeyi kimi başa düşülməsidir: "Ermənistan səhv etmişdi, indi Ə.Davudoğlu da Yerevana səfər etməklə səhv edir. Lakin Davudoğlunun səhvi Ermənistanın səhvinin düzəlməsinə xidmət edə bilər". Politoloqun fikrincə, beləliklə, qalan müddət ərzində ermənilər "erməni soyqırımı"nın 100 illiyi münasibəti ilə "erməni soyqırımı"nın tanınması istiqamətində fəaliyyətlərini xeyli gücləndirəcəklər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00