“Ukraynada iqtidar-vətəndaş çaxnaşması başlayır”
Elxan Mehdiyev: “Məsələdən çıxış yolu üçün Rusiya və Avropa İttifaqı Ukraynaya vaxt verməlidir”
13 Dekabr 2013 12:35 SiyasətUkrayna rəhbərliyi Kiyev meydanlarını müxalif qüvvələrdən təmizləmək və 200 min prezident Viktor Yanukoviç tərəfdarının meydanlara çıxarılması əmri verib. Məsələyə münasibət bildirən politoloq Elxan Mehdiyevin sözlərinə görə, hakimiyyətin bu qərarı olduqca pis nəticələr ortaya qoyacaq. Kiyevin atacağı bu addıma görə, Ukrayna beynəlxalq ictimaiyyət tərəfindən sırf Sovet ölkəsi kimi tanınacaq. E.Mehdiyev hesab edir ki, artıq Ukraynadakı vəziyyət qəlizləşdiyindən ABŞ və Avropanın yüksək vəzifəli rəsmiləri müxalif ukraynalılara açıq şəkildə dəstək verməyə başlayıblar. Politoloq bildirdi ki, V.Yanukoviçin hakimiyyətdən getməsi Qərbin maraqlarını əks etdirir: "Hökumətin verdiyi qərar icra olunsa, Ukraynada iqtidar-vətəndaş qarşıdurması yaradacaq. Ukrayna cəmiyyəti artıq bölünmüş vəziyyətdədir. Hökumət iqtisadi amillərə görə, siyasətini Rusiya üzərində qurmaq niyyətindədir. Problemin kökündə duran əsas amil də bundadır. Ukraynanın Avropa İttifaqına qoşulması da çaxnaşmaya səbəb olacaq. Bütün bunları nəzərə alan Aİ Ukraynanı bu məsələdə sıxmır. Məsələdən çıxış yolu üçün Rusiya və Avropa İttifaqı Ukraynaya vaxt verməlidir. Həmin zaman müddətində isə rəhbərlik həm tərəfləri, həm də ki, cəmiyyəti narazı salacaq qərar qəbul edə bilər. Lakin indiki vəziyyətdə hökumətin qəbul etdiyi qərar, ölkədə zorakılıq hallarının sayını artıracaq". ("OLAYLAR İA")