Bişkekdə mühüm masa: Azərbaycan Avrasiyanın logistika xəritəsini dəyişir- ÖZƏL
15:01 Siyasət"Bu gün Azərbaycanın xarici siyasətində xüsusi önəm daşıyan istiqamətlərdən biri də Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərdir. Öncə qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı əsasən Avrasiya məkanında təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan beynəlxalq təşkilat olaraq, 15 iyun 2001-ci ildə Şanxayda təsis edilib. Təşkilatın təsisçiləri qismində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan yer alır. Fəaliyyət üçün isə mərkəz olaraq, Pekindir. Təşkilatın əsas məqsədləri terrorizm, separatizm və ekstremizmlə mübarizə; regional təhlükəsizlik; iqtisadi və nəqliyyat əməkdaşlığı; siyasi dialoqdur. Hazırda təşkilatın 10 tam hüquqlu üzv dövlətləri vardır ki, burada Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Hindistan, Pakistan, İran və Belarus yer alır. ŞƏT 2001-ci ildə əsasən regional təhlükəsizlik məsələləri ətrafında formalaşsa da, sonrakı mərhələdə təşkilatın gündəliyi əhəmiyyətli dərəcədə genişlənib. İqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və regional bağlantı məsələləri təşkilatın fəaliyyətində daha böyük yer tutur". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüsalə Hüseynli deyib:
"Təşkilatın üzvləri arasında Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiyanın aparıcı dövlətlərinin olması ŞƏT-i yalnız təhlükəsizlik platforması kimi deyil, eyni zamanda Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən dialoq mexanizmi kimi də əhəmiyyətli edir. Azərbaycan isə hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir və bu statusu 2016-cı ildə əldə edib. Onu da vurğulayaq ki, Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum da mövcuddur. Bu dəyişiklik Azərbaycanın ŞƏT-lə münasibətlərinə xüsusi məna verir. Azərbaycan təşkilatın üzvü olmasa da, ŞƏT ölkələrinin bir hissəsinin Avropa və Aralıq dənizi iqtisadi məkanlarına çıxışında coğrafi və infrastruktur baxımından mühüm mövqeyə malikdir. Ümumilikdə isə, rəsmi Bakının əsas strateji marağı ŞƏT məkanının genişlənən iqtisadi, nəqliyyat və enerji imkanlarından istifadə etməklə özünün Avrasiya bağlantısındakı rolunu gücləndirməkdir. Hansı ki, bu da dövlətimizə tranzit gəlirlərindən daha böyük iqtisadi effekt əldə etməyə geniş imkanlar yaradacaqdır.
Azərbaycanın ŞƏT çərçivəsində əsas üstünlüyü də məhz budur. Onun coğrafi mövqeyindən daha çox həmin mövqeyi konkret iqtisadi funksiyaya çevirmək imkanı. Çünki Çin üçün Mərkəzi Asiya üzərindən Qərbə alternativ və şaxələndirilmiş marşrutların inkişafı olduqca əhəmiyyətlidir. Mərkəzi Asiya dövlətləri üçün isə dünya bazarlarına çıxış imkanlarının artırılması strateji məsələdir. Azərbaycanın mövqeyi bu iki ehtiyacın kəsişdiyi nöqtələrdən birində yerləşir.
Orta Dəhliz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çin və Mərkəzi Asiyadan Xəzər vasitəsilə Azərbaycan ərazisinə daxil olan yüklərin Türkiyə və Avropa istiqamətində daşınması Azərbaycanın nəqliyyat sistemini daha geniş Avrasiya logistika şəbəkəsinə bağlayır. Bu səbəbdən, Azərbaycanın ŞƏT-lə əməkdaşlığında əsas hədəfi yalnız təşkilat daxilində formal statusun yüksəldilməsi deyil, bu platformada mövcud olan iqtisadi və nəqliyyat proseslərindən maksimum yararlanmaqla , bu tranzitlərin Azərbaycan üzərindən keçməsini təmin etməkdır.
Bir çox analitiklər Azərbaycanın burdada marağını Orta Dəhliz məsələsi ilə məhdudlaşdırmaq istəsələr də , görünən odur ki, rəsmi Bakı üçün strateji məqsəd "tranzit ölkəsi" statusundan "logistika və əlavə dəyər mərkəzi" " "nəqliyyat zənciri" statusuna keçməkdir. ŞƏT çərçivəsində Çin və Mərkəzi Asiya ölkələri ilə aparılan danışıqlar bu istiqamətdə investisiyaların cəlb olunması üçün siyasi imkan yarada bilər. Xüsusilə Çin şirkətlərinin Azərbaycanda logistika və istehsal layihələrinə cəlb edilməsi Orta Dəhlizin iqtisadi səmərəsini əhəmiyyətli dərəcədə artırmağa yönəlir.
Digər tərəfdən, Azərbaycanın da sözügedən platforma üçün əhəmiyyəti az deyil. Belə ki, rəsmi Bakının ŞƏT üçün əhəmiyyəti bir qədər paradoksal xarakter daşıyır. Təşkilatın əsas üzvlərinin böyük hissəsi kontinental dövlətlərdir və onların qarşısında əsas problemlərdən biri dünya bazarlarına çıxışdır. Rəsmi Bakı qeyd olunan platformada üzv olmadığı halda, belə onun bir sıra üzvlərini Xəzər vasitəsilə Avropa və Türkiyə istiqamətinə bağlayan infrastruktura malikdir. Məhz bu mənada rəsmi Bakının Şanxay platforması üçün dəyəri yalnız təşkilata nə qədər yaxın olmasından asılı deyil. Əksinə, Azərbaycanın əhəmiyyəti müəyyən mənada onun ŞƏT-in coğrafi sərhədlərindən kənarda yerləşməsindən irəli gəlir. Bu isə ölkəmizə təşkilat daxilində klassik siyasi bloklaşmadan fərqli bir rol açır. Onu da qeyd edək ki, bu yanaşma rəsmi Bakının xarici siyasətinin də əsas məntiqi ilə vəhdət təşkil edir. Bakı müxtəlif güc mərkəzlərindən birini seçməkdənsə, onların arasında əlaqə yaradan mövqeyini möhkəmləndirməyə çalışır. Hansı ki, bu da öz növbəsində Azərbaycan üçün olduqca önəmli faktordur. Çünki bu faktor Azərbaycan üçün ən optimal nəticə bir neçə istiqamətin paralel şəkildə irəliləməsini təmin etməyə yönəlib. Hansi ki bunlardan ilkini ŞƏT çərçivəsində Azərbaycanın institusional iştirakının genişləndirilməsidir. Digəri isə, Çin, Orta Asiya, logistika, gömrük və s iqtisadi bağlantıların inkişafıdır. Hazırda gözlər bir türk ocağı olan Bişkekə sarı baxır. Nəticə olaraq gözləntimlər bu masadan rəsmi Bakının daha uğurlu çıxacağına işarə edir. Hansı ki, bu sadəcə diplomatik uğur olmayacaq. Əksinə uzunmüddətli perspektivdə daha böyük əhəmiyyət daşıyan ölkənin tranzit marşrutundan regional iqtisadi platformaya çevrilməsidir".