Atilla Kaya: “Bu gün türk tarixinə, türk millətinə qarşı hücumlar var”
12 Dekabr 2013 16:52 Siyasət"Türkiyə tarix şüuru, tarix bilgisi olmayan siyasi elit tərəfindən idarə olunur". Bunu "Olaylar"a açıqlamasında deyən Türkiyə parlamentinin deputatı Atilla Kayanın sözlərinə görə, bu halda ölkədə istehsal olunan filmlərdə türk tarixindən, Səfəvilərin, o cümlədən Şah İsmayılın bir türk dövləti, türk kökənli olduğundan xəbərsiz ssenaristlərin, rejissorların çalışması təbii haldır: "Möhtəşəm yüzil" kimi filmlərin çəkilişi zamanı tarixi məlumatların düzgün qiymətləndirilməməsi barədə çoxlu reaksiyalar olub. Təəssüflər olsun ki, bu problemlər aradan qaldırılmayıb". Millət vəkili qeyd edib ki, tarixi faktlar barədə cəmiyyəti bilgiləndirməklə ictimai rəyın dəyişdirilməsi mümkündür: "Yalnız bu halda cəmiyyətin məsələ ilə bağlı sərt reaksiyasına nail olmaq mümkündür. Əslində belə halların aradan qaldırılması dövləti məsələ deyil. Odur ki, özəl telekanallarda belə filmlərin nümayişi təbiidir. Türkiyədə qondarma erməni soyqırımını dəstəkləyənlər də var. Bu barədə telekanallarda müxtəlif məlumatlar yayımlanır, tədbirlər, konfranslar keçirilir. Bu onun göstəricisidir ki, bu gün türk tarixinə, türk millətinə qarşı hücumlar var. "Möhtəşəm yüzil" filmində türk tarixinin saxtalaşdırılması, qondarma erməni soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi türk tarixi və mədəniyyətinə hücum kimi dəyərləndirilə bilər. Azərbaycan hökuməti və Türkiyədəki cəmiyyətlər buna qarşı mübarizə aparmalıdır".