“Dördüncü Respublika” ilə yeni səhifə: Ermənistan sülh yolunda irəliləyəcəkmi?- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin "Dördüncü Respublika" mərhələsinə qədəm qoyduğunu açıqlayıb. O bildirib ki, son seçkilər onun "Real Ermənistan" ideologiyasının siyasi baxımdan qalib gəldiyini göstərir və bu yanaşma artıq hökumətin proqramında əksini tapıb. Paşinyanın sözlərinə görə, "Üçüncü Respublika" Azərbaycanla münaqişə və qarşıdurma məntiqi üzərində qurulmuşdusa, "Dördüncü Respublika" sülh prinsiplərinə əsaslanır. Baş nazir bu anlayışla Ermənistanın siyasi və dövlətçilik modelində yeni mərhələnin başladığını vurğulayır.

Paşinyanın "Dördüncü Respublika" konsepsiyası Ermənistanın daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?
"Üçüncü Respublika"nı qarşıdurma, "Dördüncü Respublika"nı isə sülh məntiqi ilə əlaqələndirmək Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi baxımından nə vəd edir?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Nikol Paşinyanın açıqladığı proqram kifayət qədər diqqətçəkici məqamlarla zəngindir və xüsusilə də burada Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, Azərbaycanla sülh prosesinin irəliləməsi, sülhlə bağlı institusional bir addımların atılması məsələləri xüsusi qeyd olundu. Bununla bağlı başqa demarkasiya, demilitasiya məsələləri, kommunikasiyaların açılması, ikitərəfli ticarətin genişləndirilməsi və digər bu tipli məsələlərin proqrama daxil edilməsi vacib məqamdır və xüsusilə də, hökumətin proqramında artıq Qarabağ məsələsi ilə bağlı dırnaqarası hansısa bir müddəanın olmaması da diqqətçəkici məqamdır. Bu Ermənistan, hökumətinin siyasətində ciddi, dəyişikliyin olması deməkdir. Hesab edirəm ki, Ermənistan hökuməti nəzərdə tutulan bu addımları reallaşdıra bilsə, xüsusilə də Azərbaycanla münasibətlərin normallaşdırılması və konstitusiya dəyişiklikləri keçirərək sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizi, TRIPP layihəsinin həyata keçirilməsinə bağlı real işlərin başlanmasını həyata keçirməyə başlayarsa, bu artıq, bölgədə yeni reallıqlar və əməkdaşlıq formatının formalaşması və möhkəmlənməsi üçün kifayət qədər ciddi addım hesab edilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31