Avropadan İsrailə sərt mesaj: E-1 layihəsi Fələstin dövlətçiliyini təhdid edir-ÖZƏL

Almaniya, Böyük Britaniya, İtaliya və Fransa liderləri İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudi məskənlərinin tikintisi üçün tender elan etməsini pisləyiblər. Birgə bəyanatda qərar qəbuledilməz adlandırılıb və İsrail hökumətinə planları ləğv etmək, Qərb Sahilində məskunlaşmaların genişləndirilməsini dayandırmaq çağırışı edilib. Liderlər bildiriblər ki, E-1 layihəsi Fələstin ərazilərinin bütövlüyünü pozur və iki dövlətli həll perspektivini zəiflədir.

Almaniya, Böyük Britaniya, İtaliya və Fransanın E-1 layihəsinə qarşı birgə mövqe sərgiləməsi İsrailə siyasi təzyiqi artıra bilərmi? E-1 ərazisində məskunlaşmaların genişləndirilməsi İsrail-Fələstin münaqişəsində iki dövlətli həll perspektivinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

" Avropa Birliyinin (AB) aparıcı dövlətlərinin- Almaniya, Fransa və İtaliyanın, habelə Böyük Britaniyanın İsrailin E-1 layihəsinə nəzərən İordan çayının Qərb sahilində Qəzza sakinləri üçün tikililər məqsədilə tender qərarına qarşı çıxış edib, onu sərt tənqid etmələri beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT TŞ-nin zamanında qəbul etdiyi qətnamələrə əsaslanır. Əvvəla, İordan çayının Qərb sahilinin zamanında İsrail tərəfindən işğal edilməsi faktdır və bu işğalla bağlı BMT TŞ-nin İsrailə ünvanlanmış tələbi var -bu tələb işğalçı qoşunların ərazidən çıxarılmasını tələb edir. İkincisi, İsrailin işğal altında olan torpaqlarda Qəzzadan didərgin salınmış sakinlərə yaşayış üçün tikililər tikmək qərarı onun bir daha BMT kimi mötəbər təşkilata sayğısızlığı ilə yanaşı, Fələstini, beynəlxalq birliyi işğal faktı ilə barışdırmaq istəyindən irəli gəlir. Nəhayət, bu perspektivdə Fələstin dövlətinin bütövlüyü və suverenliyi ilə bağlı məsələyə ciddi problem və əngəl yarada bilər.
Fələstin əhalisinin bir qisminin işğal altında olan torpaqlarda yaşamağa sövq etməklə İsrail gələcəkdə də Fələstin dövlətçiliyi ilə bağlı məsələlərə təsir imkanlarını özündə saxlamaq, beynəlxalq birlik, xüsusilə ərəb və islam dünyası tərəfindən getdikcə artmaqda olan təzyiq qarşısında onlardan girov kimi yararlanmaq fikrindədir.
AB-nin İsrailin qəbul etdiyi qərarla bağlı digər, daha tutarlı səbəbi isə dünyanın gələcək nizamı ilə bağlı məsələlərə münasibətdə qlobalistlər və sionizm arasında getdikcə dərinləşməkdə olan ziddiyyətlərdir.
ABŞ Prezidenti Trampın Ukrayna probleminin çözülməsi, NATO-nun gələcəyi, habelə Qrelandiyaya münasibətdə sərgilədiyi mövqe ABŞ və Avropa Birliyi arasında münasibətlərdə qarşıdurmanı dərinləşdirib.
Tramp İsrailin Yerusəlimlə bağlı qərarını dəstəklədiyi halda, AB daha ehtiyatlı və təmkinli mövqe sərgiləyir, BMT-nin Yerusəlimlə bağlı qətnaməsinə hörmətlə yanaşmanın vacibliyini vurğulayır. Tramp İsrailin xahişi ilə İrana qarşı müharibəyə başlayıb özünü və bütövlükdə respublikaçıları ABŞ-da Konqresə bu yaxınlarda keçiriləcək aralıq seçkiləri ərəfəsində arzuolunmaz duruma saldığı halda, AB onun İranla bağlı çağırışlarına, Hörmüz ətrafında əməliyyatlara qoşulmaqla bağlı təkliflərinə özünün Yaxın Şərqdəki maraqları baxımından yanaşaraq kənarda qalmağı daha üstün bilib. Tramp Ukrayna müharibəsinin maliyyə ağırlığını bütünlüklə AB-nin üzərinə yüklədiyindən AB də ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqinə münasibətdə sərgilədiyi mövqe ilə dünya nizamı ilə bağlı qlobalistlərin maraqlarına fərqli baxışları olan beynəlxalq sionizmə bu yolla qurşaqdan aşağı zərbə endirəcəyini düşünür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31