“Zəngəzur” elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır (FOTO)

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas elektrik enerji sistemi ilə birləşdirilməsi, eyni zamanda Azərbaycan-Naxçıvan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşdırılması məqsədilə Zəngəzur xəttinin tikintisinin birinci mərhələsi yekunlaşmaq üzrədir.

Bu barədə "Azərenerji" ASC məlumat yayıb.

Bildirilib ki, ölkə başçısının tapşırığına əsasən "AzərEnerji" ASC tərəfindən Cəbrayıldan Ağbəndə qədər 74 km məsafədə ikidövrəli olmaqla, 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsi başa çatır. Hər birinin çəkisi orta hesabla 30 tondan artıq, hündürlüyü 45 metrə yaxın olan 296 ədəd anker və aralıq dayaqlardan ibarət ötürmə xəttində işlərin 97 faizi icra edilib. Bu ilin qış, yaz və yay ayları da daxil olmaqla çətin iqlim və sərt relyefdə çəkilən ötürmə xəttində işlər "AzərEnerji" tərəfindən ən qısa müddətdə, qrafikdən əvvəl icra olunub.

Növbəti mərhələdə Ordubaddan Naxçıvana qədər 100 km, Zəngəzur dəhlizini keçməklə 44 km və Naxçıvandan Türkiyəyə 230 km məsafədə ötürmə xəttinin çəkilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının ölkənin vahid enerjisisteminə tam inteqrasiyası, muxtar respublikanın tezlik tənzimlənməsində xarici ölkədən asılılığının aradan qaldırılması, Avropa enerji bazarlarına çıxış imkanlarının yaradılması, həmçinin "yaşıl enerji"nin ötürülməsi baxımından bu layihə strateji əhəmiyyət daşıyır və Azərbaycan tarixinin ən iri enerji layihələrindən biri kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31