“Pişəvəri “mədəni” şəkildə aradan götürüldü” - AÇIQLAMA

Seymur Həsənli: “Pişəvəri hökuməti milli oyanışda əsas amil olan bir sıra addımlar atdı”

"21 Azər Hərəkatı yalnız Güney Azərbaycan üçün deyil, quzeyli-güneyli Bütöv Azərbaycanın tarix salnaməsinin şanlı səhifələrindən biridir. İki yüz il öncə Azərbaycan torpaqları parçalanıb hissə-hissə işğallara məruz qaldıqdan sonra millətimizin istiqlal mücadiləsi yenidən başlayıb". Bu sözləri "OLAYLAR"a açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Həsənli bildirib. Seymur Həsənlinin sözlərinə görə, Quzey Azərbaycanda yürüdülən milli mücadilə 1918-ci ildə bəhrəsini verib. 23 ay yaşamasına baxmayaraq AXC-nin yaranması Quzey Azərbaycanın bir subyektə çevrilməsinə səbəb oldu.

"Məhz buna görə, sovet işğalından sonra Azərbaycan SSRİ-nin tərkibinə subyekt kimi daxil oldu: Azərbaycan Sovet Sosialist Respublikası. Unutmayaq ki, Quzey Azərbaycanın müstəqilliyi, atributları və bütün sahələrdə əldə olunan nailiyyətlər AXC dövrünə əsaslanır. Necə ki Konstitusiya Aktında bu barədə yazılıb. " deyə Seymur Həsənli öz fikirlərini ifadə edib.

Seymur Həsənli bildirib ki, 21 Azər Hərəkatının və nəticədə hakim olan bir illik milli hökumətin Güney Azərbaycan tarixində əhəmiyyəti böyükdür. Necə ki, 23 aylıq müstəqillik dövründə Quzey Azərbaycanda əldə olunan böyük nailiyyətlər sonrakı dövrlərə öz möhürünü vurdu, eləcə də Güney Azərbaycanda bir illik Pişəvəri hökuməti milli oyanışda əsas amil olan bir sıra addımlar atdı.

Seymur Həsənli Pişəvəri hökuməti dövründə Təbriz Universitetinin açılması və ana dilində təhsil alınmasını ən böyük addım kimi dəyərləndirib:"Bunlardan ən önəmlisi Təbriz Universitetinin açılması və güneyli qardaşlarımızın ana dilində təhsil alması idi. Həmin dövrdə yaşamış  Pişəvəri hökuməti dövründə ana dilində təhsil almış insanlar hələ də sağdır. Biz 1945-46-cı il hərəkatından sonrakı dövrdə milli hərəkatın tarixini araşdırdıqda, həmin dövrdə atılan addımların necə əhəmiyyət kəsb etdiyini bir daha anlamış oluruq. 21 Azər Hərəkatının birbaşa Quzey Azərbaycanla da ciddi əlaqəsinin olduğu da hər kəsə bəllidir".

"Mircəfər Bağırovun Güney Azərbaycanın sovetləşməsi adı altında apardığı müstəqillik siyasətini Stalin anladıqdan sonra bu plana qarşı çıxmış və Pişəvəri "mədəni" şəkildə aradan götürülmüşdü" deyə Seymur Həsənli bildirib.("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00