Müsavat hücuma keçdi - SİYASİ ŞƏRH
AXCP Milli Şuranı parçalamaqda ittiham olunur, hərəkatçı partiyalar Müsavatın ətrafına yığışa bilər
12 Dekabr 2013 15:12 SiyasətAXCP ilə Müsavat arasında soyuq savaş davam edir. Partiyalar ad çəkməsələr də, bir-birinin ünvanına qəzəb püskürməkdə davam edirlər. AXCP sədrinin müavini Fuad Qəhrəmanlının "AXCP üçün Milli Şura prioritetdir", "AXCP-nin Milli Şuranın dışında heç bir fəaliyyəti, danışıqları yoxdur" tipli açıqlamasından, Rüstəm İbrahimbəyovun "Müsavat gedirsə-getsin" bəyanatından sonra vəziyyət Müsavatın xeyrinə deyildi. İctimai rəydə Müsavat bölücü, parçalayıcı partiya kimi xarakterizə olunurdu. Milli Şuranın mitinq təyin etməsi də Müsavatın işini zorlaşdırmışdı. Müsavat istəsə belə, bu ərəfədə Milli Şuranı tərk edə bilməzdi. Müsavat yetkililəri bir müddət susdular ki, ictimai təpki səngisin. Artıq radikal kəsimin qəzəbi səngiyib, Müsavat cavab həmlələri edə bilər. Arif Hacılının son açıaqlaması Müsavatın cavabı kimi səciyyələnir. Müsavat yetkilisi partiyasının Milli Şuradan getmək istəmədiyini, əksinə bəzi qüvvələrin onları kənara itələdiyini deyir: "Təəssüf ki, Milli Şura daxilində olan bir sıra qüvvələr Müsavat Partiyasının Milli Şuradan çıxmasını arzuladığını bəyan ediblər. Yaxud Müsavatın Milli Şuradan çıxacağı təqdirdə bunun təşkilatın fəaliyyətinə heç bir təsirinin olmayacağı, hətta bunun Milli Şuranın daha da güclənməsinə səbəb olacağı kimi də absurd fikirlər səslənməkdədir. Təbii ki, bu tipli bəyanatlar Müsavat Partiyasında da öz mövqelərinə yenidən baxmaq əhval-ruhiyyəsini artırır. Biz hazırda yaranmış vəziyyəti müzakirə edirik. Müsavat Partiyası Divanının qəbul etdiyi qərara əsasən, həm Milli Şura daxilində olan təşkilatlar, həm də Milli Şuradan kənarda olan bəzi demokratik qüvvələr, ziyalılarla müzakirələr apararaq yekun qərara gəlmək niyyətindəyik". Arif Hacılı İbrahimbəyovu və AXCP yetkililərini müxalifət daxilində gərginlik yaratmaqda suçlandırıb: "Milli Şura daxilində, ümumiyyətlə, müxalifət düşərgəsində gərginlik yaradan açıqlamalar yalnız Rüstəm İbrahimbəyova məxsus deyil. Digər siyasi qurumların rəhbərlərinin, ayrı-ayrı rəhbər şəxslərin açıqlamaları, Müsavat Partiyasının mövqeyinin təhrif olunması, Müsavata qarşı irəli sürülən əsassız və yersiz ittihamlar müxalifət düşərgəsində qarışıqlığı bir qədər də artırmağa xidmət edir". Arif Hacılı partiyasının Milli Şura daxilindəki siyasi qüvvələrlə, ziyalılarla danışıqlar apardığını bildirib. Bu danışıqlar heç şübhəsiz ki, Müsavatın Şuradan daha ağrısız çıxmasına xidmət edir.
Açıq-aşkar hiss olunur ki, Müsavat Milli Şuradan çıxacağı təqdirdə ictimai rəydə qınanacağından, yaranmış durumdan AXCP-nin maksimum yararlanacağından və qara piar aparacağından qorxur. Amma Müsavat yetkililəri bir şeyi nəzərə almırlar ki, Azərbaycanda baş verənlər MDB-də baş verən hadisələrdən ayrı deyil. Siyasi ovqat eynidir. Bütün MDB xalqlarında antiRusiya ovqatı güclənib. Ukraynada, Gürcüstanda və Moldovada, Azərbaycanda belədir. Milli Azadlıq Hərəkatının şinelindən çıxmış qüvvələr Rusiya əleyhinədirlər. Bu partiyalar toparlansalar, Qərbdən, Avropadan ciddi dəstək ala bilərlər. Müsavat bu qüvvələrin önündə getməlidir. Müsavat antiRusiya bloku yaratsa, ənənəvi müxalifət partiyalarından bir çoxu orada olacaq. AMİP, ADP və Ümid Müsavatla eyni blokda təmsil oluna bilər. Hətta KXCP-nin də antiRusiya blokuna qoşulması mümkündür. Artıq KXCP daxilindən bir sıra tanınmış şəxslər Müsavat cameəsində gözə dəyirlər. Onlar az deyil və Müsavatla birgə olacaqlar.
Ərhun