“Ermənistan Rusiyanın forsmajorundan çıxmasa” - FİKİR

Vurğun Həsənli: “Qapalı qapılar arxasında aparılan Türkiyə-Ermənistan danışıqlarına Azərbaycan tərəfi də cəlb olunmalı və beynəlxalq erməni lobbisi də gizli danışıqların iştirakçısı edilməlidir”

Ankara Universitetinin doktorantı, politoloq Vurğun Həsənli Ermənistan-Türkiyə münasibətləri ilə bağlı fikirlərini "OLAYLAR"a bildirib. Vurğun Həsənlinin sözlərinə görə, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması şübhəsiz regionda disbalansı əsaslı şəkildə dəyişdirəcək. Lakin hazırkı Ermənistan iqtidarı ilə normallaşma nə regiona, nə Türkiyəyə, nə də Azərbaycana müsbət heç nə vəd etmir. Çünki hazırkı Ermənistan iqtidarı Rusiyanın əmrlərini yerinə yetirən qüvvələrdən təşkil olunub və bunlarla regionda dəyişikliyə nail olmaq olduqca çətin görsənir. Politoloq hesab edir ki, əgər Sarkisyan iqtidarı konstruktivliyə bu qədər meylli idisə, ötən 10 ildə Dağlıq Qarbağ problemində nəyəsə nail olmaq mümkün olardı. Lakin Sarkisyan dövründə demək olar ki, Dağlıq Qarabağ dalana dirəndi. Heç bir irəliləyişə nail olunmadı. Türkiyə Ermənistanla barışığa can atarkən Sarkisyanı yaxşı tanımalı və hər addımını yüz ölçüb bir biçməlidir.

Vurğun Həsənli bir məsələni də diqqətə çatdırıb ki, Ermənistan Rusiyanın forsmajorundan çıxmasa, Dağlıq Qarabağ məsələsində heç bir irəliləyişə nail olunmayacaq. Onun üçün də, Türkiyə Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmalıdır. Burada sual yaranır ki, necə çıxara bilər ? Vurğun Həsənli hesab edir ki, qapalı qapılar arxasında aparılan Türkiyə-Ermənistan danışıqlarına Azərbaycan tərəfi də cəlb olunmalı və beynəlxalq erməni lobbisi də gizli danışıqların iştirakçısı edilməlidir. Çünki erməni lobbisi həm Qərbyönümlüdür və Ermənistanın Qərbə inteqrasiyasına tərəfdardır, həm də Ermənistan iqtidarına təsir gücləri olduqca genişdir. Vurğun Həsənlinin sözlərinə görə, Ermənistanın regiona "qazandırılması" olduqca mürəkkəb prosesdir və nəticəsi dəqiq analiz edilməlidir. Məsələ çoxşaxəli diplomatik gedişlər və güclü siyasi iradə tələb edir.

Vurğun Həsənli məsələnin digər bir tərəfini də diqqətə çatdırır ki, 2015-ci ildə anılacaq qondarma "erməni soyqırımı"dır. Yaxın iki il ərzində həm Ermənistan, həm də beynəlxalq erməni lobbisi Türkiyə və böyük ehtimalla ölkəmizə qarşı ciddi qaralama kampaniyası həyata keçirəcək. Politoloq hesab edir ki, Türkiyə də qaralama kampaniyası ilə dünya ictimiayyətinin qınaq obyektinə çevrilməmək üçün addımlar atmaq istəyir. Azərbaycan tərəfi də məsələni yaxından izləməli və Ermənistan əleyhinə işləyən hazırkı vəziyyətin onların lehinə dəyişdirilməsi istiqamətində atılacaq addımların qarşısını almalıdır.

Sevda Qurbanqızı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00