Naxçıvanda bütün sahələr üzrə inkişaf modeli tətbiq edilir- ÖZƏL
12:03 Siyasət"Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov deyib: "Dövlətimizin başçısı İlham Əliyev tərəfindən 10 mart 2026-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir. Cənab İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə də xüsusi diqqəti yönəldərək bildirdi ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir: "Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün".
O, bildirib ki, Cənab İlham Əliyevin muxtar respublikaya səfərindən sonra imzaladığı "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamda özündə mühüm hədəfləri ehtiva edir: "Belə ki, məqsəd Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etməkdir. Bunun üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manatın ayrılması nəzərdə tutulub".