Spiker Dağlıq Qarabağdan danışdı
12 Dekabr 2013 15:05 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanı Krallığı Baş İnvestisiya Qurumunun rəisi, Azərbaycanla Hökumətlərarası Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. \"OLAYLAR"İA\ Sədr qeyd edib ki,
Azərbaycan rəhbərliyi bu ölkə ilə həyatın müxtəlif sahələrində münasibətlərin dərinləşməsini daim diqqət mərkəzində saxlayır. Ölkələrimiz arasında imzalanmış sənədlər bu münasibətlərimizin hüquqi bazasını təşkil edir. Sədr Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək bu qurumun hər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verəcəyinə əminliyini ifadə edib. Sədr parlamentlərin dövlətlərarası münasibətlər sistemində oynadığı roldan söz açaraq, Milli Məclisdə fəaliyyət göstərən Səudiyyə Ərəbistanı ilə əlaqələr üzrə qrupun fəaliyyətini müsbət dəyərləndirib. Qeyd edib ki, deputatların səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən danışan spiker Azərbaycanın ən ağrılı problemi olan bu məsələnin beynəlxalq birliyin səyi nəticəsində tezliklə öz ədalətli həllini tapacağına inamını ifadə edib. Qonaq Azərbaycanın son dövrdə böyük nailiyyətlər əldə etdiyini xüsusi vurğulayaraq, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlı olduğunu bildirib.