Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir
10:22 Siyasət44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regionda bir sıra reallıqların yaranmasına imza atdı. Bu reallıqlardan biri də Naxçıvan Muxtar Respublikasının hüquqi statusu ilə bağlı atılan addım idi. Belə ki, dövlət başçısının 2022-ci il 22 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olundu. Nümayəndəlik institutunun yaradılması ilə bütün sahələrdə yeni dövrün tələblərinə uyğun olaraq iş prinsipinin qurulması, muxtar respublikanın bundan sonrakı inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsi vacib istiqamətlər kimi müəyyənləşdirildi. Dövlət başçısı tərəfindən 2026-cı il 10 mart tarixində Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir.
Ulu Öndər muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratdı
Muxtariyyətinin 99-cu ilində yeni inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan yenə də Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq gələcəyə doğru inamla addımlamağa başladı. Məlum olduğu kimi ötən əsrin əvvəllərində Naxçıvan diyarı çox çətin və mürəkkəb hadisələrlə qarşılaşmışdı. Zəngəzurun itirilməsi ilə Azərbaycandan ayrı düşmüş, erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atmışlar. Lakin qəhrəman naxçıvanlılar bölgənin işğal edilməsinə yol verməmiş, onu qoruyub saxlamış və Azərbaycanla birləşməsinə nail olmuşdular. Naxçıvanın muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsində 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycan Respublikası Konstitusiyasının mühüm rolu oldu. Konstitusiyanın 134-cü maddəsinin ilk bəndində deyilir: "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir..." Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlandı və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi. Konstitusiyanın birinci maddəsində göstərilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir". Ümummilli Lider, qüdrətli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası ilə bağlı sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib olan digər məsələlərin həyata keçirilməsi muxtar respublikanın hərtərəfli inkişafı üçün zəmin yaratmış və təmin etmişdir.
Naxçıvanın yeni inkişaf mərhələsi
Görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlət başçısının prezidentliyi dövrüdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar qədim diyarın hərtərəfli inkişafına zəmin yaratmışdır. Həyata keçirilən quruculuq tədbirləri nəticəsində Naxçıvanın bütün yaşayış məntəqələri abadlaşdırılmış, avtomobil yolları yenidən qurulmuş, muxtar respublikanın ərazisi tamamilə qazlaşdırılmış, bərpa olunan enerji mənbələrindən istifadə yaşıl enerjidən istifadənin payını artırmışdır. Naxçıvanın sosial-iqtisadi inkişafı və ölkənin ümumi inkişaf proseslərinə daha sıx inteqrasiyası daim Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı prezidentliyi dövründə dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər edib, bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Görülən kompleks işlərin nəticəsidir ki, Naxçıvan enerji idxal edən bölgədən enerji ixrac edən diyara çevrilmişdir. Naxçıvanın hərtərəfli inkişafı bu diyarı ölkəmizin ən inkişaf etmiş regionlarından biri səviyyəsinə çatdırmışdır.
Naxçıvan-TRİPP layihəsi və Zəngəzur dəhlizi
Prezident İlham Əliyevin Naxçıvana bu dəfəki səfəri Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanmış Sülh sazişinin bir illiyi dövrünə təsadüf edir. Artıq bir ildir ki, TRİPP layihəsinin reallaşması istiqamətində hüquqi-texniki işlər reallaşdırılır. TRİPP layihəsi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirməli olan nəqliyyat dəhlizidir. Bu dəhlizin reallaşdırılması üçün qarşıdakı illər ərzində Naxçıvanda çoxsaylı tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Elə bu səbəbdən də Naxçıvanın enerji təhlükəsizliyində yeni mərhələ formalaşıb, su təhlükəsizliyi üzrə genişmiqyaslı proqram təsdiq edilib, aqrar sahədə yeni model müəyyən edilib. Xüsusilə qeyd edilməlidir ki, Naxçıvanda həyata keçirilən inkişaf siyasətinin mərkəzində insan amili, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və müasir sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi dayanır. Məhz bu məqsədlə yeni sosial infrastruktur yaradılır, yolları və şəhər nəqliyyatı yenilənir. Artıq ictimai nəqliyyatın müasir və ekoloji təmiz modelə keçirilməsi istiqamətində mühüm layihə həyata keçirilir ki, bu da bölgədə məntəqələr arasında əlaqələrin asanlaşmasına şərait yaradır.
Ən əsası isə həyata keçirilən tədbirlər nəticəsində Naxçıvanın böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilməsidir. Nəzərə alaq ki, Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız Azərbaycanı Naxçıvanla birləşdirən yol deyil, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının mühüm qollarından birinə çevrilə bilər. Məhz bu amil nəzərə alınaraq dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Nəticədə Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında yeni sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi daşıyan sərəncam heç şübhəsiz ki, vətəndaşların sosial rifahından yan keçməyəcək.
Alim Hüseynli