Naxçıvan iqtisadiyyatının bərpası: Kommunikasiya xətlərinin açılması regiona nə vəd edir? – ÖZƏL
15:05 Siyasət"Naxçıvan iqtisadi cəhətdən dayanıqlı inkişaf potensialına malik bir bölgədir. Burada turizm, kənd təsərrüfatı, tikinti materialları istehsalı, səhiyyə və digər sahələr üzrə ciddi potensial mövcuddur. Lakin uzun illərdir ki, region blokada şəraitində fəaliyyət göstərir. Bunun əsas səbəbi Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsi və birbaşa quru əlaqəsinin olmamasıdır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib. Sədr bildirib ki, bu vəziyyət nəticəsində Azərbaycanın əsas hissəsindən Naxçıvana daşınan məhsullar əlavə nəqliyyat xərcləri tələb edir. Bu isə həm məhsulların maya dəyərinin artmasına, həm də yerli sahibkarlıq subyektlərinin rəqabət imkanlarının zəifləməsinə səbəb olur. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən bir sıra müəssisələrin xammalı Azərbaycanın əsas ərazisindən təmin edilir və həmin xammalın daşınması da əlavə xərclər yaradır. Turizm sahəsində də müəyyən çətinliklər müşahidə olunur. Son illərdə qonşu ölkələrlə gediş-gəliş imkanlarının məhdudlaşması turizm sektoruna da təsir göstərib. Nəticədə əvvəlki dövrlərlə müqayisədə turist sayı və turizm gəlirləri müəyyən qədər azalıb. Məhz buna görə də Naxçıvanın sosial-iqtisadi inkişafında, xüsusilə kiçik və orta biznesin inkişafı baxımından əsas məsələlərdən biri nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsidir. Gələcəkdə Naxçıvanla bağlı yeni kommunikasiya xətlərinin açılması regionun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Digər vacib istiqamətlərdən biri də qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsidir. Bu, iqtisadi fəallığın artmasına və yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər. Ölkə başçısı da Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq sərəncam imzalayıb və regiona 250 milyon manatdan çox vəsait ayrılıb. Ayrılan vəsaitin əhəmiyyətli hissəsinin nəqliyyat və infrastruktur layihələrinə yönəldilməsi də təsadüfi deyil. Çünki qeyd etdiyim kimi, kommunikasiya və nəqliyyat məsələlərinin həlli Naxçıvanın inkişafı üçün əsas şərtlərdən biridir.
Ekspertin sözlərinə görə, Naxçıvan quru meyvəçilik, meyvə-tərəvəz istehsalı, tikinti materialları sənayesi, eləcə də müxtəlif ərzaq məhsullarının istehsalı baxımından mühüm potensiala malikdir. Bu sahələr hazırda region iqtisadiyyatının əsas istiqamətlərindən hesab olunur. Gələcəkdə isə Naxçıvanın yeni iqtisadi funksiyası formalaşa bilər. Bu da onun tranzit mərkəzi kimi ön plana çıxması ilə bağlıdır. Region beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsinə çevrilərsə, həm Şimal-Cənub, həm də Şərq/Qərb istiqamətində yük daşımalarının mühüm hissəsini öz üzərindən keçirə bilər. Belə bir perspektiv Naxçıvana əlavə iqtisadi dividendlər qazandıracaq, yeni iş yerlərinin yaradılmasına, investisiyaların artmasına və regionun ümumi sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Səidə Ramazanova