Naxçıvanın enerji təhlükəsizliyi tam təmin olunub- ÖZƏL
15:04 Siyasət"Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı mətbuata verdiyi müsahibəsində Naxçıvanın inkişafı ilə bağlı həyata keçirilən layihələrə və qarşıdakı hədəflərə toxunaraq muxtar respublikanın təhlükəsizliyi, iqtisadi gücünün artırılması, enerji təminatı, sənaye potensialının genişləndirilməsi və tarixi-mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı. Prezident Naxçıvanın gələcək inkişafının Azərbaycanın dövlət siyasətinin ardıcıl və uzunmüddətli xətti üzrə davam etdiriləcəyini bildirməklə bir daha göstərdi ki, illər əvvəl müəyyənləşdirilən inkişaf strategiyası bu gün real nəticələr və yeni layihələrlə davam etdirilir". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib:
"Zəngəzur dəhlizinin yaradacağı imkanlardan danışan Prezident İlham Əliyev bu layihənin reallaşmasının Naxçıvanın nəqliyyat imkanlarını genişləndirəcəyini vurğuladı. Dövlət başçısı qeyd etdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma ilə layihənin icrasına start verilib. Azərbaycan ərazisində Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələrinin, Naxçıvan istiqamətində isə dəmir yolunun bərpası üzrə işlərin aparılması Zəngəzur dəhlizinin formalaşması üçün real infrastruktur bazası yaradır. Prezidentin açıqlamaları Naxçıvanın gələcəkdə regional nəqliyyat bağlantılarında daha fəal mövqe tutacağına dair aydın siyasi mesaj oldu. Naxçıvanın enerji təhlükəsizliyinin tam təmin olunduğunu vurğulayan Prezident İlham Əliyev artıq əsas hədəfin enerji imkanlarının genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Dövlət başçısının "artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq" fikri isə görülən işlərin növbəti mərhələsini və düzgün iqtisadi siyasətin real nəticəsini ifadə etdi. Qeyd olunanlarla yanaşı ölkəmizin başçısı Naxçıvana dəmir yolu bağlantısının bərpasında beynəlxalq tərəfdaşlığın mümkünlüyünü vurğulayaraq bildirdi ki, nəzarət paketinin Azərbaycan dövlətində qalması şərtilə beynəlxalq konsorsiumun yaradılması nəzərdən keçirilə bilər. Belə bir əməkdaşlıq modelinin reallaşması bütövlükdə regionun nəqliyyat imkanlarının genişlənməsi və yeni bağlantıların formalaşması baxımından olduqca böyük əhəmiyyət daşıyır".