Naxçıvanın kompleks inkişaf strategiyası həyata keçirilir- ÖZƏL
14:29 Siyasət"Tarixən strateji coğrafiyada yerləşən, lakin uzun illər blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikası bu gün özünün keyfiyyətcə yeni tərəqqi dövrünü yaşayır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin avqustun 11-də Naxçıvana reallaşan tarixi səfəri muxtar respublikanın təkcə sosial-iqtisadi mənzərəsini yeniləmədi, dəyişən geosiyasi reallıqlar fonunda Naxçıvanın Cənubi Qafqazın və geniş regionun mühüm nəqliyyat, logistika və enerji habına çevrilməsini bir daha təsdiq etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib:
"Səfər çərçivəsində dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən və təməli qoyulan layihələrə diqqət yetirdikdə aydın görünür ki, həyata keçirilən tədbirlər birbaşa vətəndaşlarımızın yaşam keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Muxtar respublikada nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə 200 ən müasir elektrikli avtobusun və yeni sərnişin stansiyalarının istifadəyə verilməsi ekoloji baxımdan təmiz və səmərəli nəqliyyat sisteminin qurulması deməkdir. Bu layihə vasitəsilə ildə 4,5 milyon sərnişinin daşınması nəzərdə tutulur ki, bu da sakinlərin gündəlik rahatlığını tam təmin edəcəkdir.
Bununla yanaşı, artıq Azərbaycanın beynəlxalq brendinə çevrilmiş DOST Mərkəzinin Naxçıvanda fəaliyyətə başlaması sosial xidmətlərin operativ, şəffaf və əlçatan təşkilində mühüm mərhələdir. Dövlət başçısı və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 518 mənzilli sosial evlərin, turizm potensialını artıracaq "Naxçıvan" Mehmanxana Kompleksinin və Ordubadda Su Elektrik Stansiyasının təməlinin qoyulması Naxçıvanın kompleks inkişaf strategiyasının bariz nümunəsidir".