Zeynal Əmrəliyev: İranın Xəzər Konvensiyasını ratifikasiya etməsi regional əməkdaşlıqda yeni səhifə açacaq – ÖZƏL
14:07 Siyasət2018-ci ildə imzalanan və "Xəzərin konstitusiyası" adlandırılan Konvensiyanın tam qüvvəyə minməsi yenidən gündəmdədir. Sənədi hələ ratifikasiya etməyən yeganə ölkə olan İranın prosesi tezliklə yekunlaşdıracağı gözlənilir. Konvensiyanın qüvvəyə minməsi hüquqi qeyri-müəyyənliyi aradan qaldıraraq Transxəzər qaz layihəsi kimi enerji və nəqliyyat təşəbbüslərinə yeni imkanlar açacaq. Eyni zamanda, dənizin yalnız sahilyanı 5 dövlətin təhlükəsizlik məkanı olaraq kalmasını təmin edərək region ölkələri üçün mühüm geosiyasi əhəmiyyət kəsb edəcək.
"Xəzərin hüquqi statusu ilə bağlı sənədin İran tərəfindən ratifikasiya edilməsi, şübhəsiz ki, müsbət addımdır. Bu, Xəzəryanı dövlətlər arasında əməkdaşlığın güclənməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Ekspert bildirib ki, nəzərə almaq lazımdır ki, Tehran uzun müddət bu məsələdə daha ehtiyatlı və tərəddüdlü mövqe nümayiş etdirib və ümumi razılaşmaya yaxınlaşmaqda maraqlı görünmürdü. Bu vəziyyət müəyyən mənada İranın daxili siyasi prosesləri ilə də bağlı idi. Baxmayaraq ki, həmin dövrdə Prezident Həsən Ruhani bu sənədi imzalamışdı, ölkə daxilində buna qarşı çıxan müxtəlif qüvvələr mövcud idi. Ümumiyyətlə, İranda fərqli siyasi və hərbi dairələr fəaliyyət göstərir və onların hamısı Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişlənməsini eyni şəkildə dəstəkləmir. Bəzi qüvvələr regionda daha çox gərginliyin saxlanılmasının tərəfdarı kimi çıxış edirlər. Hazırda isə müəyyən dəyişikliklərin baş verdiyini müşahidə etmək mümkündür. İranda hakimiyyət daxilində qüvvələr nisbətində dəyişikliklər baş verib. Ali dini rəhbər Ayətullah Əli Xameneinin hərbi və təhlükəsizlik strukturlarında həyata keçirdiyi dəyişikliklər də bu proseslərə müəyyən təsir göstərib. Belə bir şəraitdə İranın sənədi ratifikasiya etməyə yaxınlaşması ölkənin regional əməkdaşlığa daha müsbət yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər.
Ekspertin fikrincə, bu sənəd Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır. Xüsusilə də Transxəzər layihələrinin həyata keçirilməsi və yeni nəqliyyat, enerji və logistika imkanlarının formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda İranın Azərbaycan və digər Xəzəryanı dövlətlərlə əməkdaşlığının möhkəmlənməsinə də töhfə verə bilər. Nəzərə almaq lazımdır ki, İran regionun mühüm enerji və nəqliyyat marşrutlarından birində yerləşən dövlətdir. Bu baxımdan Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafı həm regional sabitlik, həm də iqtisadi əlaqələrin genişlənməsi üçün vacibdir. Bunun üçün isə Xəzərin hüquqi statusunun bütün tərəflər tərəfindən qəbul olunması və tam şəkildə rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan artıq Xəzərin hüquqi statusu ilə bağlı əldə olunmuş razılaşmaları dəstəkləyən dövlətlər sırasındadır. İranın da bu prosesə tam şəkildə qoşulması həm region ölkələrinin maraqlarına xidmət edər, həm də Tehranın özü üçün müsbət siyasi və iqtisadi nəticələr yarada bilər. İranın Xəzərin hüquqi statusu ilə bağlı sənədi ratifikasiya etməsi Xəzəryanı dövlətlər arasında əməkdaşlığın dərinləşməsinə, regional layihələrin inkişafına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova