Naxçıvan Azərbaycan ilə Türkiyəni birləşdirən mühüm coğrafi körpüdür- ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Naxçıvana səfərini, ilk növbədə, dövlətimizin Naxçıvana olan xüsusi diqqətinin və bu qədim Azərbaycan torpağının inkişafının dövlət siyasətində mühüm prioritetlərdən biri olduğunun növbəti nümayişi kimi qiymətləndirirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu həqiqət həm hüquqi, həm siyasi, həm də milli yaddaş baxımından dəyişməzdir. Dövlət başçısının Naxçıvana hər səfəri bu bağlılığın daha da möhkəmləndirilməsi, regionun təhlükəsizliyinin, sosial-iqtisadi inkişafının və əhalinin rifahının dövlətimizin daim diqqət mərkəzində olduğuna verilən mühüm mesajdır. Xüsusilə Naxçıvanın təhlükəsizliyinə qarşı yönəlmiş hadisələr fonunda dövlətimizin qətiyyətli mövqeyi bir daha göstərdi ki, Azərbaycanın hər qarış torpağı dövlətin güclü müdafiəsi altındadır.

Bu səfərdən Naxçıvanın sosial və iqtisadi inkişafı baxımından mühüm gözləntilər formalaşır. Əhalinin məşğulluğunun artırılması, yeni investisiyaların cəlb olunması, sahibkarlığın inkişafı, infrastrukturun yenilənməsi, müasir sosial xidmətlərin genişləndirilməsi və insanların həyat keyfiyyətinin yüksəldilməsi qarşıdakı mərhələdə əsas istiqamətlərdən olmalıdır. Naxçıvanın inkişafı yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın iqtisadi gücünün və regional imkanlarının genişlənməsi deməkdir.

Bu baxımdan nəqliyyat və kommunikasiya imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə daha sıx iqtisadi əlaqələrinin təmin olunması, tranzit və logistika imkanlarının artırılması, enerji və rəqəmsal infrastrukturun gücləndirilməsi regionun yeni inkişaf mərhələsinə keçidini sürətləndirə bilər.
Naxçıvanın gələcəyi həm də onun yerləşdiyi coğrafiyanın yaratdığı imkanlarla bağlıdır. Azərbaycan-Türkiyə qardaşlığı burada xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Azərbaycan ilə Türkiyəni birləşdirən mühüm coğrafi körpüdür və regionda yeni nəqliyyat, ticarət, enerji və logistika imkanlarının formalaşması bu strateji mövqeyi daha da əhəmiyyətli edir.

Mən hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Naxçıvan səfərinin əsas mesajı çox aydındır: Naxçıvan Azərbaycanın vahid inkişaf strategiyasının ayrılmaz hissəsidir və qarşıdakı dövrdə burada daha böyük quruculuq, sosial-iqtisadi inkişaf və yeni imkanların reallaşdırılması üçün geniş perspektivlər var.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş güclü dövlətdir. Qarabağda başladığımız Böyük Qayıdış, ölkəmizin bütün regionlarında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti Naxçıvan üçün də yeni imkanlar yaradır. Əminəm ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan qarşıdakı illərdə daha müasir, daha güclü və daha dinamik inkişaf edən bir region kimi ölkəmizin ümumi yüksəlişinə öz mühüm töhfəsini verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31