XXI əsrin ən böyük infrastruktur layihələrindən biri Ayda tikilə bilər- ÖZƏL

"Bir vaxtlar Ay sadəcə çatmaq istədiyimiz yer idi. İndi isə o, Yer kürəsindən kənarda ilk daimi iqtisadi və texnoloji məkanımıza çevrilə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: " Bəlkə də XXI əsrin ən böyük infrastruktur layihələrindən biri Yer üzündə deyil, Ayda tikiləcək. Əgər Starship planlaşdırıldığı kimi böyük həcmdə yükü birbaşa Ay səthinə çatdıra bilsə, bu, Ay missiyalarının iqtisadiyyatını tamamilə dəyişə bilər. Söhbət artıq yalnız astronavt göndərməkdən yox, yaşayış modulları, roverlər, enerji sistemləri, tikinti avadanlığı və bütöv infrastrukturun daşınmasından gedir.

Ən maraqlı mərhələ isə bundan sonra başlayır. Humanoid Robotlar Ayda insanların ən böyük məhdudiyyətlərindən birini aradan qaldıra bilər. İnsan işləmək üçün oksigenə, qidaya, skafandra, radiasiyadan qorunmağa və təzyiqli yaşayış sahələrinə ehtiyac duyur. Robot isə ilk mərhələdə yükü boşalda, avadanlığı daşıya, konstruksiyaları qura və təhlükəli işləri görə bilər.

Belə bir modeldə insanlar Ay səthinə inşaat üçün üçün deyil, artıq hazırlanmış infrastrukturu istifadə etmək üçün gedə bilərlər.Və ilk daimi baza qurulduqdan sonra onun əhəmiyyəti sürətlə artacaq: elmi tədqiqatlar, Ay resurslarının öyrənilməsi, rabitə infrastrukturu, kosmik istehsal və Marsa gedən missiyalar üçün dayaq məntəqəsi..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31